29 sentyabr 2020 17:26
931

Cənab Ali Baş Komandan, əmin olun ki, bu çətin və şərəfli işdə Azərbaycan xalqı yekdilliklə Sizin yanınızdadır

Azərbaycan Ordusunun Ermənistan silahlı birləşmələrinə qarşı həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatları ilə bağlı Azərbaycan vətəndaşlarının Prezident, Ali Baş Komandan İlham Əliyevə göndərdikləri təbrik və təşəkkür məktubları gəlməkdə davam edir.

 “İki sahil” Prezidentin saytına istinadla həmin məktubların daha bir neçəsini təqdim edir:

Binəqədi rayonundan Xuraman Babayeva, Esmira Məmmədova, Maya İsayeva və Namiq Nağıyev yazırlar: “Hörmətli cənab Prezident, biz Sizinlə, ordumuzun şanlı qələbə əzmi ilə qürur duyuruq. İşğalçı düşmənə qarşı apardığınız düzgün siyasəti dəstəkləyir, Sizin arxanızda olduğumuzu bildiririk. Sizin rəhbərliyinizlə ordumuz uğurlu əməliyyatlarla xalqımızı sevindirdi. Bir neçə kəndin azad olunması xəbəri yeni qələbələrin carçısıdır. Sizin kimi Prezidentlə fəxr edirik. Qələbə bizimlədir”.

Səbail rayonundan Aysel Zeynalova: “Hörmətli cənab Prezident, bu məktubu yazarkən həm kövrəlirəm, həm də fərəhlənirəm. Şükür ki, o gün gəldi çıxdı. Heydər babanın da ruhu indi şaddır. Vətənimiz uğrunda bütün şəhid olanların da ruhu indi sevinir. Təbrik edirəm Sizi, mənim müdrik Prezidentim. Bu zəfər bütün azərbaycanlılarımızın zəfəridir. Deyilməyə o qədər sözlər var ki, amma həyəcandan söz tapa bilmirəm. Siz ki, bizə bu sevinc gözyaşlarını yaşatdınız, Allah Sizi həmişə var eləsin. Heydər babanın bir zamanlar fərəhlə dediyi bu cümləni, indi də mən fərəhlə deyirəm: Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam. Qarabağ Azərbaycanındır! Qarabağ Azərbaycandır!”.

Yevlax şəhərindən Osman Xəlilov: “Möhtərəm Prezident, cənab Ali Baş Komandan, bir məcburi köçkün olaraq özümə borc bilirəm ki, Sizə təşəkkürümü və minnətdarlığımı bildirəm. Azərbaycanın bütün vətəndaşları kimi, mən də hər zaman Sizin apardığınız siyasətə inanıb Sizi dəstəkləmişəm. Sizin indi də Qarabağın azad olunması uğrunda göstərdiyiniz əzmi və mübarizliyi görüb susmaq mümkün deyil. Mən inanıram ki, işğal altındakı bütün torpaqlarımız yaxın vaxtlarda Sizin rəhbərliyinizlə azad ediləcək və biz məcburi köçkünlər öz doğma yurdlarımıza qayıdacağıq. Bir məcburi köçkün gənc kimi əminəm ki, o gün uzaqda deyil. Biz gənclər Sizi sevirik, Sizin daxili və xarici siyasətinizi dəstəkləyirik. Vətənimizin uğrunda döyüşməyə hər an hazırıq, hörmətli cənab Prezident. Düşmən atəşi nəticəsində mülki əhali və hərbçilərimiz arasında itkilər, yaralananlarımız var. Allah şəhidlərimizə rəhmət eləsin. İnşallah, onların qanı yerdə qalmayacaqdır. Allah Sizi və əsgərlərimizi qorusun”.