01 oktyabr 2020 11:14
691

Çinə “Qızıl həftə”də 600 milyon səfər gözlənilir

Çin Xalq Respublikasının yaranması günü və ənənəvi bayramlardan olan “Payızın ortası” (Ay festivalı) münasibətilə 8 günlük tətildə ölkə daxilində 600 milyondan çox turist səfərinin qeydə alınacağı gözlənilir.

"İki sahil" AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə Çinin əsas onlayn səyahət platforması olan "Trip.com" məlumat yayıb. Çində epidemik şərait yaxşılaşandan sonra ilk böyük tətilin pandemiyadan xeyli ziyan çəkmiş turizm sektorunun dirçəlməsinə böyük təkan verəcəyi güman olunur. Bayram günlərində ölkə üzrə 1500-dən çox turizm məkanı daha çox müştəri cəlb etmək üçün endirimli qiymətlər təklif edir. Bu dəfə əvvəlki illərdən fərqli olaraq, məlum səbəblərə görə xaricə turist səyahətləri olmayacaq.

Çinin Mədəniyyət və Turizm Nazirliyi ilin üçüncü rübündə ölkənin turizm sektorunun bərpa olunmağa başladığını açıqlayıb. Bu dövrdə birinci kateqoriyalı turizm obyektlərinin təxminən 70 faizi işini bərpa edib.

Qeyd edək ki, ötən il Çin Xalq Respublikasının yaranmasının 70-ci ildönümü münasibətilə tətil günlərində 782 milyon daxili turist səfəri qeydə alınmışdı. Bu rəqəm əvvəlki illə müqayisədə 7,8 faiz çox olub.

Şərqi Asiya ölkələrinin ənənəvi Ay təqvimi ilə 8-ci ayın 15-ci günü qeyd olunan Ay festivalı bu il oktyabrın 1-nə, ÇXR-in yaranmasının ildönümü gününə təsadüf edib.