19 yanvar 2021 18:31
754

Bu gün əsassız ittihamlarla çıxış edənlər unutmasınlar ki...

Məlum olduğu kimi, 44 günlük Vətən müharibəsində əldə edilmiş qələbə, torpaqlarımızın düşmən tapdağından azad olunması təkcə xaricdəki ermənipərəst dairələrin deyil, eyni zamanda, onların ölkəmizdəki əlaltılarının - radikal müxalifət təmsilçilərinin də narahatlığına səbəb olub. Vaxtilə torpaqlarımızın ermənilər tərəfindən işğal olunmasında bu və ya digər şəkildə günahkar olanlar, hakimiyyət hərislikləri ilə bu işğala özünəməxsus “töhfə” verənlər bu gün də dövlətimiz və xalqımız əleyhinə düşmən mövqe sərgiləməkdədirlər.

Özlərini xalqa “vətənpərvər” kimi təqdim edənlər indi müxtəlif bəhanələrlə əldə olunan möhtəşəm qələbənin əhəmiyyətini azaltmağa, cəmiyyətdə zərərli müzakirələrə yol açmağa və bununla da həm öz xarici himayədarlarının sifarişlərini yerinə yetirməyə, həm də gündəmdə qalmağa cəhd göstərirlər. Bir sözlə, antimilli şura xain və satqın siması ilə düşmən dəyirmanına su tökməkdədir.

Əslində, bu gün Azərbaycan hakimiyyətinə qarşı əsassız ittihamlarla çıxış edənlər unutmamalıdırlar ki, vaxtilə məhz onların səriştəsizliyi, bacarıqsızlığı nəticəsində Azərbaycan Dağlıq Qarabağı və ətraf rayonları itirmişdi. 1992-ci il mayın 15-də AXC-Müsavat cütlüyünün qanunsuz yolla hakimiyyətə gəlməsindən iki gün sonra strateji əhəmiyyət kəsb edən Laçın rayonu Ermənistan tərəfindən işğal olundu. Hansı ki, məhz Laçının işğalından sonra Ermənistanla Dağlıq Qarabağ separatçıları arasında birbaşa kommunikasiya açıldı. 1993-cü ilin aprelində isə Kəlbəcər kimi böyük rayon işğal olundu. Bu azmış kimi həmin ilin iyun ayında ölkədə başlanmış siyasi böhran, daxili qarşıdurmalar nəticəsində əsgərlərimizin qanı-canı hesabına azad olunmuş bəzi ərazilər də düşmən tərəfindən yenidən işğal olundu. Üstəlik, bir neçə rayon da ermənilər tərəfindən qəsb edildi. Artıq bu gün həmin torpaqlar Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi və qüdrətli Azərbaycan Ordusu tərəfindən geri alındı.

Bu günlərdə Prezident İlham Əliyevin Şuşa şəhərinə səfəri zamanı 1992-ci ilin mayında o vaxtkı Azərbaycan rəhbərliyinin və hakimiyyət uğrunda mübarizə aparan AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində ölkəmizin bu dilbər guşəsinin işğal altına düşməsi faktlarını bir daha ölkə ictimaiyyətinin diqqətinə çatdırması da həmin ünsünlərin yarıtmaz fəaliyyətinin növbəti dəfə ifşası oldu.

Göründüyü kimi, ölkə başçısının tarixi faktlara əsaslanan çıxışı özünü müxalifət adlandıran bir qrup marginal dəstəyə yaman pis təsir edib. Niyə də etməsin? Səriştəsizlikləri səbəbindən hakimiyyətləri tarixə qara ləkə kimi düşən bu adamlar və onların xəyalpərvər xələfləri tarixi həqiqətləri eşitmək istəmirlər. Çünki həqiqətlər bu düşərgənin xəyanətkar əməllərini ifşa edir. Bu mənada hər bir gənc, yetişən yeni nəsil tarixi bilməlidir, antimilli ünsürlərin xalqın başına gətirdikləri bəlalardan xəbərdar olmalıdır.

Mənsumə Babayeva, “İki sahil”