20 sentyabr 2019 20:21
1067

Cəmiyyətin gələcəyi üçün təhlükəni birgə səylərlə dəf etməliyik

“Bəşəri bəla” kimi də qiymətləndirilən narkomaniya çağdaş dünyada insan həyatını ciddi təhlükə qarşısında qoyan ən qorxulu problemlərdəndir. Narkomaniya cəmiyyətin normal inkişafı qarşısında böyük maneəyə çevrilmişdir. Bəşəriyyətin üz-üzə qaldığı bu kabusa qarşı mübarizə bu gün bütün ölkələri düşündürür.

Hazırda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən qarşılıqlı faydalı əməkdaşlığın yollarını axtarır, narkomanlığın müalicə metodlarını təkmilləşdirmək məqsədilə zəruri addımlar atırlar. “Ağ ölüm”lə mübarizə cəmiyyətin ən müxtəlif təbəqələrinin, dövlət qurumlarının, habelə qeyri-hökumət təşkilatlarının işbirliyini birgə zəruri edir.

Ölkəmizdə də bu istiqamətdə mühüm işlər görülmüşdür. Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 26 avqust tarixli Fərmanı ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılmışdır. Narkotiklərin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsində təşkilati-hüquqi, institusional və digər tədbirlər həyata keçirilməkdədir. 2000–2006-cı illərdə bu sahədə ilk Dövlət Proqramı icra olunmuşdur.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə əhalinin sağlamlığı diqqət mərkəzində saxlanılır, müasir standartlara cavab verən tibb müəssisləri, reabilitasiya mərkəzləri yaradılır, paytaxtda və bölgələrdəki sağlamlıq mərkəzlərinin maddi-texniki bazası gücləndirilir. Bununla yanaşı, narkomaniyaya qarşı sistemli mübarizəni təmin etmək məqsədilə dövlət başçısının sərəncamları ilə təsdiq olunan narkotik vasitələrin, psixotrop maddələrin dövriyyəsi və narkomanlığın yayılmasına qarşı mübarizəyə dair 2007-2012 və 2013-2018-ci illər üzrə Dövlət proqramları həyata keçirilmişdir.

Bu istiqamətdə fəaliyyətin davamlılığını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2019-cu il tarixli Sərəncamı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı” təsdiq edilmişdir.

Sənəddə şagird və tələbələrin antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədilə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı intellektual müsabiqələrin təşkili, sağlam həyat tərzinin təbliği və narkomanlığın zərəri ilə bağlı teatr tamaşası, bədii, sənədli və animasiya filmlərinin hazırlanması, tanınmış ictimai xadimlərin, incəsənət ustalarının iştirakı ilə mövzuya həsr olunmuş təbliğat xarakterli kütləvi tədbirlərin təşkil edilməsi, şəhər və rayonlarda asudə vaxtın səmərəli təşkili məqsədilə yeniyetmə və gənclərə xidmət göstərən dövlət müəssisələrinin fəaliyyətinin inkişaf etdirilməsi, bu sahədə çalışan mütəxəssis və əməkdaşların biliklərinin, bacarıqlarının və peşəkarlıq səviyyəsinin artırılması kimi məsələlər əksini tapmışdır.

***

Dövlət Proqramının müvafiq bəndlərində, digər dövlət orqanları ilə yanaşı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin də qarşısına müəyyən vəzifələr qoyulmuşdur. Cari ildə nazirliyin tabe təşkilatlarında, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin, eləcə də 15 regional idarənin əhatə etdiyi müəssisələrdə – muzeylərdə, kitabxana və klublarda, teatrlarda, tədris ocaqlarında narkomaniya fəsadlarından bəhs edən sərgilər, maarifləndirici görüşlər, dəyirmi masalar təşkil olunmuş, həmçinin teatrlarda bu mövzuda səhnə əsərləri nümayiş etdirilmişdir.

 M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “Narkomaniyaya yox deyək” adlı elektron məlumat bazası istifadəyə verilmişdir. Kitabxanada həmçinin gənclərin iştirakı ilə “Gəlin gələcəyimizi qoruyaq” adlı dəyirmi masa keçirilmişdir. “26 iyun – Narkomaniya və narkobiznesə qarşı beynəlxalq mübarizə günüdür” adlı bir həftə davam edən geniş kitab sərgisi açılmışdır. Gənclər arasında narkomaniyaya qarşı mübarizənin gücləndirilməsi, onların sağlam həyat tərzi ruhunda tərbiyə olunmaları məqsədilə kitabxananın nəzdində fəaliyyət göstərən “Açıq kitabxana”da təşkil olunan “Sağlam həyat naminə narkotikdən uzaq duraq” adlı kitab sərgisi maraqla qarşılanmışdır.

