07 may 2020 10:46
2799

Çimərliklərdə belə dincəlmək mümkün olacaq

Çimərliklərdə izolyasiya şərtlərinə əməl etməklə dincəlmək mümkün olacaq

Bütün dünya ölkələri hazırda pandemiya ilə mübarizəni davam etdirirlər, vaksin hazırlananadək sosial məsafəni qorumaq və digər tədbirlərə əməl etmək vacibdir. Ancaq çox ölkələrdə xəstə sayının azalması ilə karantin şərtləri yumşaldılmağa başlayıb. Pandemiyanın geniş yayıldığı İtaliyanın regionlarından birində insanların koronavirusa yoluxmadan istirahət etməsi üçün xüsusi bir plan hazırlanıb. Belə ki, dizaynerlər dəniz sahilində pleksiqlas şüşələrdən qutu formasında kabinlər yaratmağı təklif ediblər.

İdeyanın müəllifi “Nuova Neon Group Due” italyan şirkətidir. Bu şirkət pandemiya zamanı aptek və banklar üçün də xüsusi qoruyucu şüşələr hazırlamışdı.

Çimərlik kabinlərinin hündürlüyü 2 metr, eni 4,5 metr olacaq. İnsanlar içəridə rahatlıqla ailəliklə günəş vannası qəbul edə biləcəklər.

Ekspertlər bu tip ideyaların bir çox ölkələrdə tətbiq edilməsini təklif edirlər, çünki sosial məsafə normalarını qorumaq 2022-ci ilədək vacib ola bilər.

İspaniyada isə pandemiya bitsə belə, istirahət zamanı insanların bir-birindən azı 1,8 metr məsafə saxlaması şərti qoyulacaq. Ölkələr turistlərin üzünə açılsa belə, aviaşirkətlər sosial məsafəni qorumalı və yarıboş təyyarəni yola salmalı olacaqlar. Bu isə biletlərin qiymətinin ikiqat yüksəlməsinə səbəb olacaq.

Xatırladaq ki, tədqiqatlar göstərir ki, bir xəstə orta hesabla bir gündə beş nəfəri yoluxdura bilər, bu isə ayda 400 insanın xəstələnməsi deməkdir. Ona görə də sosial məsafə şərtinə hələ uzun müddət əməl olunmalıdır.

Nubar Süleymanova, “İki sahil”