20 iyun 2019 10:28
663

Cənab İlham Əliyev hər bir vətəndaşın Prezidenti olduğunu əməli fəaliyyəti ilə təsdiqləyir

Ölkəyə rəhbərliyə başladığı ilk zamanlarda fəaliyyətini “Sosial məsələlər bilavasitə ölkənin iqtisadi vəziyyətindən asılıdır” tezisi əsasında formalaşdıran Prezident İlham Əliyev sonrakı illərdə vədinə sadiq qalaraq Azərbaycan iqtisadiyyatının sürətli, dinamik inkişafını təmin etdi.

İlk günlərdən vətəndaş həmrəyliyi platformasına söykənən, xalq-iqtidar birliyinə güvənərək ölkə daxilində ictimai-siyasi sabitliyin qorunmasına yönələn demokratik islahatları ilə əmin-amanlığı təmin edən, əhalinin rifahının yüksəlməsi naminə qəbul olunan və mərhələlər üzrə uğurla həyata keçirilən regionların sosial iqtisadi inkişafı Dövlət proqramlarının tətbiqi ilə ölkədə siyasi, iqtisadi, sosial inqilabların müəllifi olduğunu təsdiqləyən cənab İlham Əliyevin liderliyi ilə Azərbaycanın regional və beynəlxalq nüfuzu artmış, Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazda geosiyasi, geoiqtisadi və hərbi-geostrateji mövqeləri daha da güclənmişdir.

Prezident İlham Əliyevin qarşıdakı onillərə hesablanmış siyasəti nəticəsində qazanılan iqtisadi uğurlar Azərbaycanın inkişaf modelinin dünyada təbliğini şərtləndirmişdir. Son on beş il ərzində Azərbaycan iqtisadiyyatının 3,2 qeyri-neft sektorunun 2,8, sənaye istehsalının 2,6, kənd təsərrüfatının 1,7 dəfə artması, qeyri-neft ixracının 4,1 dəfə çoxalması sosial islahatların tətbiqi imkanlarını genişləndirir.

2013-2023-cü illəri əhatə edən dövlət siyasətinin əsas istiqamətlərində də iqtisadiyyatın milli maraqlar və daxili resurslar üzərində qurulması, şaxələndirmə siyasəti, qeyri-neft sektorunun gücləndirilməsi ilə sabit iqtisadi inkişafa nail olunması, bölgələrdə sosial-iqtisadi vəziyyətin müasir tələblər səviyyəsinə çatdırılması, ölkə iqtisadiyyatının rəqabət qabiliyyətliliyinin yüksəldilməsi, yerli məhsulların dünya bazarlarına çıxarılması, əhalinin etibarlı sosial müdafiəsinin təşkili, yoxsulluq səviyyəsinin, işsizliyin minimuma endirilməsi, orta təbəqənin genişləndirilməsi və cəmiyyət həyatında rolunun artırılması və digər perspektivlər başlıca amil kimi aktuallığını saxlayır. Qlobal enerji və nəqliyyat layihələrinin reallaşması ilə ölkəyə daxil olan sərmayələrin sosial islahatların həllinə yönəldilməsi əhalinin həyat tərzinin daha da yüksəlməsini təmin etmişdir. Bütün müşavirələrdə əsasən sosial sahəni əhatə edən məsələlərin həlli ilə bağlı tövsiyələrini verib, tələblərini qəti şəkildə aidiyyəti orqanlara çatdıran, sahibkarlığın inkişafını diqqətdə saxlayan Prezident İlham Əliyevin ötən il keçirilən prezident seçkilərindən sonra həyata keçirdiyi sosial islahatların dünyada alternativi yoxdur.

Ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində genişmiqyaslı tədbirlərin daim diqqətdə saxlanılması, dövlət başçımızın sosial paketə daxil olan istiqamətlər üzrə imzaladığı sərəncamlar əsasında həyata keçirilən islahatlar silsilə tədbirlərin növbəti mərhələsidir.

2019-cu ilin ilk aylarında dövlət başçımızın imzaladığı müvafiq sərəncamların 3 milyona yaxın vətəndaşı əhatə etməsi insanlara qayğının nümunəsidir. Ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində inqilabi addım olan sosial islahatların həyata keçirilməsi üçün 1,5 milyard manatın ayrılması, eyni zamanda ölkə iqtisadiyyatının sürətli, dinamik inkişafının göstəricisidir.

Cari ilin ilk günlərindən sosial islahatları geniş miqyasda həyata keçirən dövlət başçımız iqtisadi müstəqilliyimiz sayəsində əldə olunan nailiyyətlərdə hər bir vətəndaşın xüsusi əməyinin olduğunu bildirir və qiymətləndirir. Şəhid ailələri, müharibə veteranları və əlillərə daim xüsusi qayğı ilə yanaşdığını əməli fəaliyyəti ilə təsdiqləyən cənab İlham Əliyevin biri-birindən önəmli, insanların həyat tərzini yaxşılaşdıran Sərəncam və fərmanlarının hər biri minlərlə ailənin sevincinə səbəb oldu.

