Hubey əyalətinin (Mərkəzi Çin) Uxan şəhərində 15 tibb işçisinin sətəlcəmə yoluxması təsdiqlənib. Bu yoluxmanın yeni tipli (2019-nCoV) koronavirusla bağlı olması bildirilir. Bundan əlavə daha bir yoluxma baş verməsi ehtimal edilir. Uxan səhiyyə məsələləri komitəsində bu barədə yanvarın 21-də səhər məlumat verilib.
16 pasiyentdən biri ağır vəziyyətdə, digərləri sabit vəziyyətdədir. Komitədən verilən məlumata görə, bu şəxslərin hamısı izolyasiya şəraitində müalicə keçir.
Bazar ertəsi saat 18.00-a olan məlumata görə, Çində yeni tipli koronavirusun törətdiyi sətəlcəmə yoluxma hallarının sayı 224-ə çatıb. Onlardan 217 nəfərinin sətəlcəmə yoluxması təsdiqlənib. 14 belə hal Quandun əyalətində, 5 hadisə Pekində, 198 hadisə Uxanda qeydə alınıb. Yoluxanlardan 4 nəfəri vəfat edib.
Xatırladaq ki, Dünya Səhiyyə Təşkilatı və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Çində yeni koronavirusun törətdiyi sətəlcəm yayılması ilə əlaqədar tövsiyə dərc edib. Sənəddə deyilir: “Kəskin respirator xəstəliyə tutulma riskini aşağıdakı vasitələrlə azaltmaq məqsədəuyğun hesab edilir: kəskin respirator xəstəliyə tutulmuş şəxslərlə yaxın kontaktda olmamalı; tez-tez, xüsusən xəstələrlə bilavasitə ünsiyyətdən sonra əllərini yumalı; xəstə və ya ölmüş kənd təsərrüfatı heyvanları və ya vəhşi heyvanlarla kontaktdan çəkinməli; kəskin respirator xəstəliklərin əlamətləri olan sərnişinlər öskürəndə və ya asqıranda məsafə saxlamalı, ağızlarını birdəfəlik salfetlərlə tutmalı, əllərini yumalıdırlar”. //AZƏRTAC