10 iyul 2019 20:08
283

Corciya avtomagistralında “pul yağışı”

Corciyada (ABŞ) avtomagistralda hərəkət edən zirehli avtomobildən yola qeyri-müəyyən miqdarda pul səpələnib. Nəticədə çoxsaylı sürücülər “pul yağışı”nın şahidi olublar.

AZƏRTAC WSB Radio radiostansiyasına istinadla xəbər verir ki, hadisə Atlanta şəhəri yaxınlığındakı 285 avtomagistralda baş verib. Şahidlərin sözlərinə görə, bir çox sürücü yolda dayanaraq yerə tökülmüş pulları yığmağa başlayıb.

“Zirehli avtomobil 285 trasında qərb istiqamətində gedərkən yan qapı açılıb və qeyri-müəyyən miqdarda pul yol boyu səpələnib”, - deyə yerli polisin nümayəndəsi Robert Parsons bildirib. O, həmçinin qeyd edib ki, sürücülər götürdükləri pullar geri qaytarmalıdır.