16 may 2019 10:58
221

Dadaş Hüseynov: Elmi fəaliyyətimizin nəticələrini dərinləşdirməliyik

Geologiya və Geofizika İnstitutu (GGİ) Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) aparıcı elmi müəssisələrindəndir. İnstitutun alimləri geoloji elmin inkişafına, respublika ərazisinin geoloji quruluşunun öyrənilməsi üzrə fundamental və tətbiqi məsələlərin həllinə, Azərbaycanın mineral-xammal bazasının yaradılması və möhkəmlənməsinə əhəmiyyətli töhfələr verirlər. İnstitut bu gün tədqiqatlar və elmi nəticələr baxımından da diqqət mərkəzindədir. GGİ-nin fəaliyyəti barədə daha ətraflı məlumat almaq üçün bu elm müəssisəsinin elmi işlər üzrə direktor müavini AMEA-nın müxbir üzvü, geologiya-mineralogiya elmləri doktoru Dadaş Hüseynova müraciət etmişik. Alimlə müsahibəni təqdim edirik.

- Dadaş müəllim, ilk sualımız GGİ-nin qısa tarixçəsi ilə bağlı olacaq. 

-İnstitutun yaradılma tarixi 1926-cı ildə Bakıda Azərbaycanın öyrənilməsi və tədqiqi Cəmiyyətinin təşkili ilə bağlıdır. Bu Cəmiyyət həm də Geologiya və Geofizika sahəsində tədqiqatlar aparırdı. 1932-ci ildə Cəmiyyətin əsasında SSRİ Elmlər Akademiyasının Zaqafqaziya Filialının Azərbaycan Bölməsi (EAZFAB) təşkil edildi. 1935-ci ildə həmin bölmə əsasında SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialı (SSRİ EAAzF) yaradıldı və onun tərkibinə bir sıra institutlarla yanaşı, Geologiya sektoru da daxil edildi. Geologiya və Geofizika İnstitutunun rəsmi tarixi isə 1938-ci ildən başlayır. Bu tarix kitabında şərəfli və gözəl səhifələr kifayət qədərdir. Geologiya İnstitutunun fəaliyyəti dövründə ona professor Məmməd Ağabəyov (1938-1943), akademik Qambay Əlizadə (1943-1945), akademik Əzəl Sultanov (1945-1949), Azərbaycan EA müxbir-üzvü Əbdül Əliyev (1949-1951), g.m.e.n. Abdulla Bayramov (1952-1954), akademik Şəfahət Mehdiyev (1954-1958), akademik Əzəl Sultanov (1958-1970), professor Ənvər Əlixanov (1970-1976) rəhbərlik etmişlər. 1976 ildən İnstituta akademik Akif Əlizadə rəhbərlik edir.

- İnstitutun əsas tədqiqat istiqamətləri hansılardır?

-İlk fəaliyyət illərindən başlayaraq İnstitut alimlərinin səyi aktual fundamental və tətbiqi məsələlərin həllinə yönəldilmişdir. Burada Azərbaycanın ümumi geoloji xəritəsi və ilk faydalı qazıntılar və mineral sular xəritələri tərtib edilir. Bununla yanaşı fəaliyyətinin bütün dövrlərində neft-qaz geologiyası və geokimyası prioritet istiqamət olmuşdur. Bu istiqamətin inkişafı istedadlı akademik və tədqiqatçıların adları ilə bağlıdır. Neftin genezisi, sanaye əhəmiyyətli neft-qaz yığımlarının əmələgəlmə və paylanmasının aktual problemləri uzun illər yorulmadan tədqiq olunmuşdur. Qırışıqlıq vilayətlərinə tətbiq edilə bilən xüsusi metodika üzrə Azərbaycanda neft və qaz resurslarının proqnoz qiymətləndirilməsi verilmiş, ən perspektivli stratiqrafik komplekslər və rayonlar ayrılmış və onların hüdudlarında kəşfiyyat işlərinin aparılması üçün təkliflər irəli sürülmüşdür. “Azərbaycan SSRİ-nin neft və qaz - perspektivli strukturlar xəritəsi” (1:500000 miqyaslı) tərtib və çap edilmişdir.

