KÖŞƏ

Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət
Mətbuat Şurası İdarə Heyətinin üzvü
[email protected]

Con Bolton oyunbazlara qarşı

30 yanvar 2019 22:41
1269

Tam da dünən yazmışdıq. Yazmışdıq ki, Prezident İlham Əliyev ayın-ilin ilk günlərindən bədxahlarını mat qoyacaq gedişlər edir. Durmadan, yorulmadan edir bunu.

Yazının üstündən cəmi bir gün sonra Prezidentin mövqelərinin nə qədər möhkəm olduğunu göstərən daha bir xəbərə rast gəldik.

29 yanvar axşamı ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Prezident İlham Əliyevə zəng etdi.

Açıqlanan bilgilərə görə, tərəflər Dağlıq Qarabağ da daxil olmaqla bir sıra vacib məsələləri müzakirə edib. Söhbət geniş spektri əhatə edib, bilgi mübadiləsi aparılıb. Əlbəttə, bunlar bizə açıqlanan bilgilərdir. Təbii ki, söhbətin bizə açıqlanmayan hissəsi də var ki, bu haqda yalnız ehtimalla danışmaq olar. Həm də boş-quru ehtimalla deyil, açıqlanan bilgilərdən hərəkət edərək.

Bizim ehtimalımız budur ki, Con Bolton bu telefon zəngilə sadəcə qeyd olunan məsələlərin müzakirəsini qəsd etməyib. Bu zəngin məhz bu günlərdə edilməsinin həm də başqa, olduqca vacib tərəfi də var ki, o haqda aşağıda danışacağıq.

İndi isə, sadəcə belə bir telefon danışığının əhəmiyyəti haqqında. Bölgəmizdə və dünyada baş verən, birbaşa ABŞ-ın adının da qarışdığı olaylar fonunda Azərbaycanın məsləhət və müzakirə üçün seçilməsi təsadüfdürmü? Təbii ki, deyil. Zatən hər kəs bilir ki, ABŞ heç vaxt təsadüfi nəsə etmir.

Bura onu da əlavə edək ki, bu zəng Qərbdəki bəzi mərkəzlərin Azərbaycana qarşı ardıcıl hücumlarının puça çıxmasının ardından baş verib. Hələ o da bəllidir ki, o mərkəzlər usanmır, öz çirkin oyunlarına ABŞ-ın müxtəlif rəsmi qurumlarını da qatmaq üçün dəridən-qabıqdan çıxırdılar. Lakin göründüyü kimi, rəsmi ABŞ həmin oyunlara məsafəli davrandı, Prezident İlham Əliyevin atacağı addımları gözlədi. ABŞ-ın bu təmkini bir daha əminlik yaratdı ki, Prezident İlham Əliyev onlar üçün hər zaman olduğu kimi etibarlı tərəfdaş və güvənli lider olaraq qalır.

Doğrudan da ABŞ son onilliklər ərzində Azərbaycanla münasibətlərdə heç vaxt aldadılmayıb. Azərbaycan, sözü ilə əməli həmişə üst-üstə düşən dövlət kimi qalıb, qalmağa da davam edir. Özü də yaxın ətrafında ABŞ-la münaqişə durumunda olan Rusiya, İran və qardaş Türkiyənin olması şəraitində belə.

ABŞ-ın geosiyasi maraqları – enerji təhlükəsizliyi, terrorla mücadilə, sülhməramlı missiyalar, demokratikləşmə kimi məsələlərdə Azərbaycan heç vaxt qarşıdurmaya getməyib. Əksinə, bəzi dövlətlərdən fərqli olaraq birmənalı dəstəklə çıxış edib. Belə bir davranış həm Prezident İlham Əliyevin şəxsən özünə, həm də onun uğurla başçılıq etdiyi Azərbaycana ABŞ-ın etimadını daha da möhkəmləndirib.

Con Boltonun zəngi də məhz bu gerçəkliklər fonunda baş verib.

Ən əsas məsələ isə odur ki, bu zəng Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli qətnaməsindən həvəsə gələnlərin Prezident İlham Əliyevin atdığı son addımlar sayəsində peşmançılıq yaşaması dövrüylə üst-üstə düşür. Bu isə həmin qüvvələrə əlavə zərbə kimi qiymətləndirilə bilər. Çünki o qüvvələr Avropa Parlamentinin havada qalan qətnaməsinin ətəyindən yapışıb ABŞ-ı da hərəkətə keçirəcəklərinə ümid edirdilər. Di gəl ki, Con Bolton onların bu ümidinin üzərindən bir zənglə xətt çəkdi.

Con Boltonun zəngi İlham Əliyevin Mehman Hüseynov ətrafında yaradılan süni ajiotajı bir göstərişlə darmadağın etməsinin ardından baş verdi.

Bu zəng həm də şəhid ailələrinin alacağı ödənişlə bağlı anlaşılmazlığı Azərbaycan Prezidentinin şəxsən çözməsinin dərhal ardından gerçəkləşdi.

Bu isə o deməkdir ki, bu zəngi Azərbaycan Prezidentinə ABŞ-ın əlavə etimad və dəstəyi kimi dəyərləndirə bilərik.

Con Boltonun zəngindən çıxış edərək belə bir ümumiləşdirmə aparmaq olar:

Rəsmi ABŞ

1. Mehman Hüseynov tamaşasını ciddiyə almır;
2. Avropa Parlamentinin qərəzli qətnaməsinin boş kağız parçası olduğunu sanır;
3. Ölkə Prezidentinin sosial problemlərin həlli istiqamətində addımlarını diqqətə alır;
4. Qarabağ münaqişəsi də daxil olmaqla çox mühüm məsələlərin həllində Azərbaycana dəstəyini davam etdirmək fikrindədir.

ABŞ-ın belə davranması isə o deməkdir ki, Azərbaycan Prezidentinin apardığı islahatlar yaxından izlənilir və təqdir edilir, onun bu kursu davam etdirməsi üçün dəstək davam edəcək.

ABŞ Azərbaycanı bölgənin ən əsas dövləti kimi görməkdə də davam edəcək.

Təbii ki, bu kursun tam olaraq uğurla davam etməsi üçün Prezident İlham Əliyevə də etimadın davam etdiriləcəyi şübhəsizdir.

Son olaraq bir daha vurğulamaq istərdik ki, 2019-cu il Azərbaycan dövləti üçün uğurlu başlanıb. Həm də Prezident İlham Əliyev üçün çox uğurlu daha bir ilin başlandığını əminliklə deyə bilərik. Con Boltonun zəngi də bu uğurların üzərinə uğur əlavə edən faktor kimi diqqətə alınmalıdır.