07 mart 2019 19:45
1151

Cənab Prezidentlə keçirilən bütün görüşlər yaddaşımda xoş bir xatirə kimi qalır - İKİSAHİL TV

Azərbaycan Respublikasının Xalq artisti Mənsum İbrahimov İkisahil.TV-nin “Bizimlə həmsöhbət” verilişində Prezident İlham Əliyevin mədəniyyət və incəsənət xadimləri ilə keçirilən yaddaqalan və səmimi görüşü ilə bağlı suallarımızı cavablandırdı

- Mənsum müəllim, ölkə Prezidentinin mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə keçirilən görüşü ictimaiyyət tərəfindən çox maraqla qarşılandı. Demək olar ki, sosial şəbəkələr bir neçə gün ancaq bu görüşü müzakirə etdilər. Siz bu görüşdən  hansı təssüratlarla ayrıldınız?

- Ölkə Prezidenti ilə keçirilən bu görüş olduqca  vacib və çox səmimi bir görüş oldu. Hər zaman Ulu Öndər ideyalarını layiqincə yaşadan ölkə başçımız mədəniyyət və incəsənət xadimlərini diqqətdən kənarda qoymayıb. Yaxşı xatırlayıram Ulu Öndər imkan düşdükcə tamaşalarımıza baxmağa gələr, sənət adamları ilə görüşüb onların sosial vəziyyəti ilə maraqlanar, həll olunmasına nail olardı. Dəfələrlə olub ki, şairlərin, yazıçıların, sənətkarların evinə zəng edib, ad günlərini təbrik edib. Problemlərinin həll olunması ilə şəxsən maraqlanardı. Bu gün ölkə başçımız İlham Əliyev də o ənənəni layiqincə davam etdirir. Son görüşümüz deyərdim ki, cəmiyyətdə çox böyük rezonans doğurdu. Cəmiyyətdə nüfuzu olan mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə keçirilən görüşdə onları narahat edən problemləri öz dillərindən eşitdi. Ölkə başçısı ön söz söyləyərək bildirdi ki, ölkədə son aylar sosial problemlərlə bağlı imzalanan fərmanlar və sərəncamlar insan amilinə verilən dəyərin bir nümunələridir. İstərdim mədəniyyət və incəsənət aləmində olan problemləri də sizin öz dilinizdən eşidim. Bu işdə mənə kömək etməlisiniz. Nə sözünüz varsa mənə bildirin. Görüşdə yaradıcı ittifaqların sədrləri danışdılar, problemləri sadaladılar. Cənab Prezident söylənən hər bir problemi qeyd edirdi. Sonda çıxışında hər bir qaldırılan məsələ barədə də  fikrini bildirdi. Qeyd etdi ki, söylədiyiniz  bütün məsələlər araşdırılıb müsbət qərarlar qəbul ediləcək. Ölkə Prezidenti vurğuladı ki, bu görüşlər mütamadi olaraq keçiriləcək. Sizi maraqlandıran və cəmiyyəti narahat edən məsələlərlə bağlı görüşüb məşvərət aparacayıq. Bütün bunlar da problemlərin aradan qaldırılmasına kömək edəcək.

Vaxtın darlığına, işinin çoxluğuna baxmayaraq bizi qəbul edib, istəklərimizi dinlədiyi üçün İkisahil.TV vasitəsilə tədbirdə iştirak edən bütün mədəniyyət xadimləri  adından cənab Prezidentə öz minnətdarlığımı bildirirəm.

- Bu günə qədər ölkə Prezidenti ilə mütamadi görüşləriniz olub. Ən yaddaqalan məqamlarla bağlı xatirələrinizi bölüşməyinizi istərdik...

- Hər zaman özümü şanslı hesab edirəm ki, Ulu Öndər və Prezident İlham Əliyevlə dəfələrlə görüşmüşəm. Bildiyiniz kimi, Ulu Öndər hər zaman mədəniyyət xadimlərinə çox böyük diqqət göstərirdi. Bir neçə dəfə Ulu Öndərlə görüşlərimiz olub. Hətta bir dəfə səfərdə də bir yerdə olmuşuq. Əməkdar artist fəxri adı və Prezident mükafatı mənə Ulu Öndər tərəfindən verilib. Bu gün həmin yol uğurla davam etdirilir. Dəfələrlə ölkə Prezidenti İlham Əliyevlə və birinci xanım Mehriban Əliyeva ilə görüşmüşük. Yadımda qalan görüşlərdən biri o, oldu ki, 50 yaşımda cənab  Prezident “Şöhrət” ordeni ilə təltif edərək, əməyimə böyük qiymət verdi. O təltifdən iki həftə sonra  Ağdamda qaçqın və məcburi köçkün soydaşlarımız üçün tikilən şəhərciyin açılışında görüşümüz oldu. Bizimlə səmimi söhbət edən ölkə Prezidenti orada yenidən  yubileyimi təbrik etdi. Bundan sonra, bir çox tədbirlərdə ölkə Prezidenti ilə görüşlərimiz olub. Sonuncu səmimi görüşümüz də bir neçə gün bundan əvvələ təsadüf etdi. Hesab edirəm ki, bu görüş illərlə müzakirə olunacaq. Çünki insanlar arasında çox maraqla qarşılandı. Ümumiyyətlə, Cənab Prezidentlə keçirilən bütün görüşlər yaddaşımda xoş bir xatirə kimi qalır.

