13 noyabr 2019 12:50
579

Çikaqoda şaxtalı hava 33 illik rekordu yeniləyib

Sibirdən gələn hava kütlələri Birləşmiş Ştatların şərqinə rekord şaxtalar və qar gətirib.

AZƏRTAC CBS telekanalına istinadla xəbər verir ki, noyabrın 12-də Çikaqoda havanın temperaturu mənfi 13 dərəcəyə enərək 1986-cı ilin rekordunu yeniləyib.

Milli Meteorologiya Xidməti belə hava şəraitinin noyabr ayı üçün deyil, daha çox yanvarın ortaları üçün xarakterik olduğunu bildirib.

Buffalo və Detroyt şəhərlərinə təxminən 25 santimetr yağıntı düşüb, Vermont və Men ştatlarında da analoji hava şəraiti müşahidə edilir. Kəskin soyuqlar səbəbindən məktəblərin və müəssisələrin çoxu bağlanıb. Avtomobil yollarında çox sayda yol-nəqliyyat hadisələri qeydə alınıb, aeroportlarda mindən çox reys ləğv edilib.