17 yanvar 2019 10:35
1115

Bu parollardan istifadə etməyin!

Təhlükəsizlik insan həyatının ən vacib qoruyucu amilidir. Hər birimizin  gizli qalmasını istədiyi bilgiləri,  özəl həyatına dair materialları, məxfi  hesab etdiyi  məlumatları var. Reallıqdan fərqli olaraq, virtual aləmdə bu təhlükəsizliyi  qorumaq  üçün müvafiq şifrələrin müəyyənləşdirilib tətbiq edilməsi qənaətbəxş hesab olunur.

Şifrənin təhlükəsizlik baxımından  güclü olması labüddür. Nə qədər “möhkəm” şifrə olarsa sizin məlumatlarınız bir o qədər etibarlı mühafizə edilər.

Şifrələr telefona, kompyuterə,  sosial şəbəkə hesablarımıza, elektron poçtumuza, şəxsi materiallarımıza (sənəd, şəkil, video)   başqalarının icazəsiz, xəbərsiz daxil olmasının qarşısını almaq üçün görülən kütləvi tədbirdir. İnsanlar özəl hesab etdiklərinin ictimailəşməsini istəmirlər. Şifrə qoruyucu funksiya daşıyır, təhlükəsizliyin ən əsas simvoludur.

Parollar adətən rəqəm, hərf, şərti işarələrdən ibarət olan xüsusi məxfilik kodlarıdır. Bu, hər subyektə görə dəyişir. Adətən təvəllüd, ardıcıl rəqəmlər, təkrar eyni rəqəm,  oxşar hərf təkrarlanması, adı, soyadı şifrə üçün seçilir. Bəzən şifrəni müəyyən etdikdən sonra sistem parolun təhlükəsizlik dərəcəsini (aşağı, orta, güclü) istifadəçiyə  xəbərdarlıq mənasında bildirir. Bu parolun başqaları, xüsusilə xakkerlər tərəfindən qırılmasının qarşısını almaq üçündür. Xüsusilə də tanınmış insanların, bankların, güclü şirkətlərin hesabları tez-tez xakker hücumuna məruz qalır. Bunun qarşısını almaq üçün isə xüsusi seçilmiş, bir az mürəkkəb  parollar seçilsin.

Araşdırma nəticəsində, insanların ən çox istifadə etdiyi şifrələrin siyahısı müəyyənləşib. Ən “populyar” parol (123456) müəyyənləşdirilib. İnanmaq çətin  olsa da,  şifrə  problemi ilə çox məşğul olmamaq üçün  bu asan üsula əl atıblar.

Ən rahat və tez qırıla bilən şifrələrin siyahısı:

123456789

12345678

12345

111111

1234567

sunshine

qwerty

Iloveyou

Bəzən insanlar yaddaş zəifliyini,  şifrələdiyi məlumatların çoxluğunu və ya sadəcə bu məsələyə xüsusi diqqət etmədiyini  bəhanə edərək çox sadə, standart, zəif parollardan istifadə edirlər.

Güvən baxımından  yuxarıda adları qeyd olunan bu parollardan istifadə etmək münasib deyil. Daha sonra isə şifrəmizin uzun olmasına diqqət etməli, hərf və rəqəm birləşmələrindən, şərti işarələrdən, standart olmayan, qeyri-adi sözlərdən  istifadə etməliyik.

Unutmamalıyıq ki, deşifrə olmaq bir çox məqamlarda  sizin üçün ürəkaçan  olmaya bilər. Ona görə də diqqətli olun.

Yaqut Ağaşahqızı, “İki sahil”