27 oktyabr 2020 18:34
1612

Bu gün Azərbaycan dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə yeni tarix yazır

Mehriban Əliyeva: Biz yalnız birliyimizi qorumaqla və Prezidentin ətrafında sıx birləşməklə bu ilin yadda qalacağı bütün çağırışları və çətinlikləri dəf edə bilərik

Azərbaycanın Birinci vitse-prezidenti bildirir ki, bu gün ordumuz öz tarixi missiyasını davam etdirdiyi bir vaxtda dövlətimizin, o cümlədən səhiyyə sisteminin üzərinə düşən yükü maksimum azaltmaq lazımdır

Bu gün Azərbaycan 30 ilə yaxındır ki, 20 faiz torpaqlarımızı işğal altında saxlayan erməni təcavüzkarları və dünyanı bürüyən, gündən-günə coğrafiyasını genişləndirən  COVID-19 pandemiyası ilə müharibə aparır.

Bu ilin ilk aylarından etibarən Azərbaycan  koronavirus infeksiyası ilə  mübarizə tədbirlərinə başlayaraq  insanların sağlamlığının təminatı üçün lazım olan bütün addımları atır. Məhz ölkəmizin istər daxildə, istərsə də beynəlxalq səviyyədə həyata keçirdiyi tədbirlər Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yüksək dəyərləndirilərək ilk gündən Azərbaycanın bu mübarizədən az itki ilə çıxacağı ilə bağlı  fikirlər səsləndirildi. Çünki dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlər öz müsbət nəticəsini verməklə yanaşı, dünyada ölkəmizin tətbiq etdiyi təcrübə təqdir edildi. Azərbaycan özünütəcrid qaydalarına üstünlük verərək insanların sağlamlığının təmin olunması üçün «Evdə qal» prinsipini tətbiq etməklə  əsas diqqəti səhiyyə infrastrukturunun  yenilənməsinə,  koronavirus xəstələrinin müalicəsi üçün lazım olan  addımların atılmasına diqqət yönəltdi. Bəzi ölkələrin iqtisadiyyatın inkişafına daha çox üstünlük vermələri həmin ölkələrdə yoluxma hallarının genişlənməsinə, ölüm hallarının çoxalmasına yol açdı. Yalnız bu problemlərin yaşanmasından sonra  məhdudlaşdırıcı tədbirlərə üstünlük verildi.

Bu gün  Azərbaycan dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə yeni tarix yazır. O tarixi ki, işğal altında olan torpaqlarımız   azad edilir, həmin ərazilərdə bayrağımız dalğalanır, insanlarımızda böyük xoşbəxtlik, xoş ovqat müşahidə edilir.  Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı şəhərlərinin və 100-dən artıq yaşayış məntəqələrimizin,  strateji  yüksəkliklərin azad edilməsi  qürurvericidir. Bu gün Azərbaycanın hər bir guşəsində, küçə və meydanlarında, evlərin  balkonlarında  dalğalanan üçrəngli bayrağımız da   hər birimizdə bu hissləri yaradır: Zəfər sənindir, Azərbaycan əsgəri! Eşq olsun Ali Baş Komandana! Eşq olsun  Azərbaycan Ordusuna! Dövlətimizin başçısı İlham Əliyev son bir ayda verdiyi müsahibələrində, xalqa müraciətlərində işğal altında olan torpaqlarımızın azad olunması üçün şəhidlər verdiyimizi, onların qanının yerdə qalmayacağını bildirir. Bu gün Azərbaycan Ordusu onların qisasını döyüş meydanlarında alır.

Müharibənin təbii ki, öz qanunları, özəllikləri var. Bu, ağır da olsa  oğullarımızın  şəhidlik zirvəsinə yüksəlməsi,  yaralanması, çoxsaylı dağıntıların olması ilə səciyyələnir. Azərbaycan dövləti heç zaman müharibə istəməyib. Münaqişənin sülh yolu ilə həllinə səy  göstərib və göstərir.  Lakin işğalçı Ermənistanın və onun havadarlarının 30 ilə yaxın müddətdə yalanları, vaxtı uzatmaq üçün imitasiya naminə apardıqları danışıqları  münaqişənin həlli prosesini uzadaraq xalqımızın səbir kasasını doldurdu. İşğalçı dövlət  təxribatlarından da əl çəkmədi. Təkcə cari  ilin arxada qalan dövrünə  diqqət yetirdikdə erməni təxribatlarının miqyasının nə qədər geniş olduğunu görərik. Sentyabrın 27-dən bugünədək erməni təxribatlarının qarşısını almaq üçün Azərbaycan Ordusu qətiyyətlə mübarizə aparır. Hər bir Azərbaycan vətəndaşı, gənclərimiz böyük ruh yüksəkliyi ilə ilk gündən cənab İlham Əliyevin səfərbərlik çağırışına cavab verdi. Bu, birliyimizin, həmrəyliyimizin nümayişidir.    

