25 noyabr 2020 17:51
1892

COVID-19: Riski sevməyən, məsuliyyət tələb edən, qaydalara tabe olan virus

Tibb elmləri doktoru, professor, Beynəlxalq Elmlər Akademiyasının akademiki Yavər Şıxəliyev bildirir ki, dünyada   virusa qarşı peyvəndin tapılması üzrə araşdırmaların davam etdiyi müddətdə pandemiya ilə  mübarizədə hər bir vətəndaş daha diqqətli olmalı,  sağlamlığını qorumalıdır

Bir neçə gündür ki, bütün dünyada olduğu kimi, ölkəmizdə də   koronavirusa yoluxanların sayındakı rekord artım  bəşəriyyətin gələcəyi üçün həyəcan siqnalıdır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) açıqlamalarında qeyd olunduğu kimi,  COVID-19-la bağlı   tam özünü təsdiqləyən peyvəndin,  sınaqdan çıxmış müalicə metodunun olmaması ciddi narahatlıq doğurur.

Pandemiyanın yayıldığı ilk günlərdən insanlarda xof yaradan,  payızın gəlişi, soyuqların düşməsi ilə  «çiçəklənən»  pandemiya ilə bağlı statistik rəqəmlərin sürətli artımı, ölüm hallarının çoxalması təkcə səhiyyə işçilərini deyil, bütün  insanları düşündürür. Bir neçə ölkədə virus əleyhinə peyvəndlərin tapılması ilə bağlı  informasiyalar  yayılsa da,  preparatların kütləvi istehsalı və tətbiqi  ilə bağlı  dəqiq məlumat təsdiqlənməyib.  Pandemiya ilə mübarizədə  tövsiyə olunan məsləhətlər- insanların özlərinə qarşı məsuliyyətlərini artırması,   gigiyenik qaydalara əməl olunması, həkim göstərişlərinə uyğun prosedurlara riayət  edilməsi hələ ki, virusa qalib gəlməyin  ən səmərəli metodu kimi  üstünlüyünü saxlayır.

Koronavirusun yayıldığı ilk günlərdən ölkəmizdə   kompleks tədbirlərin görülməsi, yeni xəstəxanaların, modul tipli səhiyyə ocaqlarının yaradılması ilə pandemiyanın geniş miqyasda yayılmasının qarşısı alındı. Karantin rejiminin tətbiqi, insanlar arasında aparılan maarifləndirmə, virusdan qorunmaq üçün tələb olunan lazımi qoruyucu vasitələrin, tibbi avadanlıqların  ölkəmizdə istehsalına  başlanılması səmərəsini verdi. Amma həmişə qeyd olunduğu kimi virusla  mübarizədə əsas amil vətəndaş məsuliyyətinin artırılması, insanların maksimum qoruyucu vasitələrdən istifadəsinə nail olunmasıdır.

Cəmiyyətdə  virusdan qorunmaq üçün tələb olunan tibbi maskalardan istifadə, ictimai yerlərdə nəzərdə tutulan qaydalara uyğun məsafələrin yaradılması, respublikamızda gigiyenik  vasitələrin istehsalına başlanılması, tələbatın yerli  məhsullar hesabına ödənilməsi ilə vəziyyət  nisbətən  normallaşdı. Yoluxanların sayının bəzi günlərdə  yüzün altında olması  vətəndaşlarda  arxayınlıq,  özlərinə və ətrafındakılara qarşı  laqeydlik yaratdı. Maskalardan istifadəyə ehtiyacın olmaması ilə bağlı yanlış  təsəvvür formalaşdı. Nəticə isə bu gün hamını qorxudan riskli vəziyyətin ifadəsi olan yeni yoluxma sayının dörd rəqəmlə  göstərilməsidir. Gündəlik yoluxma hallarının 3 mini ötməsi hər bir vətəndaşı düşündürməlidir.

Profilaktik tədbir kimi  testlərin  bir neçə xəstəxanada aparılması, cavabı  pozitiv çıxanların  pandemik xəstəxanalarda və  yaxud evlərdə- stasionar və  ambulator müalicəsinə başlanılması ilkin mərhələ olsa da,  müalicənin  sonrakı gedişi, xəstənin sağalma müddəti yenə də qaydalara düzgün əməl edilməsindən çox asılıdır. Yəni, yoluxma riskini azaldan qaydalara tabe olunması müalicə müddətində də  diqqətdə saxlanılmalı, həkimin məsləhəti olmadan başqalarının tövsiyələrinə əsasən dərmanların, antibiotiklərin qəbuluna  yol verilməməlidir.

