KÖŞƏ

Vəli İlyasov

Bu, Fransa Senatıdır, yoxsa ermənilərin lağlağı məclisi?

27 noyabr 2020 17:33
1570

Artıq dünyanın bir çox tanınmış siyasətçiləri və politoloqları Fransa prezidenti Emmanuel Makronun dövlət başçısına yaraşmayan və korrektə edilməmiş fikirlər irəli sürməsinə etiraz və təəccüb etməkdədirlər. Təəccüblü orasıdır ki, müharibədə məğlubiyyətə uğramış və artıq təslim olmuş Ermənistan daxili böhranlar məngənəsində boğulduğu günlərdə Makron özünü işğalçı ölkənin vəkili kimi aparır.

Senatda isə beş ermənipərəst deputatın “dqr”in tanınmasının zəruriliyinə dair hazırladığı qətnamənin qəbul edilməsi Fransa dövlətlərin ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı kimi beynəlxalq hüququn ən mühüm  prinsipini pozmasının sübutudur.

 BMT Təhlükəsizlik Şurasının Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanıyan və Ermənistan ordusunun işğal etdiyi ərazilərdən qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsi mövcuddur. Bu qətnamələrin qəbulunda iştirak edən Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri də Fransadır. Bununla bərabər, Fransa Ermənistanın təcavüzü nəticəsində baş vermiş Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar yaradılmış ATƏT-in Minsk qrupunun üç həmsədr dövlətindən biridir. Lap əvvəldən birtərəfli mövqe tutan   Fransa heç bir zaman bu münaqişənin tənzimlənməsini istəməyib və vasitəçi olaraq üzərinə götürdüyü heç bir öhdəliyi yerinə yetirməyib. Senatın qəbul etdiyi sənədin mahiyyətcə tövsiyə xarakteri daşımasına baxmayaraq, bu, onu deməyə əsas verir ki, Fransadakı erməni lobbisi və ermənipərəst qüvvələrin Senata güclü təsiri var. Yəni, Fransa öz mottosunda nəzərdə tutduğu “bərabərlik, qardaşlıq və azadlıq” ideyalarına yad olan qərarlar qəbul edir. Fransanın “azadlıq” anlayışını illərlə Əlcəzairdə, Ruandada və digər Afrika ölkələrində yürütdüyü müstəmləkəçilik siyasətində görmək çətin deyil. Fransanın öz mənfəəti hesabına bu dövlətlərin  təbii sərvətlərini talan etdiyini, günahsız vətəndaşlarına qarşı soyqırımlar törətdiyini bütün dünya bilir.

 Fransa Respublikasının münaqişənin həlli ilə bağlı mövqeyi dövlətin yüksək səviyyəli rəsmiləri, o cümlədən ölkə Prezidenti və xarici işlər naziri tərəfindən dəfələrlə səsləndirilib. Fransa Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bu mövqe istər ikitərəfli çərçivədə, istərsə də Avropa İttifaqı ilə imzalanan sənədlərdə öz əksini tapıb. İndi Senatın belə bir sənəd qəbul etməsi onu deməyə əsas verir ki, Fransa özünü Ermənistandan daha artıq erməni dövləti hesab edir. Halbuki, bu məsələdə Fransa tərəfsiz olmalı, sülhün bərqərar olmasında Rusiya və Türkiyə kimi yaxından iştirak etməli idi.

 Ermənistanın kapitulyasiya şərtlərini və beynəlxalq hüquqa uyğun olaraq üzərinə götürdüyü vəzifələri icra etdiyi bir vaxtda Fransanın belə bir sənəd qəbul etməsi bunu deməyə əsas verir ki, bu dövlətə münaqişənin tənzimlənməsində maraqlı olmayıb və səngiyən münaqişəni yenidən qızışdırmağa çalışır. Senatın qərəzli qətnamə qəbul etmək əvəzinə bölgədə sülh, sabitlik və tərəqqiyə xidmət edən fəaliyyətlə məşğul olması yaxşı olardı. Belə bir qətnamə qəbul edən ölkə nəinki Azərbaycanla, digər dünya dövlətləri ilə də bərabər münasibət qura bilməz. Belə görünür ki, “qudurmuş Jak Şirak” və “dəli Sarkozi”dən sonra “sarsaq Makron” öz köhnəlmiş imperiya hikkələrini yeritməyə çalışır. Ancaq unudur ki, indi qarşısındakı otuz il əvvəlki zəif Azərbaycan deyil. Bu həqiqəti Fransa da Ermənistan kimi 44 günlük müharibədə başa düşməli idi. Amma görünür ki, Makron da Paşinyanın bir tayıdır. Hər ikisi neonasizm ideyalarına nökərçilik edərək əllərini günahsız insanların qanına batırır, xalqların əbədi lənətini qazanırlar. O ki qaldı Fransa Senatının qəbul etdiyi qətnaməyə, o, əhəmiyyətsiz kağız parçasından başqa bir şey deyil. Onu qəbul edənlərin nüfuzu da həmin adi kağız parçasının qiyməti qədərdir, yəni: 0.