01 dekabr 2020 20:57
398

Böyük zəfərimiz Ermənistanı böyük siyasi xaosa sürüklədi - Elmar Kərimov

İkisahil.TV-nin bugünkü müsahibi YAP Ağstafa rayon təşkilatının sədr müavini Elmar Kərimovdur

 

-Elmar müəllim, 44 gün davam edən İkinci Qarabağ müharibəsində Azərbaycan əsgəri düşməndən üstün olduğunu bütün dünyaya sübut etdi. Bu gün Azərbaycan cəmiyyəti qələbə sevincini yaşayır. Bununla bağlı sizin fikirlərinizi bilmək istərdik...

- Müzəffər Azərbaycan Ordusu Ali  Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı Ermənistanın işğalçı silahlı qüvvələrindən azad etmək kimi müqəddəs vəzifəni şərəflə yerinə yetirdi. Rəşadətli Ordumuz 44 gün davam edən İkinci Qarabağ müharibəsində düşmən təxribatlarının qarşısını layiqincə aldı. Azərbaycan əsgəri doğma torpaqlarını necə müdafiə etdiyini, Vətən uğrunda son damla qanınadək vuruşmağı bacardığını və düşməndən qat-qat  üstün olduğunu bütün dünyaya sübut etdi. Azərbaycan bu döyüşdə parlaq qələbə qazandı, işğal altındakı torpaqlarımızı yağılardan təmizlədi. Müzəffər ordumuzun hər bir əsgər və zabiti müharibədə qəhrəmancasına döyüşdü, düşmənin torpaqlarımızdan qovulmasında müstəsna xidmətlər göstərdi, yaralandı, öz həyatını risk altına atdı, lakin məqsədi uğrunda inadından dönmədi, əzmlə, cəsarətlə zəfər yürüşünü son nəticəyə qədər davam etdirdi. Artıq «Dağlıq Qarabağ» qurumu adlı heç bir şey olmayacaq. Bu, qələbəmizin ən əsas tərəflərindən biridir. Uzun illərdir ki, bu məsələ öz həllini tapa bilmirdi. Lakin müzəffər ordumuzun sayəsində biz onların bütün məkrli planlarının qarşısını aldıq. Ölkəmizin iqtisadi qüdrətinin artması güclü ordu quruculuğuna da böyük dərəcədə təsir etdi. Bilirsiniz ki, uzun illərdir dövlət büdcəsindən ən çox vəsait məhz müdafiə xərclərinə ayrılır. Bu da öz məntiqi nəticəsi ilə yekunlaşdı. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın güclü ordusu formalaşdırıldı. Bu gün qürurla deyirik ki, Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasındadır. Hərbçilərimizin psixoloji hazırlığı, vətənpərvərlik hissi, döyüş ruhu da çox yüksəkdir. Rəşadətli ordumuz qısa müddətdə düşmən ordusunu məğlub etdi.

-Sevindirici haldır ki, şanlı ordumuz «böyük Ermənistan» xülyasını tam iflasa uğratdı. Ermənistanın kapitulyasiyası ilə bağlı sənədin əhəmiyyəti haqqında nə deyərdiniz?

- Artıq «Dağlıq Qarabağ» qurumu adlı heç bir şey olmayacaq. Bu, qələbəmizin ən əsas tərəflərindən biridir. Uzun illərdir ki, bu məsələ öz həllini tapa bilmirdi. Lakin müzəffər ordumuzun sayəsində biz onların bütün məkrli planlarının qarşısını aldıq.  Düşmən sülhə məcbur edildi. Paşinyan hakimiyyəti özünün ən rüsvayçı günlərini yaşamaqdadır. Bunu erməni  ekspertləri də etiraf edirlər. Böyük zəfərimiz hərbi, iqtisadi böhran məngənəsində çapalayan Ermənistanı böyük siyasi xaosa sürüklədi,  «Böyük Ermənistan» xülyasını tam iflasa uğratdı. Bununla da bütün məcburi köçkünlərimiz öz doğma yurdlarına qayıdacaq, Azərbaycan ərazilərində yaşayan ermənilər Azərbaycan Respublikasının vətəndaşlığını qəbul edəcək, həmin ərazilərimizdə olan bütün inzibati binalarda yalnız Azərbaycan Respublikasının üçrəngli bayrağı dalğalanacaq, yalnız Azərbaycan Respublikasının qanun və normativ hüquqi aktları tətbiq olunacaq, yalnız Azərbaycan manatı dövriyyəyə buraxılacaq, azad olunmuş bütün torpaqlarımızda Azərbaycan polisi xidmət göstərəcəkdir. Diplomatik və informasiya cəbhəsində Azərbaycanın mövqeyi kifayət qədər güclənib. Azərbaycana dünya miqyasında etibarlı tərəfdaş kimi baxılır.

- Bu gün artıq işğal altında olan bütün torpaqlarımız geri alınıb. Məcburi köçkün deyimi artıq arxivləşir...

