30 noyabr 2020 21:55
1139

Böyük Zəfər qazandın, ay Vətən, gözün aydın!..

Vətən müharibəsi – 44 günlük döyüşlər başa çatdı. Azərbaycan Ordusu qələbə qazandı. Dünyanın hərbi ekspertlərini də heyrətləndirən bu möhtəşəm Qələbəylə qəhrəmanlıq tarixi yazıldı, qəhrəmanlıq tarixi kimi yaşadılacaq da...

Vətən müharibəsində döyüşənlərin döyüşə sevgisini – döyüş əzmini, qələbə ruhunu sərkərdə qətiyyəti kükrətmişdi: “Heç bir qüvvə bizi dayandıra bilməz. Heç bir qüvvə Azərbaycan xalqının iradəsi qarşısında duruş gətirə bilməz...”.

Hər döyüş Böyük Tarixin – dünyəvi tarixin bir hissəsini yazırdı. Döyüşçülər illərin sıxıntılarını sonlandırmaq, həsrəti sovuşdurmaq üçün döyüşürdü, erməniliyin söndürdüyü ocaqların alışması üçün döyüşürdü, azərbaycançılığın bəşəri işığın can köynəyinə dönməsi üçün döyüşürdü...

Döyüşə-döyüşə qələbələr qazanıldı...

Mayor Niyaməddin Əhmədov 45 gün əvvələ kimi düşmənin dayaq məntəqələri, dayaq məntəqələrinin o tərəfi olan ərazilərdən dövlət sərhədlərimizə sarı baxır, döyüşlərin ilk gününü – son 28 il niyyətimizin möhür daşı olan günü, düşmənin nizamını pozan günü, azərbaycançılığın bayraqlaşdığı günü xatırlayır:

–Bizdən əvvəl xidmət edənlər də o üzə burdan baxmaq üçün döyüşməyi arzulayıb, biz də arzulayırdıq. Vətən müharibəsi başlayanda əsgərlərimizin yüksək döyüş əzmi, qələbə ruhu bir zabit kimi mənim ürəyimi dağa döndərmişdi. Döyüşə coşqu ilə başlamağın qələbələrlə nəticələnəcəyinə mən də əmin idim, komandirlərim də əmin idi. Gözəl ovqat idi. Əsgərlərə dedim ki, sizin qələbə qazanacağınıza inanıram, bu inam həm də komandanlığın inamıdır, Vətənin inamıdır. Əsgərlərimizin baxışlarında qələbə işığı görmüşdüm.

Döyüşlər başladı. Düşmən inadkarlıqla müdafiə olunmağa çalışsa da, buna gücü çatmırdı. Ordumuzun düşmənin müdafiə səddini yarması qələbələrimizin başlanğıcı oldu. Neçə-neçə strateji yüksəklik, yaşayış məntəqəsi işğaldan azad edildi. Azərbaycan Ordusunun döyüşlərdə qazandığı qələbələr düşməni vahimələndirdi, qorxutdu. Düşmənin dayaq məntəqələri dağıldıqca, mövqelərdən sıxışdırıldıqca əsgərləri də, zabitləri də silah-sursatı, döyüş texnikasını atıb qaçırdı...

–Qazanılan qələbələr, bu qələbələrin ictimaiyyətdə yaratdığı yüksək coşqu əsgərlərin də, zabitlərin də yüksək döyüş əzmini, qələbə ruhunu daha da yüksəldirdi. Bu ruh Vətən müharibəsi kimi davam edən döyüşləri qələbə ilə başa çatdırmaq istəyi idi. Bu istək hər birimizin həm hərbçi borcumuz idi, həm də vətəndaşlıq borcumuz. Döyüşlərdə yüngül yaralananlar da olurdu. Onlar qısamüddətli müalicəyə də getməkdən imtina edirdi, “Son nəfəsiməcən döyüşəcəm, qələbəyəcən döyüşəcəm”, – deyirdi. Bu ruh əsl qələbə ruhu idi, döyüşlərə bu ruhla gedirdik...

