20 oktyabr 2019 14:22
2502

Cavid Osmanov: Qanunsuz aksiya xalqımız tərəfindən baykot olundu

“Oktyabrın 19-da Azərbaycan xalqına, Azərbaycanın müstəqilliyinə, dövlətçiliyinə xəyanət edən antimilli ünsürlər - AXCP, “Milli Şura”, xüsusən Əli Kərimli başda olmaqla dağıdıcı qüvvələr növbəti dəfə biabırçı uğursuzluğa düçar oldular. Xalqımız bir daha gördü ki, bunların məqsədi dinc mitinq keçirmək yox, təxribat törətməkdir”.

Bu fikirləri "İki sahil" qəzetinə açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədri Cavid Osmanov deyib.

C.Osmanov bildirib ki, həmin antimilli qüvvələr ölkəmizdə hökm sürən əmin-amanlığı, sabitliyi pozmağa cəhd etdilər: “Dinc mitinq keçirmək üçün onlara müvafiq yer ayrılmışdı. Amma gördüyümüz kimi, onların məqsədi dinc toplantı keçirmək deyildi. Bunların məqsədi yalnız və yalnız bu gün ölkəmizin iqtisadi baxımdan qüdrətli bir dövlətə çevrilməsinə, inkişaf etməsinə, müstəqilliyimizə, əmin-amanlığımıza, sabitliyimizə qarşı ayrı-ayrı insanları cəlb etmək idi. Onlar cəhd etdilər ki, qanunsuz olaraq "28 May" metro stansiyasının qarşısına yığışsınlar. Lakin təbii ki, hər şey Azərbaycan dövlətinin qanunları ilə tənzimlənir və qanuna müvafiq olaraq bu qanunsuz cəhdin qarşısı alındı. Ən əsası isə Azərbaycan xalqı bu satqın insanların çağırışlarına reaksiya vermədilər, oraya toplaşmadılar və bir daha sübut etdilər ki, onlar artıq xalqımızın yaddaşından tamamilə silinib atılıblar."

C.Osmanov vurğuladı ki, Azərbaycan xalqı heç zaman onları dəstəkləməyəcək: "Azərbaycan xalqı onları artıq lazım olduqları yerə atıb, onlar arxivlərdədirlər, ancaq onlar bunu başa düşmürlər, çünki onlara diktə edən erməni lobbisi, Azərbaycanı sevməyən qüvvələr var. Bu qanunsuz aksiyada onlar növbəti dəfə xalqımız tərəfindən baykot olundular. Çünki xalqımız bu gün dövlətçiliyimizin, müstəqilliyimizin keşiyindədir və cənab Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasəti dəstəkləyir."

Orxan Vahidoğlu,

"İki sahil"