04 dekabr 2020 16:34
691

Çinin "Çanye-5" kosmik aparatı Yerə qayıtmağa hazırlaşır

Çinin Aydan süxur nümunələri gətirmək üçün orbitə çıxardığı “Çanye-5”in (Chang'e-5) kosmik aparatının qayıtma modulu Yerə dönməyə hazırlaşır.

AZƏRTAC Çin Dövlət Kosmos Administrasiyasına istinadla xəbər verir ki, kosmik aparatın enmə-qalxma modulu Ay səthindən təxminən 2 kiloqram süxur nümunələri götürdükdən sonra qalxma modulu Aydan aralanaraq orbitə qalxıb. Qalxma prosesi cəmi 6 dəqiqə çəkib. Modul Yən orbitində gözləyən "Çanye-5" kosmik aparatı ilə birləşərək, topladığı süxur nümunələri ona ötürəcək. Yer və Ay arasında geometrik uyğunluq olanda kosmik aparatın geri qayıdan modulunun dekabrın 16-17-də Çinin şimalındakı Daxili Monqolustan muxtar rayonunda Yerə enməsi planlaşdırılır.

Qeyd edək ki, Çinin Aydan nümunələr gətirmək üçün başladığı ilk missiya noyabrın 24-də başlayıb. Çinin kosmos tarixində vacib məqamlardan olan bu hadisə, həm də dünyada son 40 ildə Aydan nümunələr gətirmək üçün göndərilən ilk missiyadır. “Çanye-5” kosmik aparatının ağırlığı 8,2 tondur və orbitdə qalmağı, Ayın səthinə enib-qalxmağı, uçuşu və Yerə qayıtmağı təmin edəcək dörd moduldan ibarətdir. Ayın orbitinə daxil olduqdan sonra enmə-qalxma modulu “Çanye-5”dən ayrılaraq Yerin təbii peykinin görünən tərəfinin qərb hissəsində olan qasırğalar okeanındakı Ryumker piki rayonunda Ay səthinə uğurlu eniş edib. "Çanye-5 isə Ayın orbitində dövrə vurmağa davam edib. Enmə-qalxma modulu robot vasitəsilə Ayın səthini qazaraq geoloji süxur nümunələri yığıb. Modulun endiyi yerin geoloji yaşı ABŞ-ın və keçmiş SSRİ-nin 40 il əvvəl nümunələr götürdüyü yerdən daha gəncdir.

Aydan gətiriləcək süxur nümunələri Yerin təbii peykinin yaşının öyrənilməsi və Günəş sisteminin tədqiqatına kömək edəcək.