21 oktyabr 2020 18:13
971

COVID-19: Özünüzü qorumağı unutmayın!

Ölkəmizdə pandemiya ilə bağlı vəziyyətin dəyişməsinin əsas səbəblərindən biri vətəndaşlarda arxayınlığın və laqeydliyin yaranması, xüsusi karantin rejiminin qaydalarına yetərincə riayət olunmamasıdır ki, bu da əldə olunmuş müsbət dinamikanın yenidən itirilməsinə gətirib çıxarıb. Statistikaya nəzər yetirsək görərik ki, son sutkada koronavirus  infeksiyasına 714 yeni yoluxma faktı qeydə alınıb, 176 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb, 7 nəfər isə vəfat edib.

Ümumiyyətlə, son günlərdə yoluxma saylarının artmasının müxtəlif səbəbləri də ola bilər. Belə ki, qış ayları yaxınlaşdıqca COVID-19, eləcə də digər respirator virus infeksiyaları və mikroblar daha çox yayılır. Buna səbəb isə insanların qapalı məkanlarda daha çox vaxt keçirməsidir ki, bu da virusa yoluxma riskini artırır. “Hazırda insanlarda pandemik yorğunluq müşahidə olunur” söyləyən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı bildirib ki, fevral ayından bəri insanlara müəyyən qaydalara əməl etmələri, diqqətli olmaları tövsiyə edilir: “İnsanlarda həssaslıq azalıb. Bu hal sadəcə Azərbaycanda deyil, bütün dünyada yaşanır. Onu da qeyd edim ki, ÜST pandemik yorğunluqla necə mübarizə aparılmasına dair yeni tövsiyələr yayımlayıb”.

“Son zamanlar Azərbaycanda qeydə alınan artım diqqəti cəlb edir. Yoluxma saylarının daha da artacağı gözlənilir. Rəqəmlərin artması qaçılmaz olacaq. Çünki insanların bir yerə toplanmasına vəsilə olan günlər yaşayırıq. Bir yerə toplandığımız zaman isə əksər vaxt koronavirusu düşünmürük. İnsanlarla belə çətin günlərdə bu mesajları ünvanlamaq asan deyil. Lakin özümüz, sevdiklərimiz naminə xəstəliyin daha da yayılmamasının qarşısını almaq üçün diqqətli olmalıyıq”, - deyə H. Harmancı bildirdi.

Qeyd etməliyik ki, hazırda dünyada virusa yoluxma sayı da durmadan artır. Buna bəzən ikinci, üçüncü dalğa deyilir. Təxminlərə görə, qışda yoluxma sayları yay aylarında qeydə alınan piki ötəcək. Hətta  Ümumdünya Səhiyyə Təşkilatının hesabatlarında da bununla bağlı bildirilib ki, son bir həftədə dünyada koronavirusa yoluxma hadisələrinin sayı sürətlə artmaqda davam edir, ölüm sayı nisbətən sabit qalır. Belə ki, yeni növ virusdan ölənlərin sayı 36 mindən çox artıb. 20 oktyabr tarixinə 41 milyondan çox yoluxma, 1,1 milyon ölüm hadisəsi qeydə alınıb. Son bir həftədə isə 2.4 milyondan çox yeni yoluxma, 36 mindən çox ölüm hadisəsi baş verib. Ən ağır epidemioloji vəziyyət isə Amerika qitəsində müşahidə olunur.

Göründüyü kimi, koronavirusun dünyada geniş vüsət alması, respirator xəstəliklərin baş qaldırdığı bir dövrdə olduğumuzu nəzərə alsaq, daha da diqqətli olmağımız vacib şərtdir. Aylardır davam edən qlobal təhlükə ilə mübarizədə sayıqlıq və məsuliyyət hissinin azaldılmaması mühüm rol oynayır. Görünür son günlər cəbhədə baş verənlər, təcavüzkar dövlət olan Ermənistanın ölkəmizə qarşı törətdiyi hərbi təxribat dünyanı cənginə almaş koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərini arxa plana keçirib. Nəzarət tədbirlərinin yumuşaldılmasından sui-istifadə edən vətəndaşlar pandemiyaya qarşı mübarizədə vacib olan qaydalara riayət etməkdən uzaqlaşıblar. Lakin etiraf edilməlidir ki, ölkəmizdə hazırkı müharibə şəraitində karantin qaydalarına riayət edilməsi məsələsi daha aktual olmalı, vətəndaşlar məsuliyyətlərini birə-beş artırmalıdırlar. Çünki, bu gün Azərbaycanın haqq savaşında orduya dəstək vermək istəyən hər bir vətəndaş ilk növbədə əskər və zabitlərimizin sağlamlığı haqqında düşünməlidir. Özünü və yaxınlarını xətəlikdən xilas edən vətəndaşlarımız, eyni zamanda, düşmən gülləsinə sinə gərən hərbçilərimizi qorumuş olurlar. Odur ki, hər bir şəxs sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və digər cəmiyyət üzvlərini qorumaq üçün mövcud sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət etməklə kifayətlənməməli, başqalarını da bu fəaliyyətə dəvət etməlidir.

Koronavirusdan danışarkən, virusa qarşı hazırlanan peyvəndlərdən də söz açmasaq olmaz. Qeyd edək ki, Azərbaycan COVID -19 xəstəliyinə qarşı peyvəndlərlə bağlı həm ikitərəfli, həm də çoxtərəfli COVAX layihəsinin iştirakçısıdır. Hazırda dünyada vaksinlərlə bağlı aparılan araşdırmalar Azərbaycan tərəfindən də çox yaxından izlənir. TƏBİB-dən bildiriblər ki, hansı peyvənd namizədinin uyğun olacağını demək çox tezdir. Bəzi peyvənd namizədləri ikinci mərhələni bitirib üçüncü araşdırma mərhələsinə keçəndə çox ümidverici olur. Lakin insanlarda onun istifadəsi başlayan zaman hər hansı fəsadlar və əks-təsirlər qeydə alınır. Hələ bütün mərhələləri bitirən və beynəlxalq təşkilatlar tərəfindən təsdiq olunan vaksin yoxdur. Ölkəmizdə həmin proseslər yaxından izlənilir. Biz artıq bütün proseslərin iştirakçısıyıq. Əgər hansısa vaksin təsdiq olunarsa, onu əldə edə biləcək ölkələrin sırasındayıq. Rusiyadan vaksin gətirilməsi məsələsinə toxunaraq TƏBİB-dən bildiriblər ki, vaksinin hansı ölkədə istehsal olunması əhəmiyyətli deyil. Rusiyada istehsal olunan vaksin də hazırda peyvənd namizədlərin siyahısındadır və beynəlxalq təşkilatlar tərəfindən qiymətləndirilir: “ÜST həmin peyvəndə bəzi müsbət qiymətlər verir, o da tam təsdiqlənməyib. Onun müsbət qiymətləndirmə nəticələri qeyd olunur. Əgər həmin peyvəndin tam şəkildə zərərsiz olması və istifadəsinin mümkünlüyü təsdiq olunarsa və ÜST tərəfindən qəbul olunarsa, o zaman Azərbaycan da onu almaq barədə düşünə bilər”.

Mənsumə Babayeva, “İki sahil”