Hər iki cəbhədə-istər sentyabrın 27-dən başlayan Vətən müharibəsində, istərsə də koronavirus kimi  təhlükəli «düşmənlə» mübarizədə tibb işçilərinin fədakarlığını da xüsusi qeyd etməliyik.   Onların bir qismi cəbhə bölgələrində əsgər və zabitlərimizin sağlamlığı keşiyində dayanırsa, bir qismi də neçə aylardan bəri davam edən COVID -19 pandemiyası ilə mübarizədədir. Pandemiyaya qarşı mübarizə tədbirlərinin ilk günündən dövlətimizin başçısı İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva daim çağırışlarında vətəndaşları məsuliyyətli olmağa, günümüzün reallıqlarını düzgün dəyərləndirməyə və qaydalara riayət etməyə çağırdılar. Mehriban xanım Əliyeva daim bu inamı ifadə edir ki, COVID-19 kimi qorxulu hekayənin sona çatacağı gün uzaqda deyil.

Qeyd olunan mübarizənin xüsusilə xəstəliklə bağlı olması hər bir ölkənin səhiyyə sistemində təkmilləşməni də vacib amil kimi önə çəkdi. Hazırda   ölkəmizdə koronavirus xəstələri üçün 46 xəstəxana, 45 laboratoriya, 11 modul tipli xəstəxana fəaliyyət göstərir.  Aparılan test sayı ölkə üzrə 1 milyonu ötüb. Öz peşələrinə, Hippokrat andına sadiq olan həkimlərimiz ilk gündən koronavirusa qarşı mübarizədə fədakarlıq göstərir, öz həyatlarını risk altına atırlar. Mübarizə tədbirlərinə başlandığı gündən «Evdə qalaq həkimlərə dəstək olaq» çağırışları da hər kəsin öz mənəvi həkiminə çevrilməsini bir tələb kimi ortaya qoydu. Çünki hər kəs öz sağlamlığının keşiyində dayanmaqla ətrafını da qoruyur, bununla həkimlərimizə dəstək olurlar. Bu günümüzün statistikasına nəzər salaq.  663 yoluxma halı olub, 283 nəfər sağalıb. Bundan əvvəlki günlərə diqqət yetirdikdə  yoluxanların sayının 900-ü keçdiyinin şahidi olduq. Artıq bu, ciddi siqnaldır. 

Cəbhə bölgələrində  əks-hücum əməliyyatlarının həyata keçirildiyi  bir zamanda  qələbə xəbərlərinin  insanlarda xoş ovqat yaratması  koronavirus infeksiyasını unutdursa da, reallıq budur ki, o,  yox olmayıb, hələ də aramızdadır. Bunun üçün arxayınlıq yaranmamalı, yenə də əvvəlki qaydalara riayət eməliyik.  Arxa cəbhədə koronavirusla mübarizə apararaq ön cəbhədəki əsgərlərimizə də dəstək olarıq. Hər iki halda həkimlərimizin üzərinə düşən məsuliyyət daha diqqət çəkir. Dövlətimizin başçısı İlham Əliyev koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə başlanan  zaman ilk olaraq istifadəyə verilən  «Yeni klinika» tibb müəssisəsinin açılışında bildirmişdir: «Mən fürsətdən istifadə edərək Azərbaycan həkimlərinə təşəkkürümü bildirmək istəyirəm. Biz onların maddi təminatının yaxşılaşdırılması üçün əlavə tədbirlər görmüşük. Bildiyiniz kimi, koronavirus xəstələrinə xidmət göstərən həkimlərin maaşı 3, 4, 5 misli məbləğində artırılıb. Bu, dövlət tərəfindən həkimlərə göstərilən diqqətin təzahürüdür. Ancaq mən bilirəm və tam əminəm ki, həkimlərin əsas motivasiyası bu deyil. Əsas odur ki, onlar öz vəzifə borcunu yerinə yetirmək istəyirlər. Onlar Hippokrat andına sadiqliklərini göstərmək istəyirlər. Onlar xalqımıza xas olan ən yüksək xüsusiyyətləri nümayiş etdirirlər və öz həyatlarını risk altına ataraq xəstələrə xidmət göstərirlər. Ona görə hər bir Azərbaycan vətəndaşı həkimlərə dəstək olmalıdır.» 

