23 sentyabr 2019 19:34
2313

Böyük fenomen-akademik AZAD MİRZƏCANZADƏ

Tanınmış alim, “Nanoelm və nano texnologiyalar” sahəsində UNESKO mükafatı laureatı, Ukrayna Neft-Qaz Akademiyasının həqiqi üzvü, Rusiya Təbii Elmlər Akademiyasının üzvü, “Neftqazelmitədqiqatlayihə” İnstitutu direktorunun müşaviri, texnika elmləri doktoru, professor Eldar Şahbazovun və “Nanoelm və nanotexnologiyalar” sahəsində UNESKO mükafatı laureatı, Rusiya Təbii Elmlər Akademiyasının üzvü “Neftqazelmitədqiqatlayihə” İnstitutunun “Qazma və sement məhlulları” laborotoriyasının müdiri, texnika elmləri doktoru Elçin Kazımovun birgə yazdıqları” Akademik Azad Mirzəcanzadə-neft elminin fonemeni” monoqrafiyası bu gün Azərbaycan ictimaiyyətinin böyük marağına səbəb olub.

Mübaliğəsiz demək olar ki, akademik, Azərbaycan elminin inkişafında misilsiz xidmətlər göstərən, bütün dünyada tətbiqi mexanika və neft-mədən işləri sahəsində qiymətli araşdırmaları ilə böyük şöhrət qazanan, neft və qaz mədən mexanikası, texnikası, texnologiyası və işlənməsi üzrə fundamental elmi istiqamətlərin banisi Azad Mirzəcanzadənin həyat və yaradıcılığından bəhs edən, üç dildə nəşr olunan bu monoqrafiya qısa müddətdə özünə geniş oxucu auditoriyası toplaya bilib.

Professor, MDB, Avropa və ABŞ-da dərc olunan 170-dən çox əsərin, məqalənin və monoqrafiyaların müəllifi, professor E.Şahbazov və 125 elmi əsərin, 15 patentin müəllifi, texnika elmləri doktoru E.Kazımovun birgə müəllifliyi ilə işıq üzü görən monoqrafiyada böyük korifeyin həyat və yaradıcılığına aid məqamlar yığcam məqalələrlə təqdim edilir, onun bəşəri əhəmiyyətə malik həyat fəlsəfəsindən parçalar, alim haqqında xatirələr, zəngin bioqrafiyası Azərbaycan, rus və ingilis dillərində böyük məharətlə oxucuya çatdırılır. Gərgin əməyin bəhrəsi olan monoqrafiyanın böyük maraq doğuran ictimai, fəlsəfi və elmi məzmunu onun bugünümüz, müasirlərimiz üçün aktuallağını daha da artırır.

XX-XXI əsrlərin dahi Azərbaycan alimi, tətbiqi mexanika və neft-mədən işləri üzrə bir sıra yeni istiqamətlərin banisi, zəngin elmi irsə malik, neft-mədən mexanikasının nəzəri və praktik əsaslarının yaradıcısı olan Azad Mirzəcanzadənin elmi- fəlsəfi dünyası da, əslində böyük tədqiqat obyektidir. Bu mənada dahi alimin həyat və yaradıcılığına həsr olunan, elmi-publisistik aspektlərdən qələmə alınan bu məcmuənin ilk çap versiyası 1998-ci ildə işıq üzü görsə də, müəlliflərin qeyd etdikləri kimi, əsərin yeni redaktədə qələmə alınmasına, Azərbaycan, rus və ingilis dillərində geniş oxucu kütləsinə çatdırılmasına böyük ehtiyac yaranıb.

Universal zəka sahibi, akademik A.Mirzəcanzadə böyük Azərbaycan xalqının dünya sivilizasiyasına bəxş etdiyi dühalardandır. Yüzlərlə elmi əsərin, ixtira və patentin müəllifi, elmlər doktorları və elmlər namizədlərinin elmi rəhbəri olan Azad Mirzəcanzadə özünün elmi fəaliyyətində neft və qazçıxarma proseslərinin qlobal optimallaşdırılmasına, quru və dəniz neft-qaz yataqlarının işlənilməsinin dinamik metodlarının hazırlanıb, tətbiq edilməsinə, elmi yaradıcılığının son dövrlərində isə neft sənayesində nanotexnologiyaların tətbiq olunması ideyasına nail olaraq dünya neft elminə layiqli töhfələr vermişdir. Akademik A.Mirzəcanzadə maye və qazların süzülməsində başlanğıc təzyiqlər qradiyenti nəzərə alınmaqla qanun, məsaməli mühitdə qazkondensat sistemlərinin süzülməsi və özlü-plastik mayelərin hərəkətlərini təsvir edən differensial tənlik, süzülmənin reaksiya qanununu təklif etməklə qazkondensat sistemləri və qeyri-nyuton neft yataqlarının işlənməsinin nəzəri əsaslarının yaradılmasına və geniş tətbiqinə yol açmışdır. Quyuların qazılması, neft-qaz yataqlarının işlənməsi və neftin nəqlinin iş rejimlərinin tənzimlənməsi üçün müxtəlif fiziki sahələrin təklif olunması və tətbiqi də məhz akademik A.Mirzəcanzadə fenomeni ilə bağlıdır.