Baş əsgər Elşən Cəfərli əsgər yoldaşının dediklərini döyüşlərin nəticələriylə hərbçi heysiyyətini, həbçi hesiyyətiylə qoşalaşan vətəndaş qürurunu ifadə edən kəlmələrlə tamamlayır:

– 28 il müdafiəsini möhkəmləndirən, onu keçilməz sədd adlandıran düşmən Azərbaycan Ordusunun hücumunun qarşısında dayana bilmədi. Düşmənin müdafiə səddi dağıdıldı. Komandirimiz dedi ki, bu, düşmənin döyüş əzminə güclü təsir göstərib. Düşmənin müdafiə döyüşlərində çəkinə-çəkinə döyüşməsi, dayaq məntəqələrinin dağıdılması, mövqelərindən geri çəkilməyə məcbur olması Vətən müharibəsində kimin güclü, kimin zəif olduğunu təsdiqləyirdi. Şuşanın işğaldan azad edilməsi Vətən müharibəsində düşmənin ən ağır məğlubiyyəti oldu.

Əsgər Nurlan Salehov deyir ki, Vətən müharibəsində əsgərlər də, zabitlər də mərdliklə döyüşdülər, müharibəni qəti qələbə ilə başa çatdırmaq üçün döyüşdülər. Şəhidliyin qəhrəmanlıq, qəhrəmanlığın qələbə olduğunu bilib döyüşdülər. Əsgər xidmət yoldaşı Tariyel Əhmədovun sentyabrın 28-də döyüşdən əvvəl dediyi “Nə gözəl səhər açılır!” sevincini xatırladır. “Onda qət etdik ki, xalqımızın ən gözəl səhərləri döyüşlərlə açılacaq, yəni o səhərləri xalqımıza Azərbaycan əsgəri yetirəcək”, – deyir. Nurlanın fikrini baş əsgər Elşən Cəfərli tamamlayır:

–Vətən müharibəsində hər qələbə əhəmiyyətlidir. Mən də, döyüşçü yoldaşlarım da təkcə özümüzün iştirak etdiyimiz döyüşləri deyil, yaşayış məntəqələrini işğaldan azad edən digər döyüşləri də böyük sevinclə qarşılayırdıq. Qələbələri döyüşə-döyüşə yaşamaq hər birimizə sonsuz qürur verirdi.  

Mayor Niyaməddin Əhmədov döyüşçülərin mənəvi kamilliyindən, həm döyüşlər ərəfəsində, həm də döyüşlərdə döyüş əzmindən, qələbə ruhundan danışır:

–Əsgərlərimizdən biri gəncəlidir. Gəncəyə raket atılanda  özü xəbər tutana kimi onun ailəsi ilə maraqlandıq. Salamatçılıq olduğunu biləndə, mənim ona xəbər çatdıranda onun səssiz sevincini heç zaman unutmayacam. Gəncəli əsgər təmkinlə “Komandir, mənim dünyaya gəldiyim şəhər Gəncədir, Vətənim Azərbaycandır. Bu gün döyüşdüyüm bölgə  mənə Gəncədir. Əsgər yoldaşlarım da mənim kimi düşünür...”. Əsgəri köksümə sıxmışdım.

 –Vətən müharibəsi qələbəmizlə başa çatdı. Torpaqlarımız işğaldan azad edildi, ərazi bütövlüyümüz bərpa olundu. Bu, xalqla ordunun birliyinin, xalqın sərkərdənin ətrafında sıx birliyinin, hərbi qulluqçuların yüksək döyüş və mənəvi-psixoloji hazırlığının nəticəsidir, – deyirəm.

Əsgər Mətin Ələkbərli düşündürücü bir məqama toxunur:

–Tanıdığım qaçqınların yurd həsrətini mən də duyurdum. Vətən həsrətinin nə olduğunu bəlkə o vaxtlar dərk etmişəm. Mənimlə yaşıd olanlar atalarının xatirələrindən söz açanda mən də qəhərlənirdim. Yəni qaçqınların nisgili mənə də yad deyildi.

Sentyabrın 27-də Ermənistan hücum etdi.

Komandirimiz bizə dedi ki, əks-hücum Vətən müharibəsinin başlanğıcıdır. Biz də cəsarətlə döyüşürdük. Komandirlərimiz məlumat kimi bildirdi ki, artilleriyaçılarımızın son dərəcə dəqiq atışları düşmənin dayaq məntəqələrini, mövqelərini darmadağın edib, düşmən yüzlərlə döyüş texnikası, artilleriya qurğuları, minlərlə canlı qüvvə itirib, indi ordumuzun hücumlarının qarşısında dayana bilmir. Bu, bizim qələbə ruhumuzu daha da kükrətdi...