Nadir təbiət hadisəsi olan palçıq vulkanizminin sistematik tədqiqi İnstitutun mühüm elmi istiqamətidir. 1971-ci ildə dünya geoloji təcrübəsində ilk dəfə olaraq akademik Əhəd  Yaqubovun rəhbərliyi ilə “Azərbaycan SSRİ-nin palçıq vulkanları” Atlası tərtib edilib çap olunmuşdur.

- Bu nəticələrin əldə olunması yəqin ki, kifayət qədər mütəxəssis əməyinin nəticəsi hesabına olub.

-Bəli. Bütün illər ərzində İnstitutun strukturu vaxtaşırı yeniləşdirilmiş və təkmilləşdirilmişdir. Bü gün GGİ-nin 30-a yaxın şöbə və sektorunda 200-dən çox elmi əməkdaş işləyir. Onların sırasında AMEA-nın 6 akademiki, 4 müxbir üzvü, 26 elmlər doktoru və 61 elmlər namizədi, 30-dan çox aspirant vardır. İnstitutun fəaliyyəti dövründə 80-dən çox elmlər doktoru və 300-ə yaxın elmlər namizədi yetişmişdir ki, onların da əksəriyyəti elmi nailiyyətlərinə, həm də yaratdıqları elmi məktəblərə görə tanınan, öz ixtisaslarının sirrinə dərindən bələd olan yüksək səviyyəli peşəkar elm adamlarıdır.

- Deməli, GGİ-də elmi kadrların hazırlanmasına diqqət böyükdür?

- İnstitutumuzda alim kadrların hazırlığı daim vacib hesab edilmiş və bu missiyanın təşkilati tərəfinə xüsusi diqqət yetirilmişdir. Belə ki, 1986-cı ildə İnstitutun təşəbbüsü ilə respublikada ilk Təhsil-Elmi Mərkəzi (TEM) yaradıldı. Buraya akademik İnstitut, ali təhsil müəssisəsi - AzNKİ daxil idi, sonrakı illərdə analoji mərkəz Bakı Dövlət Universiteti ilə birgə təsis edildi. TEM-in yaradılmasında məqsəd bir tərəfdən, tələbələrə bilikləri bilavasitə “ilk mənbədən” çatdırmaq və Geologiya İnstitutunun analitik bazasını təhsil prosesinə müasir səviyyədə cəlb etmək, digər tərəfdən isə gəncləri yaradıcılıq işinə tələbəlik illərindən alışdırmaqdan ibarət idi.

- Dadaş müəllim, digər ölkə alimləri ilə birgə elmi axtarışlarınız olubmu?

-Əlbəttə. Bir çox illər ərzində GGİ əməkdaşları “Akademik Kurçatov”, “Akademik Vernadski”, “Peqas”, “Vityaz”, “Antares”, “Kallisto” və digər elmi-tədqiqat gəmilərində Dünya okeanının geologiyası və mənimsənilməsinin kompleks öyrənilməsi üzrə işlərdə fəal iştirak etmişlər. SSRİ EA Okeanologiya İnstitutu ilə birlikdə ilk dəfə olaraq pleystosen və holosenin zonal stratiqrafik sxemlərinin korrelasiyası aparılmış, onların transatlantik kəsilişdə paylanmasının litoloji və geokimyəvi qanunauyğunluqları müəyyən edilmişdir. 2002-ci ildə İnstitutda nüvə partlayışları və zəlzələlərin monitorinqi məlumatlarının Milli Mərkəzi təşkil edilmişdir. Bu mərkəz Azərbaycan ərazisində və qovuşuq Xəzər dənizi akvatoriyasında dünya monitorinq sisteminin bir hissəsi kimi fəaliyyət göstərir və seysmoloji, radionuklid, hidroakustik və infrasəs monitorinq aparmaq və həm monitorinq obyektləri, həm də beynəlxalq məlumatlar Mərkəzi ilə əlaqə yaratmaq məqsədi daşıyır. Bu məqsədlə İnstitutda “Nüvə sınaqlarının hərtərəfli qadağan edilməsi haqqında saziş Təşkilatının (NSHQST, Avstriya)” texniki dəstəyi ilə Yer kürəsinin müxtəlif sahələrində yerləşmiş 325 geofiziki stansiyadan informasiya əldə etməyə və Mərkəzi Asiya və Qafqazda nüvə partlayışları və terrorizm təzahürlərinə müəyyən dərəcədə effektiv nəzarət rejimini həyata keçirməyə imkan verən sistem yaradılmışdır.

