25 iyun 2019 17:22
156

Daşınmaz əmlakın icbari sığortası üzrə yığım 33 faiz artıb

2019-cu ilin yanvar-may aylarında ölkədə fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 319,3 milyon manat məbləğində sığorta haqları toplanıb, 93,8 milyon manat məbləğində sığorta ödənişləri həyata keçirilib.        

Maliyyə Bazarlarına Nəzarət Palatasından "İki sahil"ə verilən məlumata görə, könüllü sığorta bazarı üzrə haqlar 212,7 milyon manat, ödənişlər isə 64 milyon manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 106,6 milyon manat, ödənişlər isə 29,8 milyon manat olub.

2019-cu ilin yanvar-may aylarında sektor üzrə məcmu sığorta haqlarının 66,6 faizi könüllü, 33,4 faizi isə icbari  sığorta  növlərinin  payına  düşüb. Sığorta ödənişlərinin  68,3 faizi könüllü, 31,7 faizi icbari sığorta növləri hesabına formalaşıb.

Ötən ilin yanvar-may ayları ilə müqayisədə qeyri-həyat sığortası haqları üzrə həm könüllü (2 faiz-2.4 milyon manat), həm də icbari növlər (10 faiz -7,7 milyon manat) üzrə artım müşahidə edilib.  Qeyd edək ki, qeyri-həyat sığortası növündə artım əsasən tibbi sığorta (20 faiz - 10.6 milyon manat) və daşınmaz əmlakın icbari sığortası (33 faiz- 4 milyon manat) üzrə olub.

Bundan əlavə həyat sığortasının icbari növü üzrə iartım 18 faiz (3,5 milyon manat) qeydə alınıb.