16 oktyabr 2019 19:40
1171

Bu birliyi möhkəmləndirsək bizim beynəlxalq mövqelərimiz daha da güclü olacaq

Azərbaycan Türk Şurasına sədrliyi dövründə əməkdaşlığın dərinləşməsi istiqamətində səylərini davam etdirəcək

Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VII Zirvə Görüşü uğurla başa çatdı. Tarixi oxşar, milli adət-ənənələri eyni kökdən qaynaqlanan türk dövlətlərinin bu görüşü bir neçə baxımdan daha əhəmiyyətli idi. 10 il bundan əvvəl qədim türk torpağı, Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanda keçirilən Türkdilli Ölkələrin Dövlət Başçılarının IX Zirvə Görüşündə Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının yaradılması barədə Saziş imzalandı. Bakıda keçirilən yubiley tədbirində 2009-cu ildən etibarən  Şuraya daxil olan ölkələrin birgə iştirakı ilə keçirilən sammitlərdə  beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsinə yönələn iki və çoxtərəfli əlaqələrin , həmrəyliyin gücləndirilməsi, dövlətlərarası iqtisadi, siyasi münasibətlərin zamanın tələbinə uyğun təkmilləşdirilməsi ilə bağlı maraqlı müzakirələr aparıldı.

Özbəkistanın TDƏŞ-ə daxil olması,  Zirvə Görüşündə  Macarıstanın Baş Naziri Viktor Orbanın iştirakı göstərir ki, coğrafiyası, əlaqələri genişlənən Türk Şurası beynəlxalq aləmdə tanınan nüfuzlu təşkilatdır. Qırğızıstandan Türk Şurasına sədrliyi qəbul edən Azərbaycanın başqa türk dövlətləri ilə əməkdaşlığını yüksək dəyərləndirən,  əlaqələrin möhkəmləndirilməsini ölkəmizin xarici siyasətinin prioritet istiqamətləri kimi dəyərləndirən Prezident İlham Əliyev çıxışında bildirdi ki, Naxçıvanda qəbul etdiyimiz qərarlarla və birgə işimizlə biz türk dünyasının birliyini daha da gücləndirdik və qardaşlığımızı davam etdiririk: “Bu mənada Türk Şurasının yaradılmasına dair qərarın məhz Naxçıvanda keçirilmiş Zirvə Görüşündə qəbul edilməsi türk dünyası üçün böyük rəmzi əhəmiyyətə də malikdir.”

Bu Sazişin muxtar respublikada imzalanması, Naxçıvan Muxtar Respublikasının 2018-ci ildə “İslam Mədəniyyətinin Paytaxtı” elan olunması bu qədim Odlar Diyarının türk xalqlarının, İslam aləminin birlik və həmrəyliyində mühüm rola malik olduğunu göstərir.

Zirvə Görüşündə qeyd olundu ki, ötən on il ərzində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası birlik, həmrəylik təşkilatı kimi formalaşmış, inkişaf yolu keçmiş, quruma daxil olan ölkələr arasında siyasi, iqtisadi, nəqliyyat, humanitar, turizm, informasiya-kommunikasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığın güclənməsinə diqqət artırılmışdır.  Nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığı sayəsində Türk Şurasının ideyalarını təbliğ edən TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Akademiyası zəngin mədəni irsimizin tədqiqi, maddi və mənəvi dəyərlərimizin dünya səviyyəsində öyrənilməsində əhəmiyyətli rol oynayır. Türkdilli Ölkələrin Parlament Assambleyası uğurla fəaliyyət göstərir və bir neçə parlamentlərarası təşkilatla sıx əməkdaşlıq edir. Mədəniyyət, elm, təhsil, turizm, gənclər və idman kimi sahələrdə birgə fəaliyyət xalqlar arasında dostluq və qardaşlıq əlaqələrinin daha da dərinləşməsinə xidmət edir. “Mənim Sərəncamımla 2019-cu il Azərbaycanda “Nəsimi ili” elan olunub. Bu günlərdə növbəti Nəsimi festivalı təntənəli şəkildə keçirilib. Təqdirəlayiq haldır ki, TÜRKSOY dahi Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibətilə 2019-cu ili “Nəsimi ili” elan edib” söyləyən cənab İlham Əliyev bildirdi ki, yubiley Zirvə Görüşünün “Kiçik və orta sahibkarlığın inkişafı” mövzusuna həsr olunması göstərir ki, Türk Şurası ölkələri arasında iqtisadi əməkdaşlıq aktuallığını saxlayır. Bu sahədə zəngin təcrübəsi olan Azərbaycanda Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yaradılıb. Sahibkarlığın İnkişafı Fondu tərəfindən indiyədək 36 min sahibkara 1,4 milyard ABŞ dolları həcmində güzəştli kredit ayrılıb. 2018-ci ildə özəl sektorun ölkəmizin ümumi daxili məhsulunda payı 85 faiz təşkil edib.

