Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
26 oktyabr 2020 18:43
508

Böyrəklərimiz bizə hansı “mesajları” göndərir?

Gündəlik həyatımızın qarışıqlığı səbəbindən orqanizmimizin göndərdiyi bəzi “mesajlara” bəzən laqeyd yanaşırıq. Bəs böyrəklərimiz bizə hansı mesajları göndərə bilər?

 Yuxu problemi

 Böyrəklər düzgün işləmədikdə toksinlər sidiklə atılmır və bu səbəbdən yuxuya getmək çətinləşir. Xroniki böyrək xəstəliyi olan insanlar yatarkən nəfəsalmada ciddi problemlərlə qarşılaşırlar, bir neçə saniyədən bir dəqiqəyə qədər nəfəs darlığı baş verir və güclü xorultu şikayətləri yaranır.

 Baş ağrısı, yorğunluq və ümumi zəiflik

 Sağlam və düzgün işləyən böyrəklər orqanizmdəki D vitaminini sümükləri qorumağa və Eritopoietin  adlı bir hormon istehsalına yönəldirlər. Bu hormon qırmızı qan hüceyrələrinin yaranmasında önəmli rol oynayır. Böyrəklər düzgün işləmədikdə daha az Eritopoietin hasil edilir. Qırmızı qan hüceyrəsinin azalması əzələlərin və beyinin tez yorulmasına səbəb olur.

 Böyrək xəstəliyi olan insanlarda çox vaxt anemiya da olur. Fol turşusu ilə zəngin qidalar yeməklə anemiyanın qarşısını ala bilərsiniz.

Yetərincə dincəlib, yatmağınıza baxmayaraq, ümumi zəifliyiniz varsa, vaxt itirmədən həkimə müraicət etməlisiniz.

 Quru və qaşıntılı dəri

 Sağlam böyrəklər qandakı zəhərli maddələri toplayaraq xaric edir və qırmızı qan hüceyrələri yaratmağa kömək edirlər.

 Qaşıntılı və quru dəri böyrəklərin mineralları  və faydalı maddələri düzgün paylaşdıra bilməməsi siqnalını verir. Dəriniz quruyursa və qaşınırsa mütləq çoxlu su içməyə çalışın.

 Ağız dadında dəyişiklik

 Qandakı zərərli maddələr atılmadıqda yeməklər də dadını dəyişir və ağızda metal tamı kimi bir dad əmələ gəlir. Çətin nəfəs almaq qan dövranında toksinlərin artmasına səbəb olur. Bu zaman iştah azala bilər və səbəbsiz arıqlama baş verir.

 Nəfəs darlığı

 Böyrək xəstəliyi ilə nəfəs darlığı bir-biriylə əlaqəlidir. Böyrəklər düzğün işləmədikdə vücuddakı artıq maye ağciyərlərə dolur. Anemiya da digər tərəfdən orqanizmi oksigensiz buraxır və nəticədə nəfəs darlığı yarana bilir.

Ayaq və əllərdə şişmə

 Düzgün çalışmayan böyrəklər, ayaqlar və əllərdə şişməyə səbəb olur.  Bədənin bu hissələrində olan şişlər ürək və qaraciyər xəstəliklərinin və ya ayaq problemlərinin də göstəricisi ola bilər.

 Bəzən yeməklərdə duzu azaltmaq şişin azalmasına səbəb olur. Kömək etməzsə, müalicəyə ehtiyac vardır.

 Bel ağrısı

 Böyrək problemləri beldə və qasıq nahiyəsində ağrılar yaradır. Bel, qasıq və ayaqda ağrı zamanı dərhal böyrəklərə diqqət yetirilməlidir. Böyrək problemləri zamanı qusma, yüksək temperatur kimi əlamətlər də müşahidə edilə bilər. Ona görə də bel ağrısı zamanı ağrıkəsici həblər işə yaramırsa, qısa zaman ərzində həkimə müraciət edilməlidir.

 Gözlərdə şişkinlik

 Göz ətrafında şişlik sidikdə görünən proteinin ilkin göstəricisidir. Şiş gözlər böyrəklərinizin sidiyə çox miqdarda protein sızdırması və onun vücuda yayılmasının nəticəsidir.

 Yüksək qan təzyiqi

 Qan dövranı ilə böyrəklər bir-biri ilə sıx əlaqəlidir. Böyrəklərin artıq mayeni və zərərli maddələri qanda filtr edən kiçik nefronları vardır. Qan damarlarında problem olduqda bu filtrləmə də düzgün baş vermir və nəticədə böyrək çatışmazlığının əsas göstəricilərindən biri kimi yüksək qan təzyiqi yaranır.

 Sidikdə dəyişikliklər

 Böyrəklər sidik və digər ifrazatların toplanıb xaric edilməsində böyük rol oynayır. Sidiyin rəngi, qoxusundakı dəyişikliklərə diqqət yetirilməlidir. Xüsusilə gecə boyunca sidik ehtiyacı artarsa, sidikdə qan görsənərsə onun tərkibində protein artmış ola bilər. Gün ərzində 4-10 dəfə arasında sidik ifrazı normaldır. Bu normadan artıq və əksik olarsa, həkimə müraciət etməlisiniz.

Nubar Süleymanova, “İki sahil”