Doğrudan da dünya şöhrətli alimin ömrü əsl keşməkeşli, maraqlı və heyrətamiz həyat nümunəsidir. Azad Mirzəcanzadə 1928-ci il sentyabrın 29-da Bakıda dünyaya göz açıb. Atası Xəlil kişi Cənubi Azərbaycanın Sərab şəhərindən, anası Asiya xanım isə xan nəslindən idi. Böyük alim hər zaman valideynlərinin xatirəsini uca tuturdu.

XIX əsr görkəmli fransız yazıçı-dramaturqu Onore de Balzak deyirdi ki, “Biliyin ağası olmaq üçün zəhmətin köləsi olmaq lazımdır”. Bəli, Azad Mirzəcanzadə zəhmətin köləsi olduqca, necə deyərlər, biliklərin ağası oldu və elmin ən yüksək zirvələrini fəth etdi. Olduqca böyük və zəngin həyat yolu keçən, ekstern yolla imtahan verərək məktəbi 15 yaşında bitirən, ali təhslini Azərbaycan Sənaye İnstitutunun neft-mədən fakültəsində alaraq dağ mühəndisi ixtisasına yiyələnən A.Mirzəcanzadə 23 yaşında elmlər namizədi, 29 yaşında elmlər doktoru, 34 yaşında Azərbaycan Respublikası Elmlər Akademiyasının müxbir üzvü, 40 yaşında isə həqiqi üzvü seçilib.

Elmi sonsuz məhəbbətlə sevən Azad Mirzəcanzadə 1948-1958-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Neft İnstitutunda və Neft Ekspedisiyasında əvvəlcə baş laborant, kiçik elmi işçi kimi çalışır. Daha sonra isə Azərbaycan Neft Sənayesi Nazirliyi nəzdində Elmi-Tədqiqat Neftçıxarma İnstitutunda, həmçinin SSRİ Elmlər Akademiyasının Mexanika Problemləri İnstitutunda laboratoriya müdiri olur. 1959-cu ildən ömrünün sonunadək Azərbaycan Dövlət Neft Akademiyasında kafedra müdiri kimi fəaliyət göstərib.

Akademik Azad Mirzəcanzadə dünyanın yeganə alimlərindəndir ki, 60 illik elmi fəaliyyəti ərzində 100-ə yaxın elmlər doktoru, 300-dən çox elmlər namizədi yetişdirib. Dahi alimin elmi irsində dünyanın nüfuzlu jurnallarında çap olunmuş 500-ə yaxın elmi məqaləsi, 100-ə yaxın monoqrafiya, dərslik, dərs vəsaiti, 50 ixtirası və elmi kütləvi əsərləri də xüsusi yer tutur.

Böyük alim, görkəmli pedoqoq, ensiklopediyaçı və erudit, akademik A.Mirzəcanzadənin elm qarşısında misilsiz xidmətləri istər Sovet İttifaqı zamanında, istərsdə Azərbaycanın müstəqillik illərində layiqincə qiymətləndirilmişdir. O, 1959-cu ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə “Şərəf Nişanı” ordeni, 1966-cı ildə “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif olunmuş, 1970-ci ildə Azərbaycan SSR Elm və Texnika xadimi fəxri adına, 1975 və 1986-cı illərdə Azərbaycan Dövlət Mükafatı laureatı, 1986-cı ildə SSRİ Nazirlər Sovetinin mükafatlarına layiq görülmüşdür. Görkəmli alim 1982-ci ildə ikinci dəfə “Qırmızı Əmək Bayrağı” ordeni ilə mükafatlandırılmışdır. Sonrakı illərdə neftçıxarma sahəsindəki xidmətlərinə görə üç dəfə İ.Qubkin adına mükafata layiq görülmüşdür.

A.Mirzəcanzadə 1998-ci ildə Azərbaycanın “İstiqlal” ordeni ilə təltif olunmuşdur. Böyük alim 2010-cu ilin sentyabrında UNESCO tərəfindən neft sənayesində nanotexnologiyaların işlənib hazırlanması və tətbiqi sahəsində nailiyyətlərinə görə üzərində “Nanoelmin və nanotexnologiyaların inkişafında xidmətlərinə görə” sözləri həkk olunmuş medala layiq görülüb.

