21 iyun 2019 19:38
901

Davamlı və uğurlu inkişaf strategiyası:  beş ayın nailiyyətləri fonunda

Ölkə iqtisadiyyatının davamlı uğurlarının təməlində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş, olduqca çevik və qətiyyətli, uzaqgörən iqtisadi siyasəti dayanır. Əldə olunan nailiyyətlər, ilk növbədə, ölkə rəhbərliyinin siyasi iradəsi və qətiyyətli addımları, ictimai-siyasi sabitliyin qorunub saxlanılması, iqtisadi inkişafda əsas hədəflərin dəqiq müəyyən edilməsi, islahatların davamlı xarakter daşıması, Dövlət proqramlarının uğurla reallaşdırılması sayəsində təmin edilib.

Bu siyasət davamlı iqtisadi islahatlar çərçivəsində qlobal iqtisadi çağırışlara uyğun müasir konseptual yanaşmalarla daha da təkmilləşdirilib, strateji məqsədlərə uyğun sərbəst bazar münasibətlərinə və özünüinkişaf qabiliyyətinə malik sosialyönümlü, şaxələndirilmiş milli iqtisadiyyatın formalaşdırılması təmin edilib. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində makroiqtisadi sabitlik qorunub saxlanılmış, qeyri-neft sektoru, regionların tarazlı inkişafı sürətlənib, strateji valyuta ehtiyatlarından səmərəli istifadə təmin olunub, sahibkarlığa dövlət dəstəyi gücləndirilib, əlverişli biznes və investisiya mühiti formalaşıb, əhalinin sosial rifahı davamlı olaraq yaxşılaşıb.

Hazırda sənaye istehsalında, qeyri-neft sektorunda mühüm işlər görülür, investisiya və infrastruktur layihələri ardıcıl icra edilir, əhalinin aztəminatlı hissəsinin, şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin, məcburi köçkünlərin sosial problemlərinin həlli, əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması, məşğulluğun təmin edilməsi, yeni iş yerlərinin yaradılması, milli sahibkarlığın hərtərəfli dəstəklənməsi istiqamətində genişmiqyaslı layihələr həyata keçirilir.

Bütün sferalarda olduğu kimi, iqtisadi sahədə də  islahatların dərinləşməsi istiqamətində mühüm addımlar atılıb. Cari ilin beş ayı ərzində ölkəmizin sosial-iqtisadi inkişafı davam edib, iqtisadi siyasətin prioritet istiqamətləri olan makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, qeyri-neft istehsalı və ixracının həcminin artması, regionların tarazlı inkişafı, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması və digər sahələrdə əhəmiyyətli irəliləyişlərə nail olunub, əhalinin rifah halının daha da yüksəldilməsi təmin edilib.  Beş ayda əldə edilən göstəricilər bunu bir daha təsdiq edir. Belə ki, 2019-cu ilin yanvar-may aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 5038,7 milyon manat vəsait yönəldilib, sərf edilmiş vəsaitin 68,4 faizini bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri təşkil edib. Ümumi sərmayənin 64,4 faizi məhsul istehsalı obyektlərinin, 26,9 faizi xidmət sahələri üzrə obyektlərin, 8,7 faizi isə ümumi sahəsi 771,7 min kvadratmetr olan yaşayış evlərinin tikintisinə sərf olunub. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait isə ümumi sərmayənin 72,8 faizini təşkil edib. Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 58,1 faiz, büdcə vəsaitləri 27,3 faiz, bank kreditləri 6,7 faiz, əhalinin şəxsi vəsaitləri 6,2 faiz, büdcədənkənar fondların vəsaitləri 1,3 faiz, sair vəsaitlər isə 0,4 faiz təşkil edib.

2019-cu ilin yanvar-may aylarında Bakı şəhərində Pirallahı Sənaye Parkında şpris istehsalı zavodu, DOST Agentliyinin və ilk DOST mərkəzinin inzibati binası, Qobustan rayonunda “Azərxalça” ASC-nin Qobustan filialı, Qobustan-Poladlı avtomobil yolu, Əmlak Məsələləri Dövlət Komitəsinin Əmlak Xidmətləri Məkanı, Mərdəkan-Qala avtomobil yolu, Sumqayıt şəhərində “SOCAR karbamid” zavodu, Polietilen zavodu, Beyləqan rayonunda Olimpiya İdman Kompleksi, Tarix-Diyarşünaslıq Muzeyi, Kəbirli-Eyvazalılar-Birinci Aşıqlı-Əlinəzərli və Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə-Beyləqan avtomobil yolları, bunlardan əlavə Naxçıvan Muxtar Respublikasında 1170 şagird yerlik 2 ümumtəhsil məktəb binası, 200 yerlik məktəbəqədər təhsil müəssisəsi, bir növbədə gəlişlərin sayı 35 nəfər olan 2 ambulatoriya-poliklinika müəssisəsi, Qobustan və Şəmkir rayonlarında 310 çarpayılıq 2 xəstəxana və s. mühüm əhəmiyyətli obyektlər istifadəyə verilib.

Zahid Rza, “İki sahil”