- Bu tədqiqatların nəticələri KİV-də vaxtaşırı yayılırmı?

-İnstitutun fəaliyyəti ərzində alimlərin apardıqları tədqiqatların əsas nəticələri çoxsaylı nəşrlərdə öz əksini tapmışdır. 8 mindən çox elmi məqalə, müxtəlif konfrans, simpozium və s. materialları, o cümlədən 300-dən çox monoqrafiya və dərs vəsaiti çap edilmişdir. Bu nəşrlərdən 200-ə yaxın məqalə, bir çox monoqrafiya və kitab xaricdə işıq üzü görmüşdür. 1952-1958-ci illər ərzində yeddi cildlik “Azərbaycan geologiyası”, habelə Azərbaycan Respublikasına həsr edilmiş ikicildlik “SSRİ geologiyası” (1972-1976) əsərlərinin hazırlaması və nəşri xüsusilə qeyd edilməlidir.

- Axtarışlar və yaxşı elmi nəticələr olan müəssisələrdə, adətən, elmi məktəblər meydana çıxır. Sizin İnstitutda bu cür məktəblər olubmu?

-Əlbəttə. Azərbaycan elmində akademiklərimizdən Şamil Əzizbəyovun petrologiya, Mirəli Qaşqayın mineralogiya və geokimya, Musa Əliyevin paleontologiya, Əliəşrəf Əlizadənin neft-qaz geologiyası, Qambay Əlizadənin stratiqrafiya, Akif Əlizadənin paleontologiya və stratiqrafiya məktəbləri məşhurdur. Professorlardan Xəlil Əliyullahın, Əbdülhəmid Xəlilovun və digər alimlərin yaratmış olduqları elmi məktəblərin fəaliyyəti də xüsusilə qeyd edilməlidir. Adı çəkilən alimlərin hər birinin elmi məqalələri, monoqrafiyaları, çoxcildli əsərləri, tərtib etdikləri kitab və xəritələri Azərbaycan elminin irəli getməsində mühüm rol oynamışdır. Həmin elm daşıyıcılarının məktəbləri əsasında və bilavasitə rəhbərliyi ilə yüzlərlə gənc alim yetişmişdir. Təkcə belə bir faktı qabardım: 2003-cü ildə Geologiya İnstitutu və Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutunun (DNQYPİ) əsasında Azərbaycan MEA Geologiya İnstitutu yaradılmışdır. DNQYPİ-də neft və qaz yataqlarının işlənilməsinin nəzəri və tətbiqi məsələləri sahəsində akademik Müdhət Abbasovun rəhbərliyi ilə tanınmış elmi məktəb yaranmışdır. Bu institutda müxtəlif tipli neft və qaz yataqlarının işlənilməsi nəzəriyyə etibarilə qurulmuş, hidroqazodinamik əsaslar təkmilləşdirilmiş, texnoloji göstəricilərin təyininin yeni metodları təklif edilmişdir. Hazırda müstəqil fəaliyyət göstərən elmi qurumlardan Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM), Neft və Qaz İnstitutu, Təbiət Tarixi Muzeyi və s. elmi qurumlar məhz GGİ bazasında illər ərzində formalaşmış və sonra ayrıca təşkilat kimi fəaliyyətə başlamışdır.

- Dadaş müəllim, GGİ-nin yaxınlarda qeyd olunan 80 illik yubileyində İnstitutun elmi nailiyyətləri barədə kifayət qədər məlumat verildi. Eyni zamanda, məlum oldu ki, kollektiviniz daha yüksək nəticələr qazanmaq əzmindədir. Bu yüksəlişə nail olmaq üçün hazırda nələr çatışmır?