Respublikada  ağciyər  xəstəlikləri  üzrə təcrübəli həkim  kimi  tanınan,  tibb elmləri doktoru, professor, Beynəlxalq Elmlər Akademiyasının akademiki Yavər Şıxəliyev  ölkəmizdə   pandemiya ilə bağlı  görülən tədbirləri, dövlətin ölkə vətəndaşlarına göstərdiyi diqqəti  yüksək qiymətləndirərək bildirdi ki, hər bir vətəndaş profilaktik qaydalara əməl etməklə, virusa qarşı  mübarizədə  vətəndaşlıq  borcunu da unutmamalıdır:

-  Prezident İlham Əliyevin bildirdiyi kimi, dövlət siyasətinin əsasını təşkil edən insan amilinə diqqət  pandemiyanın ilk günlərindən həyata keçirilən tədbirlərdə də  əks olundu.  Yeni istifadəyə  verilən xəstəxanalar ən müasir tibbi avadanlıqlarla təchiz edildi,  ixtisaslı mütəxəssislərdən ibarət həkim briqadaları yaradıldı. Ciddi karantin rejimi tətbiq olundu. Hazırda qüvvədə olan komendant saatının tətbiqi ilə virusa qarşı mübarizə tədbirlərinə, vətəndaşların nəzərdə tutulan qaydalara əməl etmələrinə nəzarət gücləndirildi. Görülən tədbirlər  yeni  yoluxma hallarının qarşısını nisbətən alsa da, vətəndaşların  gigiyenik qaydalara əməl etməmələri səbəbindən   virusun yayılma intensivliyi artır. Bunun üçün hər insan ilk növbədə özünə, ailəsinə, çalışdığı  kollektivə diqqətlə yanaşmalı,  pandemiyanın ilk əlamətlərini hiss etdiyi zaman həkimə müraciət etməlidir. El arasında işlədilən  «Hər kəs özünün həkimi olmalıdır» deyimi bugünlərdə daha çox xatırlanır. Yəni orqanizmində  virusun əlamətlərini hiss edən insanlar ilk növbədə sahə həkimlərinə  müraciət etməli, onların məsləhətlərinə uyğun prosedur qaydalarını yerinə yetirməlidirlər.  Testlərin aparılması üzrə dünya dövlətləri arasında ilk sıralarda yer alan ölkəmizdə bu sahədə  hər cür şərait yaradılıb.  Hazırda bir neçə xəstəxanada yerləşdirilən  ən müasir tibbi avadanlıqlar vasitəsi ilə dəqiq test müayinəsi aparılır.  Test zamanı  təhlilin nəticəsi müsbət olan xəstə həkimin təyinatına görə stasionar və ambulator müalicəyə cəlb olunur.

Xəstəliyin davam etdiyi karantin müddətində bir neçə dəfə  test yoxlamalarının  aparıldığını qeyd edən Yavər həkim bildirdi ki,  stasionar müalicə xəstəxanalarda aparıldığı üçün bütün prosedurlar nəzarət altında davam etdirilir. «Virusun simptomları nisbətən zəif  hiss olunan və ev  şəraitində müalicə alanlar xüsusi ayrılmış otaqlarda yerləşdirilməli, ətrafdan izolə  edilməlidirlər.  Evdə müalicə olunanlar pulsuz dərmanla təmin edilir. Müalicə müddətində  xəstəliyin gedişinə nəzarət edən sahə həkimlərinin məsləhətlərinə  əməl olunmalıdır» söyləyən  Yavər Şıxəliyev bildirdi ki,   tibbi personalın icazəsi olmadan, özbaşına  dərman preparatlarından, antibiotiklərdən istifadə  təhlükəlidir. Pandemiyanın ağır forması ilə müşahidə olunan hallarda, nəfəs çatışmazlığı  baş verən zamanda xəstə   süni  ventilyasiya  aparatına həkim-reanimotoloqun məsləhəti əsasında qoşulur. Bu zərurət yarandıqda xəstə ciddi müayinədən keçirilir, bütün parametrlər üzrə dəyərləndirmələr aparılır. Xəstənin aparatda qalma müddəti klinik,  laborator təhlillərin gedişatından asılıdır və müddəti müalicənin gedişatından asılıdır.

«Virusa yoluxmamaq üçün hansı profilaktik tədbirlər görülməlidir» sualını cavablandıran Yavər həkim  bildirdi ki, insanlar ilk növbədə  orqanizmlərinin immunitetlərini möhkəmləndirməlidirlər. Müalicəsi başa çatan xəstələr üçün orqanizmin gücləndirilməsi xüsusilə vacibdir. Bunun üçün yemək rasionuna, düzgün qidalanmaya diqqət artırılmalıdır. Amma bütün hallarda  pandemiyaya qarşı mübarizənin ən səmərəli metodu  vətəndaş məsuliyyətinin artırılmasıdır.

Bu gün hər birimizin  gündəlik müşahidə etdiyimiz  istifadə olunan maskaların əl çantalarında, ciblərdə gigiyena qaydalarına uyğun olmayan şəraitdə saxlanılması,  yenidən taxılması halları  yolverilməzdir.  ÜST-ün tövsiyələrində də qeyd olunduğu kimi maskalardan düzgün istifadə etməklə,  nəzərdə tutulan  səviyyədə ara məsafələri saxlamaqla, təmizlik və gigiyena qaydalarına riayət etməklə  koronavirusa qalib gəlmək olar. Unutmayaq ki,  çətin olmayan, gündəlik həyat tərzimizə çevrilən bu qaydalara əməl etmək  sağlamlığımızın əsas qarantıdır.

Xuraman İsmayılqızı,

«İki sahil»