14 avqust 2019 16:18
78

Danimarka Qrenlandiyaya yanğınsöndürənlər yollayır

Danimarka Qrenlandiyanın qərbindəki Sisimiut rayonunda tüğyan edən yanğının söndürülməsinə kömək etmək üçün adaya 38 yanğınsöndürən yollayacaq.

AZƏRTAC “Bloomberg” nəşrinə istinadla xəbər verir ki, alimlərin etdiyi xəbərdarlığa görə, Qrenlandiya buzlaqları rekord sürətlə əriyir, ada meşə yanğınlarının söndürülməsinə kömək etmək üçün öz sərhədlərindən kənarda yerləşən fövqəladə xidmətlərin yardımına getdikcə daha çox ümid bəsləyir.

Rəsmi şəxslərin sözlərinə görə, iyulun əvvəlində başlayan yanğın yaşayış rayonlarına yaxınlaşmaqdadır.

Yerli hakimiyyət orqanları ehtiyat edirlər ki, yanğın dərhal söndürülməsə, qışa qədər davam edəcək, Qrenlandiya təbiətinə ciddi ziyan dəyəcək və qlobal istiləşmənin artıq təsir göstərdiyi yerlərdə buzlaqların əriməsinə gətirib çıxarıb.

Qar və Buz üzrə Milli Məlumat Mərkəzinin iyun ayındakı hesabatına görə, Qrenlandiyanın buz sipərinin təqribən 80 milyard tona ekvivalent olan geniş ərazisi bu ayın 10 günü ərzində yoxa çıxıb.

Qeyd edək ki, dünyanın ən böyük adası Danimarka Krallığı tərkibində muxtar özünüidarəetmə ərazisidir. Danimarkanın müdafiə naziri Trine Bramsen bildirib ki, yanğınsöndürənləri göndərmək qərarı Qrenlandiya ilə Danimarka arasındakı sıx əməkdaşlığın nəticəsidir.