27 oktyabr 2020 18:08
993

COVID-19: Ermənistanı “İtalyan modeli” təhlükəsi gözləyir

Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə uğursuzluğa düçar olan Ermənistanda həm də koronavirusun yayılması sürətlənib. Son statistik rəqəmlərə nəzər yetirsək görərik ki, ötən sutkada düşmən ölkədə virusa yoluxma sayı 1600, ölüm sayı isə 26 nəfər olub. Ümumilikdə isə indiyədək işğalçı ölkədə COVID-19 virusuna yoluxanların sayı 80 mini ötüb. İnfeksiyadan ölənlərin sayı isə 1222-yə çatıb. Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktika Milli Mərkəzinin Yoluxmayan xəstəliklərin qarşısının alınması şöbəsinin müdiri Romella Abovyan bildirib ki, koronavirusun yayılmasının rekord artım tempi dayanmasa, Ermənistanı “İtalyan modeli” təhlükəsi gözləyir.

R. Abovyan onu da qeyd edib ki, ölkədəki həkimlər koronavirus xəstələrini və ya yaralı əsgərləri seçmək kimi çətin vəziyyətlə üzləşiblər. Abovyanın sözlərinə görə, yoluxma sayında kiçik artım gözlənilirmiş: “Birincisi, mövsümi kəskinləşməyə görə, ikincisi, məhdudiyyətlərin və fövqəladə vəziyyət rejiminin aradan qaldırılmasına görə. Ancaq belə şiddətli artımı heç kim proqnozlaşdırmırdı. Yoluxmada rekord saylar ilk növbədə üç sadə qaydaya riayət edilməməsi ilə bağlıdır: qoruyucu maska taxılmaması, sosial məsafəyə riayət olunmaması və əllərin dezinfeksiya edilməməsi. Vətəndaşlar yalnız arxa cəbhəni deyil, ön cəbhəni də zəiflətdiklərini anlamadan müharibə bəhanəsi ilə tibbi maska taxmaqdan imtina edirlər”.

İtalyan modelini əsas götürərək qeyd edə bilərik ki, indi Ermənistan da eyni təhdidlə üz-üzədir. Sözsüz ki, bütün bunlar cəbhə zonasında Ermənistanın çoxsaylı itkilərlə üzləşməsi fonunda baş verir. Göründüyü kimi, bu hal Nikol Paşinyan iqtidarının Ermənistandakı dayaqlarını daha sürətlə sarsıdır. Erməni politoloq Agasi Yenokyan da baş nazirin ermənilərin ümidlərini doğrultmadığını qeyd edib.

Bu gün işğalçı ölkədə Paşinyana olan təzyiqlərin biri də ordudakı problemlərlə bağlıdır. Ermənistanın Müdafiə Nazirliyinin rəsmisi Artsrun Ovannisyan medianın “biz müharibəyə hazır idikmi” sualına cavab olaraq qeyd edib ki, ordudakı mövcud çatışmazlıqların aradan qaldırılması uzun və çoxillik prosesdir. Azərbaycan Ordusunun ən müasir döyüş texnikası və silahlardan istifadə etdiyini deyən Ovannisyan bildirib ki, biz uzun illər ərzində hərbi xərclərdə çox geri qalmışıq: “Onlar çoxlu pul xərcləyiblər, biz isə çox az. Beləliklə, bugünkü problemin səbəbi çoxillik prosesin nəticəsidir. Azərbaycan dronlarının tam ram edilməsi hələ dünyanın heç bir ordusuna nəsib olmayıb. Kiçik ölçülü və çoxsaylı PUA onunla mübarizə aparmaq imkanını qat-qat azaldır. Hətta onlarla HHM sistemi ilə müdafiə olunan müasir ordular belə PUA hücumunun öhdəsindən gələ bilmir”.

Rəşadətli ordumuzun qarşısında tab gətirə bilməyən ermənilər müharibədən yayınmaq üçün bir sıra çıxış yolları axtarırlar ki, onlardan biri də COVID-19 virusunun “pozitiv” çıxmasıdır.  Hətta bir sıra erməni həkimləri də ölkədəki bu cür artımı əsaslandıraraq qeyd edirlər ki, yeni yoluxanların böyük əksəriyyəti 18-55 yaş arasındakı kişilərdir. Bu da səfərbərlik ehtiyatında olan şəxslərdir. Görünür onlar Ermənistanın artıq uduzduğu döyüşdə - Qarabağda top mərmisinə tuş gəlmək istəmirlər. Buna görə də müsbət koronavirus testi əldə etmək məqsədilə tibb işçiləri ilə gizli sövdələşirlər.

Digər bir məsələ isə problemlər məngənəsində çabalayan işğalçı dövlətdə müharibə başlayandan qalxan qiymət artımlarıdır. Belə ki, bir sıra supermarketlər var ki, orduya ayırdıqları pulları şəkərin, yağın və digər ərzaqların qiymətini qaldırmaqla artıqlaması ilə çıxarırlar.

Hətta “İrates” qəzeti də son 10 gündə mağazalarda kərə yağı və şəkərin qiymətinin qalxdığını qeyd edir. 10 gün əvvəl 1 litr yağın qiyməti 600 AMD-dirsə (bəzilərində 650 AMD, 800 AMD və daha yüksək qiymət ilə satırlar indi), bu gün 750-800 AMD-yə satılır. Bir həftə əvvəl 1 kq şəkər 250-280 AMD idisə, bu gün 410 AMD-dir, halbuki dünya bazarında şəkərin qiyməti 0,9 faiz azalıb. Qarabaşaq və un bazarında da inflyasiya müşahidə olunur. Ermənistan vətəndaşları bunu bilavasitə davam edən müharibə ilə əlaqələndirirlər.

Beləliklə, görünən budur ki, artıq Paşinyan ölkəni uçurumun kənarına gətirib çıxarıb. Ermənistan əhalisi isə onlar üçün mənasız müharibədə döyüşmək istəmir. Hətta Dağlıq Qarabağda erməni icmasının gəncləri bölgəni tərk edib. Ermənistan hakimiyyəti düşdüyü məğlub vəziyyətdən çıxmaq üçün yol axtarır. Ancaq daxili kin, hikkə və nifrət onlara reallığı dərk etməyə imkan vermir. Bu da işğalçı ölkənin məğlubiyyətini daha qaçılmaz hala gətirir.

Mənsumə Babayeva, “İki sahil”