Bu cür diqqət və qayğı dünya praktikasında analoqu olmayan, sağlam zəmində qurulan insana humanist yanaşmadır. Əhali tərəfindən yüksək dəyərləndirilən islahatların məntiqi nəticəsi budur ki, dövlət həmişə vətəndaşın yanındadır. Dövlət başçımızın imzaladığı sərəncamlarla əməkhaqqı və pensiyaların, tələbə təqaüdlərinin, məcburi köçkün və qaçqınlar, aztəminatlı ailələr üçün nəzərdə tutulan güzəşt və müavinətlərin artırılması, problemli kreditlərlə, çoxmənzilli binaların qeydiyyata alınması ilə bağlı göstərişlərin verilməsi ölkə vətəndaşlarının sosial müdafiəsinin təminatı istiqamətində aparılan siyasətin ən bariz nümunəsidir. “ Beləliklə, iqtisadi göstəricilərimiz elədir ki, dünyanın istənilən ölkəsi bu göstəriciləri böyük qəhrəmanlıq kimi qəbul edə bilər, bizim üçün isə bu, adi haldır. Çünki bizim iqtisadi siyasətimiz düşünülmüş siyasətdir. Ümumiyyətlə, bizim siyasətimiz Azərbaycan xalqının maraqlarını tam əks etdirir, ona tam uyğundur. Məhz buna görə Azərbaycan xalqı bizim siyasətimizi dəstəkləyir” söyləyən cənab İlham Əliyevin davam etdirdiyi islahatların analoqunun olmamasının təsdiqi ölkəmizə beynəlxalq təşkilatların hesabatlarında verilən yüksək qiymət, respublikamızın adının yuxarı pillələrdə yer almasıdır.

Son illərdə əməkhaqqı və pensiyaların artırılmasını diqqətdə saxlayan cənab İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi islahatlar inqilabi mahiyyət daşıyır. Prezident İlham Əliyevin bu günlərdə imzaladığı minimum aylıq əməkhaqqının artırılması haqqındakı Sərəncam sosial islahatların tərkib hissəsidir. Sərəncama əsasən cari ilin əvvəlində 180 manat məbləğində müəyyənləşdirilən minimum əməkhaqqı 250 manata qaldırıldı. Dövlət başçımızın imzaladığı digər Sərəncamla dövlət peşə təhsilli müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları 1 sentyabr 2019-cu ildən orta hesabla 20 faiz artırılır.

Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşlarının 1 sentyabr 2019-cu ildən artırılması əhaliyə göstərilən qayğının ifadəsidir. Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti və aparatının, Gəncə bölməsi aparatının, Heydər Əliyev Mərkəzinin, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin, Azərbaycanda Atatürk Mərkəzinin, Azərbaycan Respublikasının dövlət arxivləri və onların filiallarının, rayon (şəhər) dövlət arxivlərinin, Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Dövlət Film Fondunun, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinin və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin rəhbər və digər işçilərini əhatə edən Sərəncam dövlət başçımızın yeni sosial paketinin əhatəliliyini göstərir. Bu kimi addımlar dövlət siyasətinin əsasında insan amilinin dayanmasının reallığını bəyan edir.

Prezident kimi ilk müsahibəsində “ Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm. Mənim borcumdur ki, imkan daxilində hər bir vətəndaş inkişafa, yaxşılığa doğru irəliləyişi görsün və onu hiss etsin” söyləyən cənab İlham Əliyev praqmatizmə və reallığa əsaslanan siyasəti ilə nəzərdə tutduğu imkanları təmin etdi.

2018-ci ildə keçirilən prezident seçkilərində növbəti qələbəsini ümumxalq etimadı ilə qazanan cənab İlham Əliyevin andiçmə mərasimində söylədiyi “Mən 2003-cü ildə, prezident seçkiləri ərəfəsində xalqa müraciət edərək demişdim ki, əgər mənə xalq etimad göstərərsə, mən ulu öndər Heydər Əliyev siyasətinə sadiq qalacağam, bu siyasəti davam etdirəcəyəm. Mən fəxr edirəm ki, xalq mənə inandı, məni dəstəklədi və mən də öz növbəmdə sözlərimə əməl etdim” sözləri liderin öz xalqına vəfa borcu oldu. Son illərdə həyata keçirilən sosial islahatlar isə bu borcun reallığa əsaslanan vədə sadiqlik nümunəsidir.

“Əminəm ki, 2019-cu il bütövlükdə ölkəmiz üçün uğurlu il olacaqdır. Azərbaycan 2019-cu ildə uğurla və inkişaf yolu ilə gedəcəkdir” söyləyən cənab İlham Əliyev imzaladığı sərəncamlarla həmişə olduğu kimi yenə də vədinə sadiq qalaraq, hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu əməli, real fəaliyyəti ilə təsdiqləyir.

Xuraman İsmayılqızı, “İki sahil”