10 mart 2020 13:16
2224

Bu il Saatlının iki kəndinə təbii qaz veriləcək

Saatlıda əhalinin təbii qaz təminatının yaxşılaşdırılması ilə bağlı Dövlət proqramında nəzərdə tutulan tədbirlərin icrası istiqamətində işlər davam etdirilir.

Salyan Regional Qaz İstismarı İdarəsinin Saatlı rayonu üzrə təmir-bərpa xidmətinin rəisi Elvin Süleymanov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, son illər rayonun qəsəbə və kəndlərinin qazlaşdırılması istiqamətində xeyli işlər görülüb, 4 yaşayış məntəqəsinə təbii qaz verilib. Hazırda rayonun 44 yaşayış məntəqəsindən 33-də və Əlisoltanlı kəndi ərazisində 230 evdən ibarət məcburi köçkün qəsəbəsində yaşayan sakinlər təbii qazdan istifadə edir. Ötən il rayon üzrə 578 yeni abonent qeydə alınaraq, ümumilikdə abonentlərin sayı 16 min 400-ə çatıb. Ölkə başçısının tapşırığına əsasən rayonun qazlaşmamış 11 yaşayış məntəqəsi və Nərimanov köçkün qəsəbəsinə təbii qazın verilməsi istiqamətində işlər aparılır. Artıq rayonun Nəsimikənd və Naharlı kəndlərinə təbii qazın çəkilməsi ilə bağlı layihə smeta sənədləri hazırlanıb və yaxın günlərdə bu yaşayış məntəqələrinə qaz xətlərinin çəkilməsinə başlanılacaq.

İdarə rəisi onu da qeyd edib ki, ötən il qazla təmin olunan yaşayış məntəqələrinin genişlənən hissəsinə qaz çəkilməsi işləri aparılıb, bir neçə kənddə də xətlərin cari və əsaslı təmiri ilə bağlı işlər görülüb.