- Tədqiqatlarımızın çox sahələrinin inkişafındakı uğurlarımızla yanaşı, təəssüflə və böyük həyəcanla neqativ ənənələri və alimlərimizin liderlik mövqe tutduqları bütöv elmi istiqamətlərin itirilməsi təhlükəsini qeyd etmək istərdim. Təsəvvür edin ki, litoloji tədqiqatlar Azərbaycanda uzun illər prioritetli istiqamət olmuşdur. Öz işləri ilə bütün Sovet İttifaqı məkanında məşhur olan, litologiya elmi istiqamətinin əsasını qoyan və onu inkişaf etdirən tanınmış alim-litoloqların bütöv dəstəsi ilə elmimiz fəxr edir. Bu kontekstdə biz D.B.Qolubyatnikovu, A.Q.Əliyevi, Ə.C.Sultanovu, V.A.Qorini, İ.S.Mustafayevi, E.A.Daidbəyovanı, N.V.Paşalını, T.M.Hadıyevanı və digərlərini xatırlamaq kifayətdir. Amma hazırda geologiya elminin bu mühüm və əsas istiqamətinə maraq, əfsuslar olsun ki, zəifləyib. Son illərdə Geologiya İnstitutu əməkdaşlarının sedimentologiya və sekvensstratiqrafıya sahəsində xarici partnyorlarla və yaxud müstəqil surətdə həyata keçirdikləri bir sıra mühüm işlərə baxmayaraq, biz litologiya məktəbinin sıradan çıxması və çökmə süxurların petroqrafiyası, litostratiqrafıya, çöküntülərin kollektor xassələrinin tədqiqi və s. kimi istiqamətlərin itirilməsi təhlükəsi sərhədində dayanmışıq. Litoloji-petroqrafık tədqiqatların aparılması üçün zəruri analitik bazanın genişləndirilməsi və yeni kadrların hazırlanması üzrə təcili tədbirlər görülməlidir. Geologiya elmimiz üçün çox vacib olan daha bir istiqamətin - bir neçə onilliklər ərzində akademik Ş.Ə.Əzizbəyov, g.-m.e.d., prof. R.N.Abdullayev, AMEA-nın müxbir üzvü H.V.Mustafayev, g.-m.e.d., prof. F.A.Axundov və digər alimlər tərəfindən yaradılmış vulkanologiyanın itirilməsi də bizi qayğılandırır. Deyilən məktəbin indiki təmsilçiləri elmimiz üçün vacib olan bu istiqaməti canlandırmağa borcludurlar. Biz çökmə süxurların üzvi maddəsinin öyrənilməsi sahəsində keçmiş SSRİ-də ilk sıralarda olmuşuq. Hazırda isə müasir analitik avadanlığın və ixtisaslaşmış laboratoriyanın olmaması səbəbindən belə tədqiqatları aparmaq imkanından praktiki olaraq məhrumuq. Bu laboratoriyanın ən prioritetli istiqamətlərindən biri ayrı-ayrı ərazilərin və çökmə komplekslərin karbohidrogen potensialının qiymətləndirilməsi sahəsindəki tədqiqatlar olacaq. Hesab edirəm ki, üzvi maddənin geokimyasının öyrənilməsi üzrə yeni ixtisaslaşmış laboratoriyanın yaradılması çox vacibdir.

Ölkəmizin böhranlı illərində mühüm elmi istiqamət olan izotop geologiyası və geoxronologiyanı da itirdik. Bu o deməkdir ki, petrologiya, geodinamika, geokimya, neft geologiyası, flüidodinamika, filizəmələgəlmə, hidrogeologiya və başqa sahələrdə heç bir tədqiqat izotop öyrənilmələr tətbiq edilmədən keyfiyyətli və etibarlı yerinə yetirilə bilməz. AMEA-nın prezidenti, eyni zamanda GGİ-nin direktoru akademik Akif Əlizadə İnstitutda bu istiqamətin yenidən yaradılması barədə düşünür. Ümid edirik ki, son illərdə respublikamızda elmə göstərilən diqqət və praktik qayğının bir nəticəsi də elm naminə qeyd edilən niyyətlərimizin reallaşması olacaq.

Şirməmməd Nəzərli