04 iyun 2019 10:42
848

Çilov sakinlərinə ödənişsiz hüquqi yardım göstərilib - FOTO

Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün pulsuz hüquqi xidmətlər göstərilməsinin təşkil edilməsi tövsiyə olunub. Göstərilən tövsiyənin icrası ilə bağlı həyata keçirilən tədbirlərin davamı olaraq iyunun 3-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının təşəbbüsü ilə, Pirallahı Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Pirallahı Rayon təşkilatının birgə təşkilatçılığı ilə, “Kəngərli və Partnyorları” Vəkil Bürosu Pirallahı rayonu Çilov adasına gedərək orada yaşayan aztəminatlı əhaliyə ödənişsiz hüquqi yardım göstərilib.

Görüşdə Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov qonaqları və Çilov adası sakinlərini salamlayaraq qeyd edib ki, artıq on altı ildən çoxdur ki, ölkəmizdə hüquqi, demokratik dövlət quruculuğu prosesi gedir: “Azərbaycan Respublikası müstəqilliyə qovuşduqdan sonra demokratik, hüquqi dövlət quruculuğunu özünün inkişaf yolu seçib. Müstəqilliyinin ilk illərində Azərbaycan öz tarixinin ən mürəkkəb dövrlərindən birini yaşayıb. Məhz belə ağır şəraitdə xalqın təkidi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev qısa müddət ərzində Azərbaycanda sabitliyi təmin etməyə nail olur və ölkəmiz qarşısında duran taleyüklü dövlət quruculuğu məsələlərini həyata keçirməyə başlayır. Ölkəmizdə sözün əsl mənasında demokratik dəyərlərə əsaslanan hüquq sisteminin formalaşdırılması insanların hüquq və azadlıqlarını müdafiə etməyə, azad, müstəqil ədalət mühakiməsinin bərqərar olmasına yönəlmiş məhkəmə-hüquq islahatlarının həyata keçirilməsini zəruri edib.”

Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədr müavini Pərviz Ələkbərov çıxışında ümummilli lider Heydər Əliyevin başladığı dövlət quruculuğu prosesinin məhz demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyətinin formalaşmasına yönəldiyini, hazırda isə həmin prosesin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən ardıcıl surətdə davam etdirildiyini bildirib.

Daha sonra görüşdə iştirak edən vəkillər “28 May” NQÇİ-nin akt zalında 60-dək vətəndaşa müxtəlif hüquqi yardım göstərib, onların problemləri ilə tanış olub, müvafiq məsləhətlər veribş, həmin məsələlərlə bağlı müxtəlif dövlət və qeyri-dövlət qurumlarına ərizə və şikayətlər yazıblar. Çilov adasına gediş-gəlişin çətin olduğunu nəzərə alaraq, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və Pirallahı Rayon Icra Hakimiyyəti tərəfindən gələcəkdə bu cür tədbirlərin mütəmadi olaraq keçirilməsi nəzərdə tutulub.

Orxan Vahidoğlu, “İki sahil”