-Bu gün bütün məcburi köçkünlər qazandığımız böyük qələbənin sevincini yaşayırlar. Çünki doğma torpaqlarımız işğaldan azad olunub. Ağdam, Kəlbəcər, Laçın rayonları, Azərbaycan, Rusiya Prezidentlərinin imzaladığı bəyanata və Ermənistanın baş nazirinin qəbul etdiyi kapitulyasiya aktına uyğun olaraq döyüşsüz boşaldıldı. Təbii ki, bu 3 rayonun döyüşsüz boşaldılması, ordumuzun Cəbrayıl, Füzuli,Qubadlı rayonlarını, Hadrutu, Suqovuşanı, Şuşa şəhərini gərgin döyüşlər nəticəsində azad etməsindən keçir. Əlavə itkilər vermədən, bu üç rayonun boşaldılması ölkə başçısının qətiyyəti və siyasi iradəsi nəticəsində əldə olunub. 30 ilə yaxındır ki, 1 milyona yaxın insan məcburi köçkün həyatı yaşayırdı. Doğrudur, indiyədək dövlətimiz tərəfindən məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün mühüm addımlar atılıb, bu məqsədlə 100-dən çox müasir tipli qəsəbə tikilib istifadəyə verilib, məcburi köçkünlər üçün aylıq müavinət verilir və onların digər imtiyazları da var. Amma bütün bunlara baxmayaraq, həmin insanlar Vətən həsrəti ilə yaşayırdılar, bu günü həsrətlə gözləyirdilər. Çox şükürlər olsun ki, torpaqlarımız işğaldan azad edildi. Buna görə də Müzəffər Ali Baş Komandanımıza və rəşadətli Ordumuza sonsuz minnətdarlığımızı bildiririk.

- Məlumdur ki, erməni vandalları işğaldan azad olunmuş ərazilərimizdə daşı daş üstə qoymayıblar. Erməni işğalçılarının bu  vandallıqlarına nə ad verərdiniz?

- Füzuli, Cəbrayıl və Ağdam rayonlarına səfər edərkən ölkə başçısı özü ermənilərin nə qədər vandal, barbar hərəkətlərə yol verdikləri ilə bağlı fikirlər səsləndirdi. Cənab Prezident göstərdiyi yerlərdə bircə sağlam ev, infrastruktur qalmamışdı. Lakin şübhəsiz, işğaldan azad edilən torpaqlarımız yenidən bərpa ediləcək, vətəndaşlarımız öz yurd-yuvalarına qaytarılacaqlar. 30 ilə yaxın müddətdə vəhşi düşmən işğal altında olan bütün torpaqlarımızda soyqırımı həyata keçirib. Evlər, infrastruktur dağıdılıb, tarixi, mədəni, dini abidələrə, təbiətə ciddi ziyan vurulub. Ermənilər son günlərdə Kəlbəcəri və Laçını tərk edərkən də evləri yandırır, meşələri məhv edirdilər. Bütün bunlar dünyanın gözü qarşısında baş verdi. Əlbəttə ki, ermənilər bu cinayətlərinə görə cavab verəcəklər. Dəymiş bütün ziyan beynəlxalq ekspertlərin iştirakı ilə hesablanacaq və müvafiq beynəlxalq məhkəmələrə çıxarılacaq. Ermənistan bu vandalizmin bədəlini ağır ödəməli olacaq. Ərazilərin minalardan təmizlənməsindən sonra yəqin ki, bu məsələlər həllini tapacaq. Daha sonra isə quruculuq işlərinə başlanılacaq. Artıq dövlətimizin başçısı müvafiq tapşırıqlaını verib, aidiyyəti dövlət qurumları öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcək. Sonrakı mərhələdə isə insanlar öz dədə-baba yurdlarına qayıdacaqlar. Nəhayət ki, torpaqlarımıza  yeni nəfəs gələcək.

- 20 faizə yaxın ərazimizin 27 ildən çox işğal altında qalması o torpaqlarımızın iqtisadi potensialından istifadəsinə də imkan verməyib. İşğaldan azad olunmuş ərazilərimiz ölkəmizə nə kimi iqtisadi dividendlər qazandıracaq?

- Artıq işğaldan azad olunan ərazilərimizin mövcud potensialı, xammal, təbii ehtiyatlar və məhsuldar torpaq sahələrinin həcmini nəzərə alsaq bərpa mərhələsindən sonra qısa zamanda həmin rayonlarımızda məhsul istehsalının 8 dəfəyə yaxın artacağı proqnozlaşdırılır. İşğaldan azad olunmuş ərazilər kənd təsərrüfatı ilə məşğul olmaq üçün münbit torpaqları, iqlimi, su ehtiyatları ilə digər bölgələrdən seçilir. Yeraltı və yerüstü təbii sərvətlərə, turizm potensialına malikdir. Bərpa və yenidənqurma işlərində yüzminlərlə iş yerləri açılacaq, yerli xammalın emalı nəticəsində sənayenin ayrı-ayrı sahələri inkişaf edəcəkdir. Konkret olaraq Zəngilanın, Kəlbəcərin qızıl yataqları, mineral suları, Ağdamın və digər rayonların şərabçılıq sənayesini  və s. qeyd etmək olar. Bütün bunlar Azərbaycan iqtisadiyyatında, ümumi daxili məhsulun artımında xeyli irəliləyiş deməkdir.

Şəmsiyyə Əliqızı,
Könül Əliyeva,
«İki sahil»