KÖŞƏ

Nigar Orucova

Bu qan yerdə qalmayacaq...

28 oktyabr 2020 18:53
3765

İşğalçı Ermənistan bütün beynəlxalq hüquq normalarını, Cenevrə Konvensiyasının tələblərini pozaraq dinc sakinləri, mülki əhalini hədəfə almaqda davam edir. Döyüş meydanında ağır məğlubiyyətə uğrayan düşmən bunun əvəzini dinc sakinləri hədəfə almaqla çıxmağa, bununla da onlar arasında xof yaratmağa çalışır. Hərbi əməliyyatların başladığı bir aydan artıq müddət ərzində düşmən Gəncə, Goranboy, Mingəçevir, Beyləqan, Ağcabədi, Yevlax, Tərtər və Ağdamın mülki insanlar yaşayan şəhər və rayon mərkəzlərini, kənd və qəsəbələri hədəfə alıb, çoxlu sayda infrastruktura ziyan vurub, insanları qətlə yetirib. Üçüncü dəfə humanitar atəşkəs elan olunmasına baxmayaraq, Ermənistan Azərbaycan xalqına qarşı özünün faşist siyasətini davam etdirir.

Son günlərdə düşmən zərbələrinə  məruz qalan bölgələrimizdən biri də Bərdədir. 27 oktyabr tarixində Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonunun Qarayusifli kəndinin raket atəşinə tutulması nəticəsində 4 nəfər mülki şəxs, o cümlədən 7 yaşlı uşaq həyatını itirib və aralarında uşaqlar və qadınlar olmaqla 13 nəfər ciddi xəsarət alıb. Oktyabrın 27-də çox sayda mülki insanın kasetli raketlərlə öldürülməsindən heç bir nəticə çıxarmayan işğalçı ölkə oktyabrın 28-də yenidən Bərdə şəhərinin "Smerç” yaylım atəşli reaktiv sistemindən atəşə tutub. Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələrin endirilməsi nəticəsində 21 nəfər həlak olmuş, 70-ə yaxın şəxs isə yaralanmış, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəymişdir.

Dövlətimizin başçısı İlham Əliyev bildirir ki, Bərdə sakinlərinin qanı yerdə qalmayacaq və döyüş meydanında işğalçılara layiqli cavab veriləcək: “Erməni silahlı qüvvələrinin raketlərlə hücumu nəticəsində Bərdədə həlak olanlara Allahdan rəhmət diləyir, ailələrinə başsağlığı verir, yaralıların şəfa tapmasını diləyirəm. Bərdə sakinlərinin qisası yerdə qalmayacaq və döyüş meydanında işğalçılara layiqli cavab veriləcək”.

Təcavüz aktının humanitar atəşkəs dövründə baş verməsi, dinc insanlara qarşı "Smerç" yaylım atəşli reaktiv sistemdən və kasetli başlıqlı raketlərdən istifadə olunması Ermənistanın cəzasızlıq mühitindən yararlanmasının daha bir göstəricisidir. Azərbaycan ərazisinə atılmış kasetli mərmilər bunu bir daha sübut edir ki, Ermənistan beynəlxalq hüquq tərəfindən qadağan edilmiş silahlardan istifadəni davam etdirir.

Ermənistan Birinci Dağlıq Qarabağ müharibəsi başlanandan bəri isə Beynəlxalq humanitar hüququ ayaq altına atıb. İşğalçı dövlət beynəlxalq humanitar hüququn  "Silahlı münaqişələrin humanistləşdirilməsi" prinsipinə qarşı çıxaraq mülki əhalini atəşə tutur, dinc insanlar, xüsusilə qocalar və uşaqlar öldürülür. Təcavüzkar dövlət hələ indiyə qədər heç bir halda müharibə qurbanlarının beynəlxalq-hüquqi müdafiəsini, eləcə də mülki obyektlərin və mədəni mülkiyyətin mühafizəsini təmin etməyib. İşğalçı ölkənin əsl məqsədi beynəlxalq ictimaiyyəti aldatmaq və hər  vəchlə işğal və təcavüzü davam etdirməkdir. Qoşunların təmas xəttində Ermənistanın həyata keçirdiyi təxribatçı əməllər də əslində Ermənistanın əsl simasını göstərir.

Göründüyü kimi, bu təxribatçı əməllərin hədəfi məhz mülki Azərbaycan əhalisidir. Bunun əksinə olaraq Azərbaycan Ordusu bütün müharibə qanunları və beynəlxalq konvensiyalara əməl edərək dinc erməni əhalisinə atəş açmır. Düşmən cəbhədə uduzduqca raket atdığı dinc şəhərlərin sayını artırır. Ermənistan tərəfindən azərbaycanlı mülki əhalini məqsədyönlü şəkildə hədəfə almaq və ağır silahlardan atəşə tutmaq faşizmin və barbarlığın əyani təzahürüdür. Bu, Ermənistanın təcavüzkar siyasətinin tərkib hissəsidir. Məlum olduğu kimi, beynəlxalq hüquq münaqişələr və müharibələr vəziyyətində insan hüquqlarının mühafızəsinin və müdafiəsinin əsas elementlərini və onun icra mexanizmlərini ətraflı tənzim edib. Ermənistan isə beynəlxalq humanitar hüququ, o cümlədən 1949-cu il Cenevrə Konvensiyalarını və bu xüsusda üzərinə götürdüyü öhdəliklərini kobud şəkildə pozur. Ermənistan  tərəfindən "Müharibə qurbanlarının müdafiəsinə dair" 12 avqust 1949-cu il Cenevrə Konvensiyasının tələbləri, BMT-nin İnsan Hüquqları Komissiyasının 58-ci sessiyasının qəbul etdiyi "İtkin düşmüş şəxslər haqqında", habelə "Hərbi münaqişələr zamanı, sonradan həbs olunanlar da daxil olmaqla, girov götürülmüş qadın və uşaqların azad edilməsi haqqında" qətnamələri mütəmadi olaraq pozulur. Azərbaycan Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərini, BMT-ni, Avropa Birliyini, aidiyyəti üzrə digər beynəlxalq təşkilatları Ermənistanın kobud şəkildə atəşkəsi pozması, mülki əhalinin ağır silahlardan bombalanması ilə bağlı məlumatlandırsa da, Ermənistana qarşı heç bir təzyiq edilmir. Adıçəkilən təşkilatlar Ermənistanın dinc azərbaycanlı əhalini hədəfə götürməsinə reaksiya verməli və bunu ciddi qınamalıdırlar.

Ermənistanın dövlət səviyyəsində bilərəkdən müharibə qanunlarına riayət etməməsi, bu siyasətin isə ağır nəticələrə səbəb olması beynəlxalq insan hüquqları təşkilatları tərəfindən ciddi tədbirlər görülməsinə zərurət yaradır. Buna nail olmaqdan ötrü  insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən milli təşkilatlar Ermənistan dövlətinin mülki vətəndaşlara qarşı törətdikləri sülh və insanlıq əleyhinə olan müharibə cinayətlərinə dair faktları toplamaqla beynəlxalq səviyyədə mühakimə qurulması üçün tədbirlər görməlidirlər.