Ulu öndər Heydər Əliyevin akademik A.Mirzəcanzadənin 75 illiyi ilə bağlı təbrik məktubunda deyirlirdi: “Dünyanın bir çox dillərində çap olunmuş əsərləriniz və nüfuzlu beynəlxalq konfranslardakı çıxışlarınızla, Siz, Azərbaycan elmini ləyaqətlə təmsil etmisiniz, Respublikamız və çoxsaylı xarici ölkələr üçün hazırladığınız kadrlar haqlı olaraq fəxr edirlər ki, Sizin tələbələrinizdirlər”.

Prezident İlham Əliyevin akademik Azad Mirzəcanzadənin 90 illik yubileyi haqqında imzaladığı Sərəncamda bildirilirdi ki, tətbiqi mexanika və neft-mədən işləri üzrə bir sıra yeni istiqamətlərin banisi, zəngin elmi irsə malik akademik Azad Mirzəcanzadə neft-qaz sənayesinin aktual problemlərinin həllinə dair çox sayda qiymətli tədqiqatları ilə Azərbaycan elminə mühüm nailiyyətlər qazandırmış və böyük şöhrət gətirmişdir.

Zəngin biliyi, fitri istedadı, dərin zəkası, iti yaddaşı ilə böyük elmi nailiyyətlər əldə edən akademik A. Mirzəcanzadə, həm də görkəmli elm və təhsil təşkilatçısı idi. Azad Mirzəcanzadə elmi-pedaqoji fəaliyyəti ilə yanaşı, elmin təşkili və idarə olunması prosesində fəal iştirak edirdi. Belə ki, A. Mirzəcanzadə “Neft və qazın geotexnoloji problemləri və kimya” Elmi-Tədqiqat İnstitutunun, Beynəlxalq Şərq Neft Akademiyasının, AMEA Riyaziyyat və Mexanika İnstitutunda Neft və qazın qeyri-xətti mexanikası şöbəsinin və Moskva Dövlət Universitetində mexanikanın problemləri laboratoriyasının yaradıcısı olmuşdur. Onun təklifi ilə “İdarəçilikdə riyaziyyat” fənni Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasında tədris planına daxil edilmişdir.

Müstəqilliyimizin ilk illərindən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri vəzifəsinə təyin edilən akademik A.Mirzəcanzadə 1992-2001-ci illərdə Azərbaycanın Dövlət Elm və Texnika Komitəsinə rəhbərlik etmişdir.

Orta təhsilə xüsusi önəm verən, onu elmin, biliyin və tərbiyənin təməli hesab edən böyük pedaqoq-alim A.Mirzəcanzadənin təşəbbüsü ilə 1989-cu ildə Bakı şəhərində Hacıbəy Mahmudbəyov adına lisey, 1998-ci ildə isə Xətai rayonunda 147 nömrəli texniki-humanitar təmayüllü lisey fəaliyyətə başlayıb.

Azərbaycan neft elminin patriarxlarından olan görkəmli alim, akademik, SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə yazır ki, akademik A.Mirzəcanzadənin elmi tədqiqatları Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin inkişafında xüsusi rol oynamışdır: “Azad Mirzəcanzadənin uzun illər SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutunda rəhbərlik etdiyi və daimi fəaliyyət göstərən elmi seminarlarda minlərlə alim, istehsalatçı-neftçi iştirak etmişdir. Bu elmi seminarlarda geologiya, geofizika, işlənmə, hasilat, neftçıxarmanın texnikası və texnologiyası məsələlərinə həsr olunmuş məruzələr dinlənilmişdir”.

Böyük alim, akademik A. Mirzəcanzadə 2006-cı il iyulun 17-də, həyatda ən çox sevdiyi bacısı İradə xanımın ölümündən bir il sonra 77 yaşında gözlərini həyata əbədi olaraq yumur.

Monoqrafiyanın “Biz akademik Azad Xəlil oğlu Mirzəcanzadənin tələbələri olmağımızdan qürur duyuruq” sonluğu ilə bitən “Müəlliflərdən” bölməsində qeyd edilir ki, dünya şöhrətli alim, akademik Azad Xəlil oğlu Mirzəcanzadə böyük Azərbaycan xalqının dünya sivilizasiyasına bəxş etdiyi elə dühalardandır ki, onun dəst-xətti, fəlsəfi baxışları, düşüncələri bu gün də yaşayır və böyüklüyü-dahi alimin dünyasını dəyişməsindən sonra da ideyalarının çiçəklənməsində və inkişaf etdirilməsindədir.

Müəlliflər qeyd edirlər ki, görkəmli elm adamının dünyasını dəyişməsindən sonra Azərbaycanda Azad Mirzəcanzadə məktəbinin yeni qolu yarandı və bu günə qədər də öz inkişaf mərhələsini keçməkdədir. Neft sənayesində nanotexnologiyaların yeni bir səviyyəyə qalxması məhz Azad Mirzəcanzadə ideyalarından bəhrələnmişdir.

