17 sentyabr 2019 10:42
1239

Cəhənnəm carçıları

Siyasi partiyaların, qeyri-hökumət  təşkilatlarının, müstəqil siyasi ekspertlərin iştirakı ilə “Azərbaycandakı siyasi proseslərə xarici müdaxilələrin yolverilməzliyi” mövzusunda keçirilən  tədbir bir daha  göstərdi ki,  iqtidar milli birlik və həmrəylik üçün dialoqlara hər zaman hazırdır.

İki gün davam edən, Asiya, Avropa və Afrikanın 20-yə yaxın ölkəsini təmsil edən nümayəndələrin, BMT, Avropa Şurası kimi beynəlxalq təşkilatların təmsilçilərinin iştirakı ilə Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının  Bakıda keçirilən illik toplantısı da  ölkəmizdə  davam etdirilən demokratik islahatların beynəlxalq standartlara cavab verdiyini  göstərdi.

Son illərdə  Azərbaycanda  kütləvi informasiya  vasitələrinin maddi-texniki bazasının gücləndirilməsi,  sosial şəbəkələrin sərbəst fəaliyyəti,  internet istifadəçilərinin  sayının əhalinin 85 faizi ötməsi, jurnalistlərin sosial müdafəsinin gücləndirilməsi,  söz, fikir, mətbuat azadlığının yüksək səviyyədə olması, respublikada aparılan islahatların  davamlı proses  kimi diqqətdə saxlanılması demokratik islahatların nümunəsidir.

“Ona görə jurnalistlər bəlkə də özləri də bilmədən mənim köməkçilərimdir” söyləyən,   “Azərbaycanda həm demokratik, həm də sosial-iqtisadi inkişaf paralel gedir. Buna görə hesab edirəm ki, bizim cəmiyyətimizdə islahatlar təkamül yolu ilə aparılır və dərinləşir. Siyasi və iqtisadi islahatlar daha da dərinləşməlidir”  sözləri ilə  ictimai-siyasi  həyatda KİV-lərin fəaliyyətini  qiymətləndirən  Prezident İlham Əliyev ölkədə milli birlik və həmrəyliyin yaradılmasında böyük rolu olan müstəqil mətbuatın inkişafını, sosial şəbəkələrdən sərbəst istifadəni,   siyasi partiyaların dialoqlarını  mühüm amil  adlandırır.    Dövlət başçımızın “Digər məsələlərə gəldikdə, hesab edirəm ki, jurnalistikamız xarici təsirdən azad olmalıdır, xarici təsir altına düşməməlidir. Azərbaycan getdikcə daha da güclənir, Azərbaycanın rolu nəinki bölgədə, dünyada artır. Bölgədə bizim iştirakımız, razılığımız olmadan heç bir layihə, yaxud siyasi, iqtisadi və digər təşəbbüs reallaşa bilməz. Biz müstəqil siyasət aparırıq. Ona görə bizim siyasətimizə heç bir kənar qüvvə təsir edə bilməz” sözləri demokratiyaya verilən dəyər,  müasirliyi baxımdan səciyyəvidir. Yuxarıda adları qeyd olunan tədbirlərin keçirilməsində də məqsəd  həyatımızın ayrılmaz parçası olan sosial şəbəkələrdən istifadədə informasiya təhlükəsizliyinin qorunması üçün həyata keçirilən islahatların davam etdirilməsi,  rəy və təkliflərin öyrənilməsidir.

Çox təəssüf ki,  Azərbaycanda yaradılan demokratik şəraitdən sui-istifadə edən,  xarici ölkələrdə  mühacir həyatı keçirərək ermənipərəst  mənbələrin maliyyə dəstəyi ilə  Azərbaycana qarşı  böhtanlar yağdıran  AXCP sədri Əli Kərimlinin formalaşdırdığı  agent şəbəkəsi hələ də  milli birlik və həmrəyliyi pozmağa çalışır, təxribatlar aparır,  cinlərin “Bisimillah” kəlməsindən qorxduqları   qədər təlaş keçirirlər.

Formalaşdırdığı “beşinci kolon”u Vətənə xəyanət ruhunda “tərbiyə edən”   Əli Kərimlinin, Müsavat və “Milli Şura” təmsilçilərinin   təşkil olunan dialoqla, Azərbaycanın xarici siyasəti, ölkədə aparılan demokratik islahatlarla, beynəlxalq təşkilatların hesabatlarında  qeyd olunan ölkəmizin qazandığı uğurlarla bağlı  obyektivlikdən kənar yanaşmaları milli birliyə  xəyanətdir.

