14 iyul 2020 17:25
1074

Cəbhə kəndində sakinlərin əhval-ruhiyyəsi yüksəkdir

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində gərginliyi artırmaq məqsədilə iriçaplı pulemyotlardan, qumbaraatanlardan, snayper tüfənglərindən, eləcə də minaatanlardan və digər artilleriya qurğularından da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 74 dəfə pozub. Düşmən ötən gecə Ağdam rayonunun Yusifcanlı və Mərzili kəndləri yaxınlığında yerləşən mövqelərdən də ordumuzun mövqelərini atəşə tutub və cavab atəşi ilə susdurulub. AZƏRTAC-ın bölgə müxbiri həmin istiqamətdə yerləşən Hacıməmmədli kəndinə gedərək sakinlərlə həmsöhbət olub.

Ağdam Rayon İcra Hakimiyyətinin nümayəndəsi Baxşeyiş Əliyev AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, Hacıməmmədli kəndi təmas xəttinə ən yaxın məsafədə yerləşən yaşayış məntəqələrindəndir. İşğal altında olan Yusifcanlı və Sarıcalı kəndləri istiqamətlərindən vaxtaşırı düşmənin atəşinə məruz qalsa da, bu, yurda, torpağa bağlı kənd sakinlərini qorxutmur. 2016-cı ilin aprel ayında da düşmənin artilleriya atəşinə məruz qalan kənddə xeyli dağıntılar olmuş, dinc sakinlərdən bir neçə nəfəri yaralanmışdı. Zərər çəkmiş bütün evlər Prezidentin Sərəncamı ilə bərpa edildi. Həmişə olduğu kimi, bu gün də kənddə həyat öz axarı ilə davam edir.

Yay mövsümi ilə əlaqədar kənd sakinləri hazırda tarla işləri ilə məşğuldurlar. Kənd əməkçiləri bostan-tərəvəz və pambıq sahələrində becərmə işləri aparır, mal-heyvan otarırlar. Onların əsas qazancı əkin-biçindən və heyvandarlıqdandır.

Kənd sakini Bəypaşa Quliyev düşmənin cəbhə xəttindəki təxribatlarının onları qorxutmadığını bildirib: “Kənd sakinlərinin əhval-ruhiyyəsi yüksəkdir. Təmas xəttində atəş səslərinin gəlməsi bizi narahat etmir. Əksinə, hər bir kənd sakini Ali Baş Komandanın əmri ilə silaha sarılıb irəli getməyə hazırdır”.

Digər kənd sakini Xatirə Quliyeva isə deyib: “Atəşkəs tez-tez pozulur. Ötən gecə də düşmən bizim kənd istiqamətində atəşkəsi pozmuşdu. Lakin biz Prezidentimizə, ordumuza güvənib kəndimizdə yaşayırıq. Mal-heyvan saxlayır, əkin-biçin işləri aparırıq. Əminik ki, Prezidentimizin qətiyyəti, ordumuzun qüdrəti sayəsində qalib gələcəyik”.

Hacıməmmədli kəndində söhbət etdiyimiz hər bir sakində nikbinliyin, əməksevərliyin və yüksək əhval-ruhiyyənin şahidi olduq.