05 iyun 2020 16:57
1116

Büdcədə 5 ayda 500 milyon manat profisit: Üstünlüyü qarşıdakı müddətdə də qorumaq mümkün olacaqmı?

Koronavirus pandemiyası bütün dünyada olduğu kimi, Azərbaycanda da  2020-ci illə bağlı planları dəyişib. Bu mənada neftin qiymətinin kəskin ucuzlaşması, karantin dövrünün məhdudiyyətləri və bundan irəli gələrək iqtisadi fəallığın azalması dövlət büdcəsinin hansı səviyyədə icra olunduğunu aktullaşdırır.

Maliyyə naziri Samir Şərifov bugünlərdə jurnalistlərə bildirib ki,  yanvar-aprel aylarında Azərbaycan iqtisadiyyatında hələlik müsbət artım var. Belə ki, ilk 5 ayda Dövlət Neft Fondunun vaxtından tez ödənilmiş köçürmələri istisna olmaqla dövlət büdcəsində 500 milyon manatlıq profisit yaranıb.  Bunu “kifayət qədər yaxşı yastıq” adlandıran nazir prinsip etibarilə bütün sosial xərclərin icra olunduğunu qeyd edib.  Onun sözlərinə görə, ölkə başçısının tapşırığına əsasən bir sıra xərclərə yenidən baxılıb, yəni prioritetlər üzrə xərclərin təyinatı dəyişdirilib.

Ancaq  5 ayda 500 milyon manatlıq profisitin yaranması bu göstəricinin növbəti aylarda dəyişməz olacağı demək deyil. Təkcə onu demək kifayət edir ki, birinci rübdə  dövlət büdcəsinin profisiti Dövlət Neft Fondunun vaxtından əvvəl köçürmələri nəzərə alınmadan 762,6 milyon manat olub. Bu isə o deməkdir ki, birinci rüblə müqayisədə büdcədəki artıqlıq 34,4 faiz azalıb. Birinci rübün neftin qiymətinin daha yüksək olduğu dövr olduğunu, qarşıdakı müddətdə isə qiymətin əvvəlki həddə çatmasının inandırıcı olmadığını nəzərə alanda, büdcədəki Dövlət Neft Fondunun vaxtından tez ödənilmiş köçürmələri istisna olmaqla yaranan profisitdə azalmanın davam edəcəyi gözləniləndir.

Həmçinin o da məlumdur ki,  yanvar-may aylarında  Dövlət Neft Fondu 3 milyard 637 milyon ABŞ dolları məbləğində valyuta satışı həyata keçirib ki, bu da il ərzində Fondun satmalı olduğu valyuta məbləğinin 53,4 faizi deməkdir. Başqa sözlə, Fond  5 ay ərzində vaxtından əvvəl  illik xərcləmələrinin yarıdan çoxunu həyata keçirib.

İstənilən halda, 2020-ci ilin dövlət büdcəsinin 2 milyard 760,2 milyon manat kəsirlə proqnozlaşdırıldığını nəzərə alanda, bir sıra xərclərin təxirə salınması hesabına da olsa, 5 ay ərzində nəinki kəsirin olmaması, hətta 500 milyon manatlıq profisitin yaranmasını müsbət qiymətləndirmək olar. Lakin aydın məsələdir ki, gəlirlər itkiyə məruz qalsa da, icrası təxirə salınmış xərclər ən azından dəyişməz olaraq qalacaq. Öz növbəsində xərclərin təxirə salınması da uzunmüddətli deyil və növbəti illərdə dövlət büdcəsinin xərclərində əhəmiyyətli artım qaçılmaz olacaq.

Maliyyə naziri bundan başqa, iqtisadi artım proqnozlarına yenidən baxılacağını, bununla gəlirlərə və xərclərə yeni bir baxış nümayiş etdiriləcəyini də istisna etməyib. Lakin bununla belə, əsas gözlənti karantinin yumşaldılması ilə iqtisadi fəallığın əvvəlki səviyyədə olmasa da, artacağı və bunun gəlirlərin də artmasına imkan verməsidir.

Əslində bu gözləntinin əsasında neftin qiymətində müşahidə olunan artım dinamikası dayanır və bunun davamlı olacağı gözlənilir. Düzdür, dövlət büdcəsinə transfert ilə bağlı xərclər Neft Fondunun öhdəliyidir və neftin qiymətindən  asılı olmayaraq bu öhdəlik yerinə yetirilməlidir. Lakin Azərbaycanda fəaliyyət göstərən neft şirkətlərinin ödədikləri mənfəət vergisinin məbləğinin dəyişməsində neftin qiyməti  başlıca rola malikdir.

Digər tərəfdən, koronavirusa yoluxma hallarındakı artım səbəbindən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda sərt karantin rejiminin tətbiqi ölkədə iqtisadi fəallığın artması ilə bağlı gözləntiləri bir daha nəzərdən keçirməyi zəruri edir.

Ceyhun Piriyev,

“İki sahil”