- Görüşdə ölkə başçısının bir fikri diqqətimizi cəlb etdi. Bildirdi ki, ölkə iqtisadi cəhətdən də inkişaf edə bilər, siyasi cəhətdən də mövqeləri güclü ola bilər, ancaq əsas təməl prinsiplərini diqqətdən kənarda saxlasaq,  o zaman dayanıqlı inkişafdan danışmaq olmaz...

-Çox doğrudur. Bilirsiniz, mədəniyyət ölkənin sifətidir. Ölkəyə gələn yad insanlar birinci onun mədəniyyəti ilə tanış olurlar. Hesab edirəm ki, ölkənin mədəniyyəti inkişaf etdikcə bu, bütün sahələrə sirayət edir. Azərbaycan mədəniyyəti çox qədim və zəngindir. Muğamımızın kökləri minilliklərə söykənir. Dünyanı öz musiqimizlə təəccübləndirə bilirik. Dövlətimizin bu sahəyə çox böyük diqqət və qayğısı var. Xüsusi olaraq ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın mədəniyyətimizin, muğamlarımızın dünyada təbliğində çox böyük xidmətləri var. Bu gün onun sayəsində Azərbaycan muğamı intibah dövrünü yaşayır.

- Vurğuladınız ki, muğama böyük diqqət və qayğı göstərilir. Bu məqsədlə də möhtəşəm Muğam mərkəzləri tikilib istifadəyə verilib. Bu gün ölkədə Muğam mərkəzlərinin fəaliyyətini qənaətbəxş hesab edirsinizmi?

- 2008-ci ildə Bakıda ilk dəfə olaraq Beynəlxalq Muğam Mərkəzinin açılışı oldu. Artıq onun fəaliyyyətinin 10 ili tamam oldu. Bu 10 il ərzində Mərkəzdə böyük işlərə imza atıldı. Burada muğam müsabiqələri, muğam gecələri, yaradıcılıq konsertləri və müxtəlif tədbirlər keçirilib. Artıq bölgələrimizdə Muğam mərkəzləri fəaliyyət göstərir. Bütün bunlar muğamın təbliğində və inkişafında  böyük rol oynayır. Muğam mərkəzlərinin fəaliyyəti olduqca qənaətbəxşdir.

- Mənsum müəllim, elə həmin görüşdə televiziyalarda bədii şuraların yaradılması ilə də bağlı təkliflər səsləndirildi. Bilirik ki, dövlət televiziyasında bu yaxınlarda yaradılmış  Bədii Şuranın üzvüsünüz. Bir ziyalı kimi nə düşünürsünüz? Bədii Şura lazımdırmı?

-Hesab edirəm ki, bu, çox vacib məsələdir. Hardasa bir ay öncə artıq Azərbaycan Televiziyasında Bədii Şura yaradıldı. Mən də həmin Şuranın üzvüyəm. Ölkə başçısı ilə görüşdə bu məsələ Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə tərəfindən qaldırıldı. Onsuz da bədii şura yaradılmamışdan öncə də dövlət televiziyasının bir ənənəsi var ki, orada bayağı musiqilər  səsləndirilmirdi. Sadəcə olaraq orada da müəyyən işlər həyata keçirmək, klassika ilə yanaşı, müasir musiqilərə yer vermək, canlı musiqiləri və dinamikanı artırmaq lazımdır. Ancaq özəl televiziyalarda vəziyyət bir qədər başqadır. Bayağı musiqiçilər də, musiqilər də əhalinin zövqünü korlamaqda davam edirlər. Cənab Prezident də bu məsələyə reaksiya verdi ki, bu şuralar hər bir televiziyalarda yaradılsın. Təbii ki, bu bir senzura kimi yox, yaradıcılıq baxımından mütləq lazımdır. Bəzən özəl kanallar reytinq uğurunda yarışırlar. Nəticədə verişlərin səviyyəsi aşağı düşür.  Bəzi aparıcıların şit danışıqları, bəzilərinin efir mədəniyyətinin aşağı olması cəmiyyətdə neqativ qarşılanır. Bu baxımdan hesab edirəm ki, tənzimləmə qurumu yaradılmalıdır ki, layiqli ifaçılar  və yaxşı musiqilər efirə buraxılsın. Fərqi yoxdur, bu, gəncdir və yaxud yaşlı nəslin nümayəndəsidir.

