21 iyun 2019 10:17
1451

Bugünkü Ermənistanın reallığı:  Artan borc, aclıq və səfalət

Sosial-iqtisadi sahədə yaşanan problemlər siyasi müstəvidə keçmiş hərbi xunta ilə Nikol Paşinyan arasında münasibətlərin gərginləşməsi ilə xarakterizə edilməkdədir. Belə görünür ki, ölkədə yaşanan sosial-iqtisadi problemlərdən keçmiş hakimiyyət Paşinyana qarşı istifadə etməyə çalışır. Bu məqsədlə etiraz aksiyaları da təşkil olunur. Məsələn, bu günlərdə Nikol Paşinyanın əleyhdarları Yerevanda və ölkənin daha 12 şəhərində etiraz aksiyaları keçiriblər. Paşinyanın əleyhdarları ölkədə hər sahədə vəziyyətin xeyli pisləşdiyini bildiriblər. Məsələn, qeyd olunur ki, 2019-cu ilin ilk rübündə Ermənistana yatırılan birbaşa xarici investisiya axını cəmi 7,6 milyon dollar təşkil edib və bu çox kiçik rəqəmdir və keçən ilin analoji dövrü ilə müqayisədə dəfələrlə az olub. Yaranmış vəziyyət azsaylı investorların da Ermənistandan üz çevirdiyini göstərir.

Eyni zamanda, ölkənin xarici borcu durmadan artır. Erməni iqtisadçılar ölkənin dövlət borcunun təhlükəli həddi keçdiyini elan ediblər. Ermənilərin “Joxovurd” nəşri də Ermənistanın dövlət borcunun artıq təhlükəli həddə çatdığını etiraf etmək məcburiyyətində qalıb. Qeyd edək ki, bu il mayın 31-nə olan məlumata görə, Ermənistanın dövlət borcu 6 milyard 924,5 milyon dollar təşkil edib. Bu barədə “Aysor” saytına danışan erməni iqtisadçı Vardan Bostançıyan bunları deyib: “ötən illər ərzində alınan kreditlər ölkənin heç bir sahəsindəki inkişafa təsir göstərməyib. İndi problem bu vəsaitlərin səmərəli istifadəsi üçün müvafiq mexanizmlərin əldə edilməsindən ibarətdir”.

Hazırkı hökumət proqramının lirik xarakter daşıdığını bildirən erməni iqtisadçı bunun ölkə üçün heç bir əhəmiyyət kəsb etmədiyni bildirib: “Hazırda prosesə əməl etmək üçün heç bir göstərici, meyar yoxdur. Məhz buna görə də dövlət borcu baxımından biz hələ də qeyri-müəyyənlik içindəyik”.

Ermənistan Dövlət Statistika Xidmətindən mətbuata verilən açıqlamada deyilir ki, ölkə vətəndaşlarının hər üç nəfərdən biri yoxsuldur. Buna görə kasıblar ölkə əhalisinin 29.4 faizini təşkil edir ki, onlardan 1.8 faizi çox yoxsul, 8 faizi olduqca yoxsuldur. Ölkə üzrə yoxsulların sayı isə təxminən 800 min nəfərdir. Yoxsullar nəzərdə tutulan 40.867 dramdan (99.7 dollar) az pul xərcləyirlər. Yoxsulluq əmsalı ayda 40 867 dramdan (85 dollar) az xərcləyən vətəndaşlara aiddir. Ayda 33 418 dramdan (69 dollar) az gəliri olanlar çox yoxsul, 23 313 dramdan (48 dollar) az gəliri olanlar səfalət içində yaşayanlar hesab edilir. Maraqlıdır ki, Ermənistan hələ də 2009-cu ilə - iqtisadi böhranından əvvəlki yoxsulluq həddinə enməyib. Belə ki, 2008-ci ildə yoxsullar əhalinin 27.6 faiz təşkil edirdi. Bir başqa əhəmiyyətli göstərici də bölgələr arasında yoxsulluq həddinin qeyri-bərabər paylaşımıdır. İrəvanda yoxsulluq həddi 24.9 faizdirsə, digər bölgələrdə bu fərq 33.2 faizə qədər yüksəlir. Yoxsulluğun qarşısının alınması üçün 63.2 milyard dram (130.3 milyon dollar) lazımdır ki, bu da ÜDM-in 1.2 faizini təşkil edir və Ermənistan kimi bir dövlət üçün olduqca böyük rəqəmdir. Çox yoxsul olanların sosial-iqtisadi  vəziyyətinin yaxşılaşdırılması üçün 1.4 milyard dram-ÜDM-in 0.03 faizi lazımdır. Ermənistanın 2014-2025-ci illər üçün Strateji inkişaf perspektivi proqramında hökumət yoxsulluq həddini 24 faizə endirməyi planlaşdırsa da, mövcud iqtisadi göstəricilər bunun mümkün olmayacağını deyir.

Ümumiyyətlə, Ermənistan iqtisadiyyatı 2009-cu ildə yaşanan dünya iqtisadi böhranının nəticələrini hələ də üzərində hiss edir. İqtisadi göstəricilərinin bir çoxu hələ də 2009-cu il göstəricilərinin altındadır. Ölkədə korrupsiyanın qarşısının almaq mümkün deyil, sərmayə yüksələn qrafik üzrə xaricə “qaçır.’’ Hökumət bu problemlərin qarşısını almaqda acizdir və yeni problemlərlə qarşı-qarşıya qalma ehtimalı olduqca yüksəkdir.

Sevinc Azadi, “İki sahil”