17 may 2019 17:12
968

Çexiya Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlıdır

İqtisadiyyat naziri Şahin Mustafayev Çex Respublikası Parlamentinin Deputatlar Palatasının sədri Radik Vondraçekin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, nazir Azərbaycanın Çexiya ilə əlaqələrə önəm verdiyini, ölkələrimiz arasında əməkdaşlığın inkişafında dövlət başçılarının qarşılıqlı səfərlərinin, bu səfərlər zamanı əldə edilmiş razılaşmaların mühüm əhəmiyyətini qeyd edib. Bildirib ki, Azərbaycan və Çexiya siyasi, iqtisadi və humanitar sahələrdə sıx əməkdaşlıq edir. Ölkələrimiz arasında 2015-ci ildə Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb, möhkəm müqavilə-hüquq bazası yaradılıb. Hər iki ölkənin parlamentlərində qarşılıqlı əməkdaşlıq üzrə dostluq qrupları fəaliyyət göstərir. Azərbaycan Respublikası Hökuməti və Çex Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın fəaliyyəti ikitərəfli əlaqələrin inkişafında önəmlidir.

“Hazırda Azərbaycanda xidmət, rabitə, ticarət, tikinti və sair sahələrdə 26 çex kapitallı şirkət fəaliyyət göstərir. Çexiyanın Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsinin 88 faizdən çoxu Azərbaycanın payına düşür. Ölkələrimiz maşınqayırma, maliyyə, ticarət və qarşılıqlı investisiya qoyuluşu sahələrində əməkdaşlıq edirlər. Əczaçılıq, maşınqayırma, kimya sənayesi, nəqliyyat və tranzit, turizm, İKT sahələrində əməkdaşlıq imkanları genişdir”, - deyə nazir bildirib.

Görüşdə qeyd olunub ki, Azərbaycan və Çexiya arasında əlaqələr humanitar sahədə də inkişaf edir, Bakı Slavyan Universitetində Çexiya dili və mədəniyyəti mərkəzi fəaliyyət göstərir.

Çexiya Parlamentinin Deputatlar Palatasının sədri R.Vondraçek Azərbaycan iqtisadiyyatının şaxələndirilməsini yüksək qiymətləndirdiyini və ölkəsinin Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu diqqətə çatdırıb, iki ölkə arasında əməkdaşlığın inkişafı perspektivləri barədə fikirlərini bölüşüb. O, Azərbaycan-Çexiya biznes forumunun ikitərəfli iqtisadi əlaqələrə töhfə verəcəyinə əminliyini ifadə edib.

Görüşdə Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühitindən faydalanaraq birgə müəssisələrin yaradılması, ticarət əlaqələrində qeyri-neft sektorunun payının artırılması və sair məsələlər barədə fikir mübadiləsi aparılıb.