Bütün bunlarla yanaşı, hesab edirəm ki, özəl televiziyaları çox da sıxmaq olmaz. Çünki onlar reklam bazarı ilə yaşayırlar. Amma hər halda, bütün televiziyalar milli-mənəvi dəyərlərə xidmət etməlidir. Hər bir veriliş daxilində insanları maarifləndirməliyik. Efirə gedən verilişlərin bir maarifləndirici tərəfi olmalıdır.

- Bildiyimiz kimi, martın 12-də Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin birgə layihəsi olan VII Televiziya Muğam müsabiqəsinə start veriləcək. Keçirilən müsabiqələrin əhəmiyyəti barədə fikirlərinizi bilmək istərdik...

-Bu müsabiqələrin çox böyük əhəmiyyəti var. Cənab Prezident  də çıxışında müsabiqənin müsbət tərəflərini açıqladı. Bu günə qədər 6 Muğam Müsabiqəsi keçirilib. Bu müsabiqələr nəticəsində 120 gənci xalqa təqdim etmişik. Hər müsabiqdə 20 gənc iştirak edib. Bilirsiniz, bu, çox böyük bir rəqəmdir. Heç bir dövrdə bu qədər gənc ifaçı sənətə gəlməyib. Təbii ki, onların hamısı bu gün sənətdə deyil. Amma böyük əksəriyyəti bu gün sənətdədir. Hətta bir çoxunun  fəxri adları da var. Bu gün həmin ifaçılar müəllim kimi də fəaliyyət göstərib, mədəniyyətimizə xidmət edirlər. Martın 12-də ana televiziyamızın efirində VII Televiziya Muğam Müsabiqəsinə start veriləcək. Bütün bölgələr üzrə səbrlə, təmkinlə 400 ifaçının içindən 20 gənci seçmişik. İndi həmin gənclər hazırlıq prosesi keçirlər. Muğam Müsabiqəsinin gözəlliyi ondan ibarətdir ki, hər dəfə biri-birinə bənzəməyən yeni səslər gəlir. Bu da muğamın inkişaf etməsində önəmli yerlərdən birini tutur. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkür etmək istəyirəm ki, muğamımızın bu gün yüksək inkişafında onun xidmətləri əvəzsizdir.

- Mənsum müəllim, növbəti sualımız yaradıcılıqla bağlı olacaq. Qarşıda bizi hansı yeniliklər gözləyir?

- İki gün öncə İran İslam Respublikasından qayıtmışam. Tehranda 12 İslam ölkəsinin iştirakı ilə Beynəlxalq Novruz Bayramı keçirilirdi. Tehranın çox böyük bir sarayında keçirilən tədbirdə 70-dən çox ölkənin səfirləri və İranın siyasi rəhbərliyinin böyük əksəriyyəti iştirak edirdi. Həmin tədbirə 3 ölkənin -İran, Azərbaycan və Əfqanıstanın musiqiçiləri dəvət almışdılar. Birinci Azərbaycan musiqiləri səsləndirildi. İştirakçıların xahişi ilə 20 dəqiqə əvəzinə 40 dəqiqə çıxış etdik. Sonda “Qarabağ şikəstəsi” ilə musiqimizi sonlandırdıq. İranın əsas mətbu orqanlarında bu konsertlə bağlı maraqlı materiallar verildi. Yaxın günlərdə keçiriləcək Muğam Müsabiqəsi də  yaradıcılığımın bir hissəsi olacaq. Hardasa, 4 ay bu gənclərlə bir yerdə işləyəcəyik.  Bundan əlavə, bir neçə xarici səfərlərimiz var. Yaxın vaxtlarda reallaşacaq. Yeni lent yazılarımızı hazırlamalıyıq. Keçirilməsi planlaşdırılmış konsertlərimiz var. Elə bu günlərdə  Muğam Mərkəzində konsertimiz olacaq. Bölgələrdə də  silsilə tədbirlərimiz  gözlənilir. Çünki bölgələrdə  konsertlərin keçirilməsi ilə bağlı istəklər çoxdur. Demək olar ki, işlər, arzular, planlar çoxdur. İnşallah, reallaşdıqca tamaşaçılar da biləcəklər.

Şəmsiyyə Əliqızı, “İki sahil”