C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası tərəfindən 2019-cu ilin yanvar-iyun  ayları  ərzində “Narkomaniya əsrin bəlasıdır”, “Gəncliyimizi narkotikdən qoruyaq” mövzularında kitab sərgiləri təşkil olunmuş, oxucularla “Gənclərin narkomaniyaya münasibəti”, “Narkotiksız sağlam, saf gələcək”, “Ağ ölüm”ə gedən yol”, “Narkomaniya ilə mübarizəyə qoşulaq” mövzularında söhbət-mühazirələr aparılmışdır. May ayında kitabxanada “Narkomaniya, dünyanın ən böyük bəlası” adlı dəyirmi masa keçirilmiş, narkomaniya, onun törətdiyi acı fəsadlara həsr olunmuş “Bəla” əsəri əsasında çəkilmiş film nümayiş etdirilmişdir.

Respublikanın klub müəssisələrində “Ağ ölüm”ə yox deyək” başlığı altında silsilə tədbirlər, o cümlədən dəyirmi masalar təşkil edilmişdir. Mədəniyyət mərkəzləri, mədəniyyət evləri və klublardakı dərnəklərə cəlb olunmuş məktəbli uşaqlara narkotik vasitələrin insanlar üçün zərərləri haqqında məlumat verilmişdir. Xalq teatrları və dram dərnəklərində narkomaniyanın fəsadlarına həsr edilən tamaşalar nümayiş etdirilmişdir.

16-18 aprel 2019-cu il tarixində Bakı şəhərində Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfrans keçirilmişdir. Konfrans iştirakçıları üçün rəngarəng mədəni proqram təşkil olunmuşdur. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında V.Siqarevin “Şeytan ailəsi” əsəri əsasında hazırlanmış “Ağ ölüm” tamaşası göstərilmiş, Azərbaycan İstiqlal Muzeyində təşkil edilən “Narkomaniya - bəşəriyyətin bəlası” adlı rəsm sərgisi maraqla qarşılanmışdır. Tədbir günlərində müxtəlif məkanlarda Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri, Azərbaycan Dövlət Rəqs Ansamblı, Azərbaycan Dövlət Simli Kvarteti, “Qaya” vokal ansamblı, caz qrupu, habelə əməkdar artistlər Aqşin Abdullayev, İlham Nəzərov, Nərgiz Kərimova, İlahə Əfəndiyeva və başqalarının ifasında konsert proqramları təqdim olunmuşdur.

C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində narkomaniya ilə mübarizəyə həsr olunmuş videoçarx nümayiş etdirilmiş, narkotik vasitələrin insan həyatına təsiri barədə mühazirə oxunmuşdur.

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində “Çalış ki, hədəf olmayasan” mövzusunda gerçəkləşən tədbirdə Bakı Uşaq Teatrının səhnələşdirdiyi “Həyatla oyun” tamaşasının videoyazısı təqdim olunmuşdur.

Bülbülün memorial muzeyində 26 iyun – Narkomaniya və narkobiznesə qarşı beynəlxalq mübarizə günü çərçivəsində muzeyə gələn azyaşlı uşaqlara videoçarx nümayiş etdirilmiş, narkotik vasitələrin insan həyatını məhv etməsi barədə mühazirə oxunmuşdur.

***

Ötən dövr ərzində nazirliyin regional mədəniyyət idarələri və tabe müəssisləri tərəfindən də bir sıra tədbirlər həyata keçirilmişdir.

S.Vurğun adına Sumqayıt şəhər Mərkəzi Kitabxanasında narkomaniyaya qarşı mübarizə mövzusunda maarifləndirici tədbirlər təşkil olunub. Sumqayıtın Gənclər kitabxanasında “Narkomaniya və narkobiznesə qarşı beynəlxalq mübarizə günü” ilə əlaqədar “Sağlam gənclik üçün narkomaniyaya yox deyək” adlı informasiya saatı, M.Ə.Sabir adına kitabxana filialında “Həyat narkotikdən daha qiymətlidir” mövzusunda dəyirmi masa, Mərkəzi Uşaq Kitabxanasında fəal oxucuların iştirakı ilə “Varlığın qənimi, həyatın sonu” mövzusunda dəyirmi masa təşkil edilmişdir.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin Abşeron rayon Mədəniyyət Mərkəzində “Bataqlığa düşən çiçək” tamaşası nümayiş olunmuş, Fatmayı kənd Diyarşünaslıq klubunda “Narkomaniya və “ağ ölüm”, Novxanı kənd Sənətkarlıq klubunda “Narkomaniya əsrin bəlasıdır” mövzularında tədbirlər keçirilmişdir.

Kürdəmir Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi rayonların Mədəniyyət mərkəzləri və Mərkəzləşdirilmiş Kitabxana Sistemləri birgə “Narkomaniyaya yox deyirik” adlı aksiyalar təşkil etmişlər. Kənd mədəni-maarif müəssisələrində hüquq-mühafizə orqanlarının əməkdaşları ilə gənclərin görüşləri keçirilmiş, narkomaniya əleyhinə təbliğat xarakterli mühazirələr dinlənilmişdir.

