15 may 2019 16:21
87

Bu hadisə maşınqayırma sənayesinin uğurla inkişaf etdiyini göstərir

“Gəncə Avtomobil Zavodu İstehsalat Birliyində ilk dəfə olaraq “E-321” markalı elektrobus və “PALESSE KZS-575” markalı taxılyığan kombayn konveyerdən çıxıb. İlk elektrobusun və taxılyığan kombaynın istehsalına başlanması Azərbaycan sənayesi üçün, ümumilikdə Azərbaycan iqtisadiyyatı üçün böyük əhəmiyyət daşıyır. Bu eyni zamanda maşınqayırma sənayesinin uğurla inkişaf etdiyini göstərir”. Bu fikirləri Milli Məclisin deputatı Rauf Əliyev deyib.

Rauf Əliyev bildirib ki, bu mühüm hadisə Azərbaycanla Belarus Respublikası arasında mövcud olan və daim inkişaf edən qarşılıqlı əməkdaşlığın nəticəsidir. Bu məhsullar Gəncə Avtomobil Zavodu İstehsalat Birliyinin və Belarusun “Belkommunaş” ASC arasında bağlanmış ikitərəli müqavilələr çərçivəsində istehsal olunub.

“Müasir, ekoloji təmiz, alternativ enerji ilə təmin olunan elektrobusun istehsalına başlanması Azərbaycan sənayesində ciddi bir hadisədir. Bu elektrobuslar yaxın gələcəkdə əhaliyə ekoloji baxımdan təmiz, keyfiyyətli xidmət göstərəcəklər. Bütün bunlar Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə iqtisadiyyatın şaxələnməsi, qeyri-neft sektorunun, eləcə də qeyri-neft sənayesinin inkişafı ilə bağlı müəyyənləşdirdiyi və uğura həyata keçirilən siyasətin nəticəsində mümkün olub”-deyə, deputat qeyd edib.