08 iyul 2020 22:34
1075

Çoxtərəfli əməkdaşlıq: Azərbaycanın atdığı addımlar bu məqsədə xidmət edir

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT-nin Baş katibi Antonio Quterreşə telefonla zəng edib. Telefon danışığı əsnasında Prezident İlham Əliyev bildirib ki, Azərbaycan COVID-19 pandemiyasına qarşı mübarizədə Baş katibin və BMT-nin səylərini, o cümlədən çoxtərəfli əməkdaşlığı dəstəkləyir.

Azərbaycanın dəstəyindən bəhs edərkən vurğulamaq lazımdır ki, bu, ilk növbədə konkret fəaliyyətə əsaslanır. Belə ki, məlum böhran fonunda hətta  Ümumdünya Səhiyyə Təşkilatına üzvlük haqqını kəsən dövlətə rast gəlindiyi halda,  Azərbaycan COVID-19 pandemiyasına qarşı mübarizə məqsədilə bu təşkilata 10 milyon ABŞ dolları məbləğində ianə, 30-dan çox ölkəyə isə humanitar və maliyyə yardımı ayırıb. Fikrimizi daha dəqiq ifadə etsək, Azərbaycan yardım etməyə imkanı ola-ola da seyrçi qalanların bir çoxundan fərqlənir və iqtisadiyyatı, insan resrursları, elmi, hərbi potensialı, digər göstəriciləri ilə ölkəmizdən böyük olanlardan daha güclü dövlətdir. Hərçənd sözügedən pandemiya zamanı dünyaya məlum oldu ki, adi günlərdə “aralarından su keçməyən” ölkələr pandemiya  təhlükəsi meydana çıxandan sonra  xudbinlik, kömək etməkdən imtina bir tərəfə, bəzi hallarda biri-biriləri üçün göndərilən humanitar yardımı belə mənimsəməyə başlamışdılar.

Digər tərəfdən, vəziyyətin hərtərəfli təhlili onu deməyə əsas verir ki, Prezident  İlham Əliyev qlobal çağırışları düzgün qiymətləndirib, operativ reaksiya verən və üzərinə böyük məsuliyyət götürməyi bacaran qlobal miqyaslı liderdir. Başqa sözlə, pandemiyanın hələ ilk günlərindən bəzi ölkələrin və beynəlxalq təşkilatların rəhbərləri koronavirus infeksiyası qarşısında çaşqın qalmasına, özünəqapanma yolunu seçməsinə rəğmən Azərbaycan Prezidenti fərqli davranış sərgilədi, yaranmış reallığa adekvat, məsuliyyətli və xoşməramlı reaksiya verərək fərqlənməyi bacardı.

Prezident İlham Əliyev Qoşulmama Hərəkatının sədri statusunda üzv dövlətlər adından BMT Baş Assambleyasının COVID-19-a həsr olunmuş xüsusi sessiyasının çağırılması barədə müraciətinə qısa müddətdə cavab verdiyinə görə Baş katibə təşəkkürünü çatdırıb və BMT-nin 130-dan çox üzv dövlətinin bu təşəbbüsü dəstəklədiyini vurğulayıb. Dövlətimizin başçısı BMT Baş Assambleyasının COVID-19-a həsr olunmuş xüsusi sessiyasının çağırılmasında Baş katibin liderliyinin mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Qeyd etmək lazımdır ki, xüsusi sessiyasının çağırılması ilə bağlı təşəbbüslərlə bir qayda olaraq iqtisadi-siyasi, ərazicə böyük dövlətlər çıxış edirlər. Lakin göründüyü kimi, söhbət dünyanı ağuşuna almış COVID-19-a qarşı mübarizədə  belə dövlətlərin əksəriyyəti özünəqapanmaya üstünlük verdikləri halda, Azərbaycan  daha çox fəallığı ilə seçilir.    

Prezident İlham Əliyev telefonla zəngində xüsusi sessiyanın keçirilməsi ilə əlaqədar texniki-logistik məsələlərin həllində də Azərbaycanın öz töhfəsini verməyə hazır olduğunu bildirib. Bununla da ölkəmiz təkcə  təşəbbüslərlə çıxış etmir, eyni zamanda, onların icrası naminə texniki imkanlarını da səfərbər etməyə hazır olduğunu nümayiş etdirir. Öz növbəsində BMT-nin Baş katibi Antonio Quterreş telefon zənginə görə Prezident İlham Əliyevə təşəkkür edib,  COVID-19-a həsr olunmuş xüsusi sessiyasının keçirilməsi təşəbbüsünü dəstəklədiyini qeyd edərək, texniki-logistik məsələlərin həlli ilə əlaqədar BMT-nin Azərbaycan tərəfi ilə birlikdə işləməyə hazır olduğunu deyib.

Prezident İlham Əliyev və Baş katib Antonio Quterreş telefon danışığında əminliklərini ifadə ediblər ki, keçiriləcək xüsusi sessiya COVID-19 pandemiyasına qarşı mübarizədə önəmli addım olacaq. Aydın məsələdir ki, bu, oyanış üçün qlobal çağırışdır. Çünki pandemiyanın dünyanın müxtəlif yerlərində tüğyan etdiyi bir zamanda heç ölkə bu virusun nəticələrini aradan qaldırmış hesab edilə bilməz. Bu baxımdan ölkələr arasında şəffaflığın, etimadın və əlaqələndirmənin yaradılması olduqca önəmlidir və dünyanın hər bir dövləti buna hazır olmalıdır. Belə bir qlobal fövqəladə hal qarşısında yalnız  həmrəylik prinsiplərindən çıxış edərək ölkələri və onların vətəndaşlarını pandemiyanın fəsadlarından qurtarmaq mümkündür.  

Nəticə etibarilə, bütün bunlardan belə qənaətə gəlmək olur ki, qlobal pandemiya şəraitində ölkələr arasında həmrəylik və əməkdaşlıq xüsusilə aktualdır. Pandemiyaya qarşı birgə mübarizənin aparılması bərpa mərhələsində və ondan sonra daha səmərəli dünyanın qurulmasında daha güclü, çoxtərəfli əməkdaşlıq üçün əsas yol olacaq. Azərbaycanın qlobal miqyasda atdığı addımlar məhz bu məqsədə xidmət edir.

Ceyhun Piriyev, “İki sahil”