Ölkəmizə qarşı  düşmən mövqedə olan beynəlxalq təşkilatları  əsası olmayan  böhtan xarakterli informasiyalarla  təmin edən, ermənipərəst qüvvələr hesabına  maliyyələşən    saqtınlar şəbəkəsinin nümayəndələrindən olan Vidadi İsgəndərli, Qənimət Zahid, Xədicə İsmayıl,  Sevinc Osmanqızı və başqalarının da ermənilərin lobbisi ilə bağlılığı artıq sübut olunub. Elə buna görədir ki,  milli birliyin özləri üçün fəlakət olduğunu düşünən əlikərimlilər təbii ki,  Azərbaycanda siyasi sabitliyin pozulması üçün  şeytanla belə əməkdaşlığa hazırdırlar.

Azərbaycanın iqtisadi inkişafının bəhrəsi olan maliyyə imkanlarının artması nəticəsində davamlı olaraq həyata keçirilən sosial islahatları özlərinin məhvi kimi başa düşənlər  istefalar üzündən partiyalarının birdəfəlik  yox olmasından daha çox  qorxurlar. Çünki  ictimaiyyət, cəmiyyətin bütün təbəqələri aydın başa düşür ki, xarici ölkələr tərəfindən maliyyələşən radikalların niyyəti ölkəmizin beynəlxalq aləmdə möhkəmlənən nüfuzuna  qara yaxmaqdır. Bu ölkənin vətəndaşı olduğu üçün qürur duyan    insanlar isə bu cür bədniyyətliləri, Vətən xainlərini, satqınları lənətləyirlər.

Ölkədə aparılan  quruculuq işlərindən, bütün sahələri əhatə edən, respublika  əhalisinin razılıqla qarşıladığı islahatlardan narahat olan radikal düşüncəli xainlərin  mərəzi yaxşı nə varsa gözdən salmaqdır.  Cari ildə dəfələrlə  artırılan əməkhaqqı və pensiyaların vətəndaşlarda yaratdığı xoş əhval-ruhiyyədən qıcıqlanan AXCP, Müsavat, “Milli Şura” təmsilçiləri  insanların bu sevincini  sonlarının başlanğıcı olduğunu  aydın başa düşürlər. 2 milyondan artıq insanı əhatə edən,  milyard manatlarla vəsait ayrılan, 17 Sərəncamın  reallaşması ilə MDB məkanında  ikinci yerə yüksələn Azərbaycanın bu uğurları, ölkədə insan amilinə göstərilən diqqət bataqlıq  düşüncəli  şəbəkəni  daxildən çürüdür. Bu da, səbəbsiz deyil. Hakimiyyətdə olduqları müddətdə büdcəni boşaldan, müəssisələrin  bütün avadanlıqlarını özəlləşdirmə adı ilə xarici şirkətlərə satan,  ölkə vətəndaşlarını ən aşağı yoxsulluq həddinə çatdıran o vaxtın bəyləri, indiki radikallar  ölkədə yaranan siyasi sabitlikdən, insan amilinə göstərilən diqqətdən, həyata keçirilən  islahatlardan narahat olur, Azərbaycanla bağlı səslənən xoş sözləri özlərinin məhvi hesab edirlər. Partiyaları daxilində  baş verən didişmələri pərdələmək, sürətlənən istefaları gizlətmək üçün  diqqəti iftiralara yönəldən Əli Kərimli, Müsavat başqanı Arif Hacılı  nəinki milli həmrəyliyi, siyasi  partiyalar arasında   birliyi belə  istəmirlər.  Bunun üçün mənfur niyyətlərindən  əl çəkmirlər. Əslində radikalları bataqlığa sürükləyən  düşərgədəki  vəziyyət  bu funksionerlərin iç üzlərini  göstərir. İllərdən bəri çiyin-çiyinə  yürüdüklərini  zənn edən, özlərinə sərf etdikləri zaman səmimi görüntü yaratmağa çalışan Əli Kərimli-Arif Hacılı cütlüyünün əsas məqsədi başqalarından istifadə etməklə   şəxsi maraqlarına mümkün qədər daha çox nail olmaqdır.  AXCP-də,  “Milli Şura”da  olduğu kimi, Müsavatda da  baş verən qalmaqallar, qarşıdurmalar partiya sədrlərinin paxıllıq və qısqanclıq hisslərinin sağalmaz mərəz olduğunu göstərir. Buna görə də  25 ildən artıq müddətdə  “ayrılmaz dostlar” görüntüsü yaradan “mehriban düşmən”lər, Əli Kərimli- Arif Hacılı cütlüyünün milli həmrəylik və birlik  haqqındakı   ermənisayaq düşüncələri “ dediyim dedik, çaldığım düdük” misalına bənzəyir.

Xuraman İsmayılqızı,

“İki sahil”