Baş əsgər Mətin Ələkbərli deyir ki, hərbi xidmətimi başa çatdırdım, ordu sıralarından tərxis olundum. Ancaq ürəyim məni əsgər yoldaşlarımın yanına çəkirdi, ürəyim yenə ordu ilə, səngərlərdə döyüş növbətçiliyi aparan əsgərlərlə döyünürdü. Yenidən hərbi xidmətə qayıtmaq, qələbə döyüşündə iştirak etmək istəyirdim. Düşüncələrimə çökən bu istək ömrümün axarını dəyişdi. Yenidən ordu sıralarına qayıtdım. İndi müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusuyam. Aradan illər keçəndən sonra, məhz indi qürurlanıram ki, nə yaxşı o istək ömrümün axarını dəyişib...

Baş əsgər Elşən Cəfərli döyüşəqədərki məqamlardan söz açır:

–Həqiqi hərbi xidmətdə olanda komandirimizə deyərdik ki, torpaqlarımızı işğaldan azad edəcək döyüşlərin iştirakçısı olmaq istəyirik. Komandirimiz “Bu, hamımızın istəyidir. Vaxtında döyüş əmri də veriləcək, döyüşəcəyik də, qələbə də qazanacağıq. Belə istəyə, belə döyüş əzminə görə sağ olun”, – deyərdi...

Şuşanın işğaldan azad edildiyi günü hamı kimi mən də heç zaman unutmayacam. Nə gizlədim, bütün hərbi qulluqçular kimi mən də Şuşa uğrunda gedən döyüşlərin iştirakçısı olmaq istəyirdim. İndi, bu möhtəşəm qələbənin sevinci içindəykən mənə elə gəlir ki, döyüşənlərin,  bu qələbəni qazananların sırasında biz də olmuşuq. Bu qələbə hamımızın qələbəsidir. Şuşa uğrunda gedən döyüşlər, Şuşanın işğaldan azad edilməsi Vətən müharibəsində düşmənə məğlubiyyətini etiraf etdirən döyüş oldu...

Əsgər İbrahim Qulamov:

– Birinci Qarabağ müharibəsi haqqında məktəbdə müəllimlərimizdən, evdə valideynlərimizdən eşitmişik, kitablardan oxumuşuq. Müharibə haqqında təəssüratlarımız belə yaranıb. Ermənilərin törətdikləri cinayətlər bizi də çox hiddətləndirirdi. Tarix müəllimimiz erməni vəhşiliklərindən danışanda çoxumuz kövrəlirdik. Onda müəllimlərimiz deyirdi ki, Azərbaycan əsgəri bunların hamısının qisasını alacaq. Ən böyük qisas torpaqlarımızın işğaldan azad edilməsi olacaq. Dünya bu qisasa tarixi qisas deyəcək. O illərdə hərbi xidmətdə olan əsgərlərimizə həsəd aparırdıq, “Tarixi qisası onlar alacaqlar” deyirdik. Ona görə tez böyümək, hərbi xidmətə tez getmək istəyirdik. Hərbi xidmətə də bu istəklə başladıq.

Döyüşlər başlayan gün orta məktəbdə oxuyanda, hərbi xidmətdə döyüş növbətçiliyi aparanda arzuladığımız  gün idi. Neçə illərdən bəri ürəyimizdə qalan istəyi gerçəkləşdirmək, tarix müəllimimizin dediyi kimi, tarixi qisas almaq üçün döyüşürdük.

Əsgər Emil Əsgərov:

–Müharibədə qazanılan qələbə həmişə döyüşçülərin qələbə ruhunu yüksəldib. Coşqunluqla döyüşürdük. Bilirdik ki,  qazanılan hər mövqe qələbəsi son qələbə üçündür. Strateji əhəmiyyətli yüksəkliklər, kəndlər, qəsəbələr, şəhərlər azad edildikcə özümüzü Şuşaya, Cıdır düzünə aparan yolda hiss edirdik.

Bu sərin payız günündə, ruhumuzun fəsili dediyimiz fəsildə əsgərlərin məzmunlu baxışlarından oxunanları şükranlıq bilirəm: Böyük Zəfər qazandın, ay Vətən, gözün aydın!..

Rəşid Faxralı