20 noyabr 2019 20:27
951

Britaniya Muzeyində “Troya: mif və reallıqlar” adlı sərgi açılacaq

Noyabrın 21-də Britaniya Muzeyində hazırda Türkiyə ərazisində yerləşən antik Troya şəhərindən müxtəlif dövrlərdə tapılan əşyalardan ibarət “Troya: mif və reallıqlar” adlı sərgi açılacaq. AZƏRTAC BBC telekanalına istinadla xəbər verir ki, sərgi çərçivəsində qədim şəhərin tarixini əks etdirən 300-dən çox artefaktdan ibarət xüsusi qalereya yaradılıb. Onların arasında Berlin Muzeyi, Britaniyanın Aşmola Muzeyi və Danimarka Milli Muzeyindən gətirilmiş eksponatlar da var. Sərgiyə gələnlər antik Troyanın sakinlərinin istifadə etdikləri dulusçuluq nümunələri, bürünc hərb geyimi, heykəllər, sarkofaqları görmək imkanına malik olacaqlar.

Britaniya Muzeyinin sərgisinin eksponatlarının böyük bir hissəsi XIX əsrdə alman arxeoloqu və biznesmeni Henrix Şliemanın Türkiyədən Berlinə apardığı artefaktlardır. Bundan başqa, Troyadan aparılmış və sonradan Moskvadakı Puşkin muzeyinin eksponatları sırasına daxil edilmiş qızıl zərgərlik məmulatlarının XIX əsrdə işlənmiş surətləri də nümayiş etdiriləcək.

Sərginin eksponatları arasında Roma imperiyası və Homerin “İlliada” və “Odissey” əsərlərinin yazıldığı dövrə aid antik şəhərin artefaktları da var. Sərginin kuratoru Lesli Fitton Anadolu agentliyinə müsahibəsində qeyd edib ki, Şliemanın o vaxt Troya artefaktlarını Yunanıstana aparması böyük bir səhv olub. Onun sözlərinə görə, alman arxeoloqunun bu qiymətli əşyaları Türkiyə ərazisindən çıxarmağa haqqı olmayıb. Artefaktlar sonradan Afinadan Britaniya Muzeyinə verilib, bəzi qızıl zərgərlik məmulatları, o cümlədən “Priamın xəzinəsi” kimi sərvət isə II Dünya müharibəsindən sonra Rusiya tərəfindən götürülüb və 1990-cı illərdə oradakı muzeylərdən oğurlanıb.

“Troya: mif və reallıqlar” sərgisi 2020-ci il martın 8-dək davam edəcək.