A.Mirzəcanzadə Azərbaycan iqtisadiyyatının müasir mərhələdə dinamik inkişafı üçün zəruri olan yüksək ixtisaslı elmi kadr resurslarının yaradılmasının fəal iştirakçılarından idi. Vaxtilə SSRİ-nin ən nüfuzlu nəşrlərindən olan “İzvestiya” qəzetinin 1968-ci il 22 avqust tarixli nömrəsində yazılırdı: “Onun diapazonu heyrət doğurur. Azad Mirzəcanzadənin yetişdirmələri arasında geologiya-mineralogiya və fizika-riyaziyyat elmləri namizədləri, energetiklər, neftçilər, inşaatçılar vardır”

Qəlbi xeyirxahlıqla döyünən akademik Azad Mirzəcanzadə elmi məktəbinin yetirmələri bu gün ölkəmizdə və onun hüdudlarından kənarda neft sənayesinin ən müxtəlif sahələrində uğurla çalışırlar. Monoqrafiyanın “Akademik A.X.Mirzəcanzadə şagirdlərinin gözü ilə” bölməsində bu böyük alimin şagirdlərinin-məsləkdaşalarının həm respublikamızda, həm də onun hüdudlarından kənarda yaşayıb-yaradan tələbələrinin xatirələri bir daha sübut edir k, Azərbaycanın böyük oğlu, dahi insan, öz fəlsəfi dühası, fitri istedadı və ensiklopedik biliyi ilə tələbələrinin, bütövlükdə hər bir azərbaycanlının qəlbində yaşayır. Bu bölmədə professor Ələkbər Süleymanov, professor İ.M.Ametov, akademik A.Kinzikbeyev, professor Eldar Şahbazov, AMEA-nın müxbir üzvü Elmira Ramazanova, geologiya-minerologiya elmləri doktoru, respublikanın Əməkdar mühəndisi Ü.Mehdiyev, AMEA-nın müxbir üzvü T.Ş.Salavatov, akademik Əhəd Canəhmədov bu dahi alimlə bağlı yaddaşlardan silinməz xatirələrini bölüşərək onun zəngin, bənzərsiz həyat və yaradıcılığı ilə bağlı maraqlı anları yada salıblar.

Monoqrafiyanın ən maraqlı bölmələrindən biri də “Azad müəllimin xatirələrindən”dir. Bu xatirələri oxuduqca böyük alimin keçdiyi mənalı, zəngin və bənzərsiz həyat yoluna, onun geniş erudisiyasına, elmi-fəlsəfi, riyazi-poetik təfəkkürünə sözün həqiqi mənasında heyrətlənməmək olmur.

Azərbaycanın görkəmli elm fədaisi, akademik Azad Xəlil oğlu Mirzəcanzadənin ömür yolu və zəngin yaradıcılığından bəhs edən, nəfis şəkildə və yüksək poliqrafik tərtibatla çap olunan, bu günlərdə Azərbaycan Yazıçılar Birliyində təqdimatı keçirilən monoqrafiya ictimaiyyətimiz tərəfindən çox haqlı olaraq Azərbaycan elmşünaslığına böyük töhfə kimi dəyərləndirilir.

Məhəmməd Peyğəmbərin (s.ə.s.) hədislərinin birində deyilir: “Bir insanın qiyməti onun elmi, biliyi qədərdir”. Bu gün qətiyyətlə deyə bilərik ki, akademik Azad Xəlil oğlu Mirzəcanzadənin zəngin elmi irsi nəinki Azərbaycanın, eləcə də dünya elm xəzinəsinin ən qiymətli incilərindəndir. Bu qiymətli irsi qorumaq, onu təbliğ edərək indiki və gələcək nəsillərə çatdırmaq isə əsl zəka, vəfa və qədirşünaslıq nümunəsidir.

Bu baxımdan inanırıq ki, tanınmış alim, professor E.Şahbazovun və texnika elmləri doktoru E.Kazımovun birgə qələmə aldıqları, gərgin əməyin, böyük zəhmətin bəhrəsi olan bu monoqrafiyada Vətənə, xalqa sədaqətlə, elmə şərəflə xidmət edən, əsl alim-vətəndaş nümunəsi olan “Mənim arzum özümdən sonra məndən çox bilən, öz işini sevən professionallar yetişdirməkdən ibarətdir” deyərək hələ sağlığında ikən özünə əbədi abidə ucaldan Azad Mirzəcanzadənin əziz xatirəsinə əvəzsiz töhfə olan və geniş oxucu kütləsi tərəfindən maraqla qarşılanan “Akademik Azad Mirzəcanzadə - neft elminin fenomeni” monoqrafiyası hər bir azərbaycanlının stolüstü kitabına çevriləcək.

Zahid Rza, “İki sahil”