KÖŞƏ

Vəli İlyasov

Dağıdıcı müxalifətin qış yuxusunun əcaib səhnələri...

08 yanvar 2020 20:21
2191

2019-cu ilin radikal  müxalifət düşərgəsinə aid olan ən biabırçı hadisələrindən biri  mühacir biznesinin ifşası oldu. Məlimat verildiyi kimi, Almaniyada qanunsuz miqrasiyaya qarşı ciddi tədbirlər görüldü və həmin tədbirlər bu gün də davam etdirilir. O cümlədən  Avropanın digər ölkələrində də bu istiqamətdə işlərə başlanıb və  yaxın vaxtlarda nəticələr məlum olacaqdır. Burada  maraqlı məqam odur ki, mühacir biznesi məsələsində yalnız Müsavat Partiyası və onun rəhbərliyinin  deyil, AXCP sədri Əli Kərimlinin, eləcə də ətrafının fəal iştirakı var. Belə ki, müsavatçılarla yanaşı, cəbhəçilərin də adları belə çirkin  olaylarda hallanır.  Məlumata görə, “mühacirlərin” əksəriyyəti  AXCP-dən müəyyən məbləğ pul müqabilində alınan saxta partiya vəsiqələri və mitinqlərdə göstərdikləri “aktivliyə” görə Avropanın müxtəlif ölkələrinə sığınmağa rahat imkan tapıblar. Hətta bir müddət əvvəl o da bəlli olmuşdu ki, saxta mühacir statusu üçün AXCP-nin müəyyən adamları tərəfindən adambaşına  5-10 min dollar pul alınıb ki, həmin vəsaitlər sonradan Əli Kərimlinin ayrı-ayrı şəxslərin adlarına açılmış bank hesablarına köçürülüb.

Aparılan araşdırmalar və  üzə çıxarılan faktlar da göstərir ki, mühacir biznesi ilə əsasən AXCP sədrinə yaxın münasibətdə  olan şəxslər məşğul olurlar. Onlar şirnikləndirmə yolu ilə imkanlı şəxsləri aldararaq pullarını ələ keçiriblər. Almaniyada polisin apardığı əməliyyatlardan sonra belə faktların üstü açılıb. Bununla əlaqədar adlarının hallanmasını istəməyən məlumatlı mənbələr də əsaslı faktları ortaya qoymaqda davam edirlər.

Xatırladaq ki, bu məsələlərlə bağlı İsa Qəmbər və Arif Hacılı keçən ilin sonlarında prokurorluğa çağırılmışdılar. Doğrudur, Müsavat Partiyasının da möhürü olan saxta sənədlə Avropaya gedənlər var. Ancaq  bu prosesdə əsas təşkilatçılar AXCP rəhbərliyi və onların ətrafında olan birləşdirilmiş müəyyən bir şəbəkədir.  Şəbəkənin üzvlərinin əsas işi xaricə getmək istəyən müəyyən qədər imkanlı şəxsləri AXCP ilə əlaqələndirmək və  onlar üçün arayışlar almaqdır.

Xatırladaq ki, “siyasi mühacir”  alveri ilə məşğul olan dəstənin cinayətkar əməlləri ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğu rəsmi açıqlama yaymışdı. Məlumatda bildirilirdi ki, Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində ayrı-ayrı Azərbaycan Respublikası vətəndaşlarının ölkə ərazisini tərk edərək xarici dövlətlərdə “siyasi sığınacaq” adı altında “oturum icazəsi” almaq məqsədilə guya Azərbaycan Respublikasında hüquqlarının pozulması, siyasi baxışlarına, sosial mənsubiyyətlərinə görə təqib olunmaları haqqında hüquq verən rəsmi sənədlərin istifadə məqsədilə saxtalaşdırılması, qanunsuz miqrasiyanın təşkili və sair faktlar üzrə başlanmış cinayət işinin istintaqı davam etdirilir.

Cinayət işi üzrə saxta sənədlərdən istifadə etməklə xarici ölkələrdə “oturum izni” alan şəxslərin əməllərinin müəyyənləşdirilməsi istiqamətində kompleks istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirlərinin icrası davam etdiriləcəyi ilə bağlı rəsmi məlumat  da verilmişdi.

Bütün bunlar bir daha sübut edir ki, artıq  AXCP və Müsavat kimi siyasi bizneslər üzərində qurulmuş partiyaların siyasi sonları da  başa çatmaq üzrədir. Faktlar, dəlillər və sübutlar da bunları göstərir. Hətta indi  Əli Kərimlinin, İsa Qəmbərin, Arif Hacılının  haqq almağa  cürətləri çatmır. Çünki bu dəfə onları ifşa edən Avropanın hüquq-mühafizə orqanlarıdır. Ona görə də haray-həşir sala bilmirlər, çünki buna bəhanə yoxdur.

Dağıdıcılar 2020-ci ildə daha sərt sürprizlərlə qarşılaşacaqlar, çünki Avropadakı “siyasi mühacir əməliyyatı” onların uzun illər qat kəsmiş cinayətlərini də üzə çıxaracaq. İndi dağıdıcılar yəqin qış yuxularında  əcaib-qəraib səhnələr görürlər, yuxudan ayılanda isə ondan da dəhşətlisini görəcəklər.