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da tibb işçilərinin fədakar əməyini yüksək dəyərləndirib.  Hamımızın çətin günlər yaşadığı, yeni, bugünədək elmə məlum olmayan təhlükəli xəstəliyin gündəlik həyatımızı alt-üst etdiyi bir vaxtda tibb işçilərinin ən vacib və ən mürəkkəb vəzifəni yerinə yetirdiklərini diqqətə çatdıran Mehriban xanım Əliyeva bildirmişdir ki, bu günlərdə biz həkim peşəsinin niyə müqəddəs missiya adlandırıldığını yenidən dərk edirik. Bu  peşə həqiqətən də həmişə dərin zəka və yüksək bacarıq tələb edib. Amma bu gün bizim tibb işçilərimizdən həm də böyük şəxsi cəsarət təlb edilir.  Onlar bu çətin sınaqdan şərəflə çıxırlar. Pandemiya ilə mübarizəyə tibb işçilərimizdən ibarət böyük ordu qoşulub.  Onların sırasında kişilər və qadınlar, təcrübəli həkimlər və hələ çox gənc olanlar, görkəmli xadimlər və bu peşəyə yenicə qədəm qoymuş ali təhsil müəssisələrinin məzunları, tibb bacıları, texniklər və sanitarlar var.  Onlar bizim həmvətənlərimizin - təhlükəli virusa yoluxan insanların həyatını xilas edirlər.

Ümidsizlik xalqımıza yad olan keyfiyyətdir. Bu gün xalqımız tam əmindir ki, hər iki cəbhədə qələbə bizimlədir.    Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva bu günlərdə Trend-ə müsahibəsində Azərbaycanın döyüş meydanında, həmçinin koronavirus infeksiyası ilə mübarizədə qələbə qazanacağını böyük inamla ifadə etmişdir. Ona ünvanlanan  «Mehriban xanım, Siz bu günlərdə xalqımızın qeyri-adi birliyini qeyd etdiniz. Koronavirus pandemiyasına qarşı mübarizədə bir növ şüara çevrilmiş "Biz birlikdə güclüyük!” cümləsini hamımız xatırlayırıq. Demək olarmı ki, bu gün həmin cümlə xüsusi məna kəsb edir» sualına cavab olaraq bildirmişdir ki, bu, şübhəsiz belədir. Biz yalnız birliyimizi qorumaqla və Prezidentin ətrafında sıx birləşməklə bu ilin yadda qalacağı bütün çağırışları və çətinlikləri dəf edə bilərik.

Mehriban xanım Əliyeva bunu da bildirmişdir ki, biz bu günədək vaxtında və hərtərəfli düşünülmüş tədbirlər sayəsində dünyanın bir çox ölkələrinin üzləşdiyi faciəli ssenaridən xilas ola bilmişik. Ekspertlərin fikrincə, bizim ölkəmiz epidemiyanın ilk və olduqca təhlükəli mərhələsini ən az sayda itki ilə başa vurmuş dövlətlər sırasındadır. Biz epidemiya ilə mübarizənin bütün aspektlərini koordinasiya edən peşəkar komanda yaratmağa, zəruri texniki və insan resurslarını birləşdirməyə müvəffəq olduq. Tətbiq edilmiş karantin tədbirləri koronavirusun yayılma sürətini azaltmağa kömək etdi. Biz birlikdə Vətənimizi bu xəstəliyin təhlükəli surətdə yayılmasından qoruya bildik: «Təəssüf ki, bizim ölkəmiz də istisna deyil. Məlumdur ki, son günlərdə yoluxanların sayının artması müşahidə olunur, təhsil müəssisələrində, ictimai nəqliyyatda yenidən bəzi məhdudiyyətlər tətbiq edilib.
Mən sizin hər birinizi koronavirusun təhlükəli olduğunu unutmamağa, aylarla riayət etdiyimiz elementar qaydaları gözləməyə, məsafəyə riayət etməyə, həqiqətən real zərurət olmadığı halda insanların kütləvi şəkildə toplaşdığı yerlərə getməməyə çağırıram. Bizə yaxşı məlum olan bütün bu qaydalar yoluxma riskini azaltmağa və deməli, bizi və yaxınlarımızı xəstəlikdən qorumağa kömək edər. Biz yaşlı nəslə həmişə xüsusi qayğı və hörmətlə yanaşırıq. Pandemiyanın birinci mərhələsi dövründə biz onları qayğı ilə qoruduq. Əminəm ki, indiki şəraitdə biz daha diqqətli olacağıq. Bu gün, ordumuz öz tarixi missiyasını davam etdirdiyi bir vaxtda dövlətimizin, o cümlədən səhiyyə sisteminin üzərinə düşən yükü maksimum azaltmaq lazımdır. İndi bütün resursların bizim xilaskarlıq əməliyyatı üzərində cəmləşməsi müstəsna əhəmiyyət kəsb edir. Biz arxa cəbhədə öz sağlamlığımızın qeydinə qalmaqla, sayıqlıq və intizam nümayiş etdirməklə, eyni zamanda, ön cəbhədəki əsgərlərimizə kömək edir və onları qoruyuruq. Əminəm ki, biz bu vəzifənin öhdəsindən gələcəyik və bir daha sübut edəcəyik ki, gücümüz birlikdədir!»

Yeganə Əliyeva, «İki sahil»