17 may 2019 17:03
1097

Bu il Tovuzda 12 subartezian quyusu qazılacaq

Tovuz rayonunda son illər meliorativ tədbirlərin həyata keçirilməsi istiqamətində ardıcıl işlər görülür.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 2016-cı ildə Tovuzçay su anbarının istifadəyə verilməsi nəticəsində 20 min hektar torpaq sahəsinin suvarma təminatı yaxşılaşıb, 300 hektar yeni torpaq sahəsi əkin dövriyyəsinə daxil edilib. Həmçinin 2013-cü ildən başlayaraq Prezident İlham Əliyevin sərəncamları ilə rayonda 63 subartezian quyusu qazılaraq istifadəyə verilib ki, bununla da 819 hektar sahənin suvarma təminatı yaxşılaşıb. Prezident İlham Əliyevin 2019-cu il 12 fevral tarixli Sərəncamına əsasən isə bu il rayonda daha 12 subartezian quyusunun qazılması nəzərdə tutulub.

Hazırda rayonda istifadədə olan 424 subartezian quyusu var ki, bu da 7424 hektar əkin sahəsinin suvarılmasına imkan verir.