Şəki Regional Mədəniyyət İdarəsi tərəfindən “Narkomaniya və narkobiznesə qarşı beynəlxalq mübarizə günü” münasibətilə Şəki şəhər MKS-nin hazırladığı tədbirlər planına uyğun olaraq kitabxana filiallarında “Narkomaniya və QİÇS-ə qarşı mübarizə mənəviyyatın xilası deməkdir”, “Sosial bəla – narkomaniya”, “Narkomaniya qlobal fəlakətdir” və s. mövzularda elmi-nəzəri konfranslar, dəyirmi masalar keçirilmişdir.

Şəki Xalq Tətbiqi Sənəti Muzeyində “Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya yox deyək” adlı tədbir, Sabit Rəhmanın ev-muzeyində “Sağlam həyat” adlı dəyirmi masada narkomaniyanın insan sağlamlığına vurduğu zərbələrdən söz açılmışdır. Regional idarənin Zaqatala rayon Mərkəzi Kitabxanasında gənc oxucular və kitabxana işçiləri üçün “Azərbaycanfilm” kinostudiyasında çəkilmiş “Məhkumlar” filmi nümayiş olunmuşdur.

Şəmkir Regional Mədəniyyət İdarəsinin tabeliyindəki Mədəniyyət mərkəzlərində hüquq mühafizə orqanları, səhiyyə, təhsil işçiləri ilə birgə konfranslar təşkil edilmiş, maarifləndirici mövzularda məruzələr, çıxışlar dinlənilmişdir. Mərkəzləşdirilmiş Kitabxana Sistemlərində və filiallarında, o cümlədən Çənlibel Xalq Tətbiqi Sənəti Muzeyində narkotik vasitələrin, psixotrop maddələrin zərərləri ilə bağlı kitab sərgiləri, fotostendlər, məruzələr və s. təşkil edilmişdir.

Masallı Regional Mədəniyyət İdarəsi tərəfindən Masallı rayon Mərkəzi Kitabxanasında mütəmadi olaraq hər ay mövzu ilə əlaqədar tədbirlər keçirilir. Kitabxanada şəhər 4 saylı tam orta məktəbin şagirdlərinin də iştirak etdiyi “Narkomaniyaya yox deyək”, “Narkomaniya – ağ ölüm”, “Narkomaniya günümüzün acı reallığı”, “Gəncləri narkomaniya təhlükəsindən qoruyaq”, “Narkomaniyaya qarşı mübarizə aparaq” başlıqlı tədbirlər keçirilmişdir.

Masallı rayon Heydər Əliyev Mərkəzinin tədbirlər planına uyğun olaraq, “Narkomaniya bəşəriyyətin faciəsidir”, “Narkomaniya və onun fəsadları”, eləcə də R.Tağıyev adına Masallı Tarix-Diyarşünaslıq Muzeyində “Narkomaniyaya yox deyək” başlıqlı tədbirlərdə bu sosial bəlaya qarşı mübarizənin əhəmiyyətindən söz açılmışdır.

Sabirabad Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi mədəniyyət ocaqlarında yeniyetmə və gənclərin iştirakı ilə görüşlər keçirilmişdir. Gənclərin pis vərdişlərdən uzaq durmaları, kitaba, mütaliəyə maraq göstərmələrinin əhəmiyyəti vurğulanmışdır. 

Regional idarənin Şirvan şəhər Mərkəzi Kitabxanası və Tarix-Diyarşünaslıq Muzeyi Polis şöbəsi ilə birlikdə Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində “Narkomaniyaya yox deyək” adlı dəyirmi masa keçirmişdir. Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin, şəhər Polis şöbəsinin əməkdaşları və başqalarının çıxışları dinlənilmişdir. Şirvan şəhər Mədəniyyət Mərkəzində fəaliyyət göstərən rəsm dərnəyi üzvlərinin əsərlərindən ibarət “Əsrin bəlası uşaqların gözü ilə” adlı sərgi də sakinlərin marağına səbəb olmuşdur.

***

Bu mövzuda mədəniyyət müəssisələrində keçirilən tədbirlər, layihələr Mədəniyyət Nazirliyinin rəsmi internet saytında, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və regional mədəniyyət idarələrinin, şəhər-rayon MKS-lərin, digər müəssisələrin saytlarında, həmçinin nazirliyin mətbu orqanı olan “Mədəniyyət” qəzetinin səhifələrində mütəmadi olaraq işıqlandırılır.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində atılan addımlar, həyata keçirilən layihələr cəmiyyətin bu gününü və gələcəyini təhdid edən, xüsusilə böyüməkdə olan nəsil, gənclərimiz üçün böyük təhlükə daşıyıcısı olan “ağ ölüm”ün meydanını daraltmağa xidmət edir. Mədəniyyət Nazirliyinin müəssisə və təşkilatları mövcud maarifləndirmə, kütləvi təbliğat imkanlarından istifadə etməklə bu bəlaya qarşı mübarizəni sistemli şəkildə davam etdirəcək.

Vüqar Əliyev,

"Mədəniyyət" qəzetinin baş redaktoru