Dünya Bankının “Doing Business-2020” hesabatında Azərbaycan ən islahatçı 20 ölkə sırasında yer alıb. Qədim İpək Yolunun üzərində yerləşən ölkələr, o cümlədən türk dövlətləri ilə nəqliyyat sahəsində möhkəmlənən əməkdaşlıq tərəfdaş ölkələrin iqtisadiyyatını da gücləndirir. Şərq-Qərb nəqliyyat dəhlizinin fəal iştirakçısı, Bakı-Tbilisi-Qars dəmir yolunun təşəbbüskarı olan Azərbaycan etibarlı tranzit ölkə olaraq türkdilli ölkələrin dünya bazarlarına çıxışı üçün səylərini davam etdirir. Belə ki, 2018-ci ildə türkdilli ölkələrdən 8 milyon ton yükün Azərbaycan vasitəsilə daşınması bu sahədəki əməkdaşlığın bəhrəsidir.

Hazırda Azərbaycan Türkiyə iqtisadiyyatına ən çox sərmayə qoyan ölkələrdən biridir. Belə ki, Azərbaycanın Türkiyə iqtisadiyyatına sərmayəsi 15 milyard ABŞ dolları, Türkiyənin Azərbaycan iqtisadiyyatına qoyulan sərmayəsi isə 12 milyard ABŞ dolları təşkil edir. Bakı Beynəlxalq Dəniz Limanı 15 milyon ton yük və 100 min konteyner yükaşırma qabiliyyətinə malikdir. Ehtiyac olduğu təqdirdə limanın yükaşırma qabiliyyəti 25 milyon ton yük və 1 milyon konteynerə kimi artırıla bilər.

Dünyanın enerji , nəqliyyat xəritəsinə gətirdiyi yenilikləri ilə qlobal əhəmiyyətli problemlərin həllində təşəbbüskar ölkə olaraq tanınan Azərbaycan enerji sahəsində əməkdaşlığa böyük əhəmiyyət verir. Mərkəzi Asiyadan enerji resurslarının bir hissəsi Azərbaycan vasitəsilə dünya bazarlarına nəql edilir. Turizmin inkişafı, təhlükəsizlik sahəsindəki əməkdaşlıq regional sabitliyin təminatına xidmət edən birgə fəaliyyətin səmərəsidir. Ölkələr arasında təhlükəsizlik sahəsində əməkdaşlıq da genişlənir. Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 22-ci iclasının Bakıda keçirilməsi ölkələrin təhlükəsizliyinin möhkəmləndirilməsi və regional sabitliyin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir.

Azərbaycanın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlardan bəhs edən Prezident İlham Əliyev diqqətə çatdırdı ki, işğal olunmuş ərazilərdə etnik təmizləmə siyasəti aparılıb, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.

BMT də daxil olmaqla, müxtəlif beynəlxalq təşkilatlar kimi, münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə Görüşlərində diqqətdə saxlanılması, qəbul olunan yekun bəyanatlarında  dəstəklənməsi ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın bəhrəsidir.

