KÖŞƏ

Sevinc Azadi

Bütün yollar Bakıdan keçir

15 aprel 2019 11:33
1680

Bakıda və ölkənin regionlarında beynəlxalq hava limanlarının, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri istiqamətində beynəlxalq əhəmiyyətli avtomobil yollarının tikintisi və dəmir yolu xətlərinin yenilənməsi respublikamızın xarici iqtisadi əlaqələrinin genişlənməsinə mühüm təsir göstərib, eyni zamanda, Azərbaycanın tranzit potensialını və tranzit daşımalarında iştirak imkanlarını artırıb. Bu sırada öncə “Yeni İpək Yolu” layihəsi ilə Azərbaycanın coğrafi, iqtisadi, energetik və nəqliyyat-logistika özəlliklərinin tam uyğunlaşdırılması vurğulanmalıdır. Sadalanan istiqamətlərdə sistemli fəaliyyət göstərmək üçün Azərbaycanın strateji yol xəritələri hazırdır. Məsələn, “Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi” 2020-2025-ci illər və 2025-ci ildən sonrakı dövr üçün qısa, orta və uzunmüddətli perspektiv istiqamətləri müəyyən edir. Sənəddə logistika üzrə inkişaf perspektivini özündə əks etdirən strateji məqsəd və hədəflər konkret ifadəsini tapıb. Eyni zamanda, həmin məqsəd və hədəflərə çatmaq üçün prioritetlər də müəyyənləşdirilib.

Əgər bu gün Azərbaycan həm nəqliyyat dəhlizlərinin kəsişdiyi coğrafi məkan, həm də ciddi rəqabət qabiliyyətinə malik dövlət olaraq bu prosesdə iştirak edirsə, onu hər kəs regionun geosiyasi, iqtisadi, kommunikasiya və logistika mərkəzi kimi qəbul etməyə məcburdur. Bu aspektdə Prezident İlham Əliyevin 2016-cı il mart ayının 17-də Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla Azad Ticarət Zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalaması xüsusi əhəmiyyəti olan hadisədir. Azərbaycanın nəqliyyat infrastrukturunda mühüm yer tutan Ələt Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi tam istifadəyə veriləndən sonra bu logistik mərkəz regionun avtomobil, dəmir və dəniz yollarının kəsişmə nöqtəsinə çevriləcək. Bu liman Çindən tutmuş Mərkəzi Asiya və Avropayadək tranzit daşımalara yeni məzmun və dinamizm verəcək. Bundan əlavə, limanın ətrafında yaradılacaq azad ticarət zonası daha çox yükdaşımaların həyata keçirilməsinə əlverişli şərait yaradacaq. Yeri gəlmişkən, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı tam şəkildə istifadəyə veriləndən sonra kompleksin ümumi yükdaşıma həcmi ildə 25 milyon tona çatdırılacaq. Limanın ətrafında yaradılacaq Ələt Azad Ticarət Zonasının isə 2021-ci ildən tam fəaliyyətə başlaması nəzərdə tutulur.

Azərbaycanın iştirak etdiyi beynəlxalq nəqliyyat layihələrindən biri olan və Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirən Şimal-Cənub nəqliyyat dəhlizi də respublikamızın tranzit potensialından yüksək səviyyədə bəhrələnməyə imkan verəcək. Bu layihə Hindistandan başlayaraq, İrandan keçməklə Azərbaycan, Rusiya, Fin körfəzinə qədər böyük bir ərazini əhatə edəcək. Azərbaycan isə həmin nəqliyyat dəhlizi çərçivəsində dünyanın böyük iqtisadiyyatlarını birləşdirəcək. Bu dəhlizin gerçəkləşdirilməsi yüklərin ünvanına çatdırılma müddətlərini 2-3 dəfə azaldacaq. İran bu dəmir yolu layihəsinin inşası üçün 2016-cı ildə Hindistanla müqavilə imzalayıb. Hindistanın “IRCON” dövlət şirkəti dəmir yolunun Çabahardan Zahedana qədər olan 500 kilometrlik hissəsini tikmək barədə razılıq verib. Bu yolun çəkilişi üçün 1,6 milyard dollar ayrılıb.

Azərbaycanın regional nəqliyyat dəhlizinə çevrilməsində Bakı-Tbilisi-Qars dəmir yolunun önəmi daha yüksəkdir. Bu barədə danışarkən, qeyd etməliyik ki, 2017-ci ildə istifadəyə verilən bu dəmir yolu xətti Avropa və Asiya qitələrini birləşdirən yeni nəqliyyat dəhlizidir. Bu strateji layihə müəyyən çətinliklərə baxmayaraq Prezident İlham Əliyevin siyasi iradəsi nəticəsində uğurla reallaşıb. Bakı-Tbilisi-Qars dəmir yolu xətti Asiya ilə Avropa arasında ən qısa və etibarlı yol kimi Azərbaycana həm iqtisadi, həm də siyasi dividentlərini zaman keçdikcə daha da artıracaq. Bundan əlavə Bakı-Tbilisi-Qars dəmir yolu, habelə Bakı beynəlxalq dəniz ticarət limanı Çinin “Bir kəmər, bir yol” strategiyasının həyata keçməsində əhəmiyyətli rola malikdir. Qeyd etmək yerinə düşər ki, Azərbaycan Çinin “Bir kəmər, bir yol” iqtisadi inkişaf strategiyasını dəstəkləyən ilk ölkələrdən biridir. Prezident İlham Əliyevin 2015-ci ilin dekabrında Çinə dövlət səfəri çərçivəsində “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu imzalanıb.

Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “China Daily”yə müsahibəsində bildirib ki, Azərbaycan yeni əməkdaşlıq və dostluq körpüləri yaradır. Bu ayın sonunda “Bir kəmər, bir yol” II Beynəlxalq əməkdaşlıq forumu olacaq və Azərbaycan bu yüksək səviyyəli tədbirdə fəal şəkildə iştirak edəcək.

H.Hacıyev deyib ki, Azərbaycan dəniz limanları, aeroportlar, dəmir və quru yollarının daxil olduğu nəqliyyat şəbəkəsi yaradıb: “Son illərdə 15 min km quru yolları tikilib və ölkə Xəzərdə iri dəniz limanlarından birini inşa edir. Bütün bunlar qədim İpək Yolunun mühüm nöqtələridir”.

Nəzərdən keçirdiyimiz islahat və layihələr bir daha sübut edir ki, Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat marşrutlarının iqtisadi potensialı olduqca yüksəkdir. Bu sahədə görülən işlər son illər ölkəmizin Avrasiyanın önəmli nəqliyyat-logistika qovşağına çevrilməsini təmin edib. Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi də təsdiq edir ki, ölkəmizin bu istiqamətdə irimiqyaslı hədəfləri olan konkret siyasəti var.