KÖŞƏ

Zahid Rza

Dağıdıcı müxalifətin əli hər yerdən üzülüb

03 iyun 2020 15:09
2939

Şəxsi ambisiyaları naminə bütün ali dəyərləri ayaqlar altına atan antimilli qüvvələr öz xislətlərinə sadiq qalaraq dağıdıcı, qeyri-konstruktiv əməllərini şər-böhtanın, “qara piar”ın, ən başlıcası isə öz antimilli fəaliyyətlərinin miqyasını daha da genişləndiriblər. Mayası xəyanətlə, satqınlıqla, pozuculuqla yoğrulmuş bu siyasətbazlar, onların beş-üç nəfər əlaltıları, trolları sosial şəbəkələrdə saxta profillərlə dövlətimizə, dövlətçiliyimizə, ayrı-ayrı şəxslərə şər-böhtan, təhqir yağdırmaqla özlərini ifşa etməklə yanaşı, erməni dəyirmanına su tökdüklərini və anti-Azərbaycan dairələrin bir nömrəli qulluqçusu olduqlarını açıq-aşkar ortaya qoyurlar. Öz şəxsi ambisiyalarını milli maraqlardan üstün tutan Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli kimi siyasət dəllalları bütün mənəvi, əxlaqi dəyərləri tapdalayaraq Avropanın müxtəlif ölkələrində məskunlaşmış, məhdud siyasi təfəkkürlü, dar dünyagörüşlü, ölkəmizdə və dünyada baş verən ictimai-siyasi prosesləri düzgün təhlil edə bilməyən bəzi kəmsavad gəncləri tora salaraq öz məkrli məqsədlərinə alət etməkdən belə çəkinmirlər.

Son vaxtlar şəxsi maraqları və ambisiyaları naminə milli mənafelərimizə zidd əməllərinin rəngini daha da tündləşdirən AXCP adlı xəyanətkar anti-Azərbaycan dəstənin dərin mənəvi-psixoloji sarsıntılar burulğanında çırpındığı aşıq-aşkar görünür. Ölkəmizin karonavirus pandemiyası ilə səmərəli mübarizə apardığı bir vaxdta bu xəyanətkar şəbəkə bir qrup əqidədaşları ilə sosial şəbəkələrdə meydan sulayaraq öztəbliğatında respublikamızda iğtişaşlar yaratmağa, sabitliyin pozulmasına yönəlmiş birbaşa çağırışlar və fəaliyyətləri ilə  dövlətə qarşı vuruşmaq yolunu tutublar.

Dövlətimizin başçısı bu antimilli qüvvələrin xəyanətkar əməllərinə layiq olduqları qiyməti verib: “Onlar üçün, yəni xüsusilə daxildəki bu elementlər üçün siyasi həyatda bir prinsip var ki, Azərbaycan üçün nə qədər pisdirsə, onlar üçün bir o qədər yaxşıdır. Yəni, Azərbaycanı ləkələmək, Azərbaycan haqqında yanlış məlumat yaymaq, erməni lobbisi ilə birləşmək - bütün bunlar bizim gözümüzün qabağında baş vermiş hadisələr idi. Əlbəttə, Azərbaycan xalqı bir daha açıq-aydın gördü ki, kim kimdir.”

Antimilli qüvvələrin son illərdəki fəaliyyəti ə.kərimlilərin, c.həsənlilərin, g.hacıbəylilərin və onların qul-beçələrinin  əsl simasını, xaraktersizliyini, məzmun-mahiyyətini tam dolğunluğu ilə ortaya qoyur. Milli maraq və mənafeləri anti-Azərbaycan dairələrdən aldıqları beş-üç qəpik tulapayına satan, sosial bazası olmayan, bütün hüquqi-etik, əxlaqi-mənəvi dəyərləri tapdalayıb keçən, xəyalpərəstliyə, ifrat subyektivliyə yuvarlanan dağıdıcı müxalifətin əli hər yerdən üzüldüyünə görə fəaliyyətlərində bu gün Avropanın müxtəlif ölkələrində daldalanan, anti-Azərbaycan dairələrin və müxtəlif xarici xidmət orqanlarının toruna düşən savadsız, dünyagörüşsüz, ideya-syasi cəhətdən özünüdərkin sıfır nöqtəsində olan, milli düşüncədən məhrum olan Qənimət Zahid, Sevinc Osmanqızı,Tural Sadıqlı kimilərə üstünlük vermələri əslində bəzi qaranlıq məqamları gün işığına çıxardır. Bu xəyanətkarlar isə özlərini azərbaycanlı adlandırsalar da, xaricdəki düşmənlərimizin dərsləri və təlimatları ilə Azərbaycan dövlətçiliyinin, onun simvollarının əleyhinə şər-böhtan və təhqirlər yağdıraraq ölkəmizin beynəlxalq nüfuzuna qarayaxmağa çalışsalar da heç nəyə nail ola bilmirlər.