TDƏŞ-in yaradılmasında və genişlənməsində böyük rolu olan Qazaxıstanın birinci Prezidenti və Türk Şurasının Fəxri Sədri Nursultan Nazarbayevə Türk Dünyasının Ali Ordenini təqdim edən cənab İlham Əliyevin çıxışını maraqla izləyən dövlət başçıları sivilizasiyalararası körpü rolunu oynayan Azərbaycanda olmalarından məmnunluq ifadə edərək, ölkəmiz haqqında xoş sözlərini bildirdilər.

“On il əvvəl Naxçıvanda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında əsas sənədi təsdiq etdik. Beləliklə, əlaqələrimizin yeni, daha düşünülmüş və praqmatik mərhələsinə start verildi. Məhz bu yanaşma bizə indiki yubiley tədbirinə yaxşı nəticələrlə gəlməyə imkan verdi. Əvvəla, biz təşkilatın həm qlobal kontekstdə, həm də özümüz üçün zəruriliyini və aktuallığını sübut etməyə nail olduq. İkincisi, Şura Özbəkistanın və Macarıstanın hesabına genişləndi ki, bu da bizim birgə salnaməmizdə yeni səhifə açdı” söyləyən Nursultan Nazarbayev şuranın siyasi və iqtisadi nüfuzu, regional və beynəlxalq səviyyələrdə qazandığı mövqe barədə danışdı. Şuranın inteqrasiyasını, əhatəli konsepsiyasının qəbulunu 160 milyona yaxın üzvü olan türk dünyasının qardaşlıq ailəsinə töfhə kimi dəyərləndirdi. “Türk baxışı 2040” proqramının hazırlanmasını türkdilli dövlətlərin turizm, investisiya, energetika, “iqtisadiyyat, kiçik və orta biznes kimi prioritet məsələlərin dünyaya inteqrasiyasına “yaşıl işıq” adlandırdı. “Proqrama, həmçinin mədəniyyət və təhsil, gənclər siyasəti və səhiyyə, rəqəmsallaşdırma və süni intellekt, eləcə də türk beşiyi - Türküstan şəhərinin inkişafı bölmələrini daxil etmək zəruridir” söyləyən Nursultan Nazarbayev sammitlərdə irəli sürülən təkliflərin “Yol xəritələri”ndə əksini tapmasını, dövlətlərin milli inkişaf proqramlarına uyğunlaşdırılmasını əlaqələri təmin edən zərurət adlandırdı. Şuranın adının dəyişdirilməsi məsələsinə toxunan N. Nazarbayev vurğuladı ki, Şuramız təşkilata çevrilsə, bu qurumu Türk Dövlətləri Təşkilatı adlandırmaq olar.

Zirvə Görüşündəki çıxışında təkliflərini də irəli sürən Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuranın BMT Baş Assambleyasında və İslam Əməkdaşlıq Təşkilatında müşahidəçi statusunda təmsilçiliyini, çoxtərəfli platformalarla əməkdaşlığın genişləndirilməsini perspektiv üçün vacib amil adlandırdı. Dost, qardaş ifadəsinin dəyərini bu sözlərlə dəyərləndirdi: “Yaxşı dost yaxşı gündə çağırılanda, pis gündə isə çağırılmadan gələnlərdir.”

10 il bundan əvvəl Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması ilə bağlı Sazişin imzalanmasının əhəmiyyətini “Biz bilirik ki, beynəlxalq müstəvidə öz mövqeyini müdafiə etmək bəzi hallarda o qədər də asan olmur. Biz birlikdə olsaq, müəyyən məsələlərdə vahid mövqedən çıxış etsək və bu birliyi mütəmadi işlərlə möhkəmləndirsək, bizim beynəlxalq mövqelərimiz daha da güclü olacaq” sözləri ilə bildirən Prezident İlham Əliyev yubiley görüşündə türkdilli dövlətlərin birlik və həmrəyliyinin daha da güclənməsi üçün səmərəli əməkdaşlığa böyük önəm verildiyini vurğuladı: “ Sizi əmin edirəm ki, Azərbaycan təşkilata sədrliyi dövründə ölkələrimiz arasında həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə əməkdaşlığın daha da dərinləşməsi istiqamətində səylərini davam etdirəcək.” 

Xuraman İsmayılqızı, “İki sahil”