30 may 2020 10:37
874

“Dağlıq Qarabağ və Ramil Səfərov”

“The Guardian” nəşrində “Dağlıq Qarabağ və Ramil Səfərov” sərlövhəli məqalə dərc edilib

“The Guardian” nəşrində Azərbaycanın Britaniyadakı səfiri Tahir Tağızadənin “Dağlıq Qarabağ və Ramil Səfərov” sərlövhəli məqaləsi dərc edilib.

Məqalə “Azərbaycanlı zabit tərəfindən öldürülmüş erməni hərbçinin qohumları ədalət istəyir” başlıqlı xəbərə cavab olaraq yazılıb: “Dağlıq Qarabağ, Ramil Səfərovun işi ilə bağlı məqalədə istinad edildiyi kimi, “mübahisəli ərazi” deyil. Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış bir hissəsidir və Azərbaycanın yeddi rayonu ilə birlikdə 25 ildən çoxdur ki, Ermənistanın işğalı altındadır. Bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası erməni qoşunlarının Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Bu qətnamələr hələ yerinə yetirilməyib.

Ramil Səfərovun doğulduğu Cəbrayıl şəhəri də Ermənistan tərəfindən işğal edilib və o, kiçik yaşda öz yurdundan didərgin düşüb.

Onun səkkiz il həbsdə qaldığı Macarıstandan Azərbaycana ekstradisiyası qanunlara uyğun olaraq həyata keçirilib və bu, istənilən suveren dövlət başçısının öz vətəndaşını əfv etmək konstitusion hüququdur. Azərbaycan 1 milyondan çox qaçqın və məcburi köçkün əhalisi üçün ədalət axtararkən Ermənistan hərbi təcavüz yolu ilə Azərbaycan torpaqlarını işğal etməsinin əsaslarını möhkəmlətmək üçün bütün vasitə və platformalardan istifadə edir”.