25 yanvar 2020 14:20
1395

Davosda xarici investorların ölkəmizə marağı yüksək səviyyədə hiss olundu

Prezident İlham Əliyevin Davos İqtisadi Forumundakı görüşləri əhəmiyyətinə görə ötən dəfəkilərdən daha ciddidir. Çünki burada ölkəmizin iqtisadi uğurlarına diqqətin böyük olması bir reallıqdır. Forumda iştirak edən ən nüfuzlu transmilli şirkətlər və inkişaf etmiş ölkələr Azərbaycan iqtisadiyyatındakı son inkişaf templərini maraqla izlədiklərini bildiriblər.

Prezident İlham Əliyevin dediyi kimi, Dünya İqtisadi Forumu siyasətçiləri, biznes adamlarını və ictimai təşkilatları bir araya gətirən və dünyada baş verən iqtisadi proseslərin, dünyanın iqtisadi gündəliyinin, habelə ictimai-siyasi proseslərin müzakirə olunduğu ən böyük platformalardan biridir.

Forum dünyada gedən iqtisadi meyillər haqqında dolğun məlumat əldə etməyə geniş imkan verir: “Mən 2007-ci ildən başlayaraq artıq 14-cü dəfədir ki, Davosda bu forumun İllik toplantısında iştirak edəcəyəm. Dünya İqtisadi Forumu Azərbaycan reallıqlarını beynəlxalq ictimaiyyətə təqdim etmək üçün gözəl bir platforma olmaqla yanaşı, dünyada baş verən iqtisadi meyillər haqqında dolğun məlumat əldə etməyə imkan yaradır. Bu bizə islahatları davamlı şəkildə aparmağa, ölkəyə xarici investisiyaları cəlb etməyə imkan verir”.

Həqiqətən də Azərbaycanın həyata keçirdiyi bu islahatlar nəticəsində 2007-ci ilin əvvəli ilə müqayisədə 2019-cu ildə ölkə iqtisadiyyatının həcmi 80 faiz, o cümlədən qeyri-neft sektorunun həcmi 2,1 dəfə, strateji valyuta ehtiyatları 13 dəfə artıb, ölkədə yoxsulluq səviyyəsi 4 dəfədən çox, işsizlik səviyyəsi isə əhəmiyyətli dərəcədə azalaraq 4,9 faizə çatıb.

Dünya Bankının “Doing Business 2019” hesabatlarında Azərbaycan dünyanın lider islahatçı ölkəsi olaraq tanınıb. Hesabatlarda göstərilib ki, 2007-ci ildən keçən dövr ərzində ölkəmizə 111 milyard dollardan çox xarici investisiya cəlb olunub. Bu da mühüm layihələrin reallaşdırılması ilə yanaşı, iqtisadiyyatın bütün sahələrində irəliləyişlər reallaşıb.

Əgər Davos İqtisadi Forumunun açıqladığı “Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan 2006-2007-ci ildə 64-cü yerdə idisə, 2017-2018-ci ildə 137 ölkə arasında 35-ci yerə qədər yüksəldi. 2019-cu ildə isə Azərbaycan “Əhalinin elektrik təchizatı səviyyəsi” üzrə dünyada 2-ci yer tutan ölkələr sırasında, “Hökumət tənzimləməsinin yükü” və “Əcnəbi işçilərin işə qəbulunun asanlığı” üzrə 3-cü yerdə, “Hökumətin dəyişməyə cavabdehliyi” üzrə 5-ci yerdə, “Biznesə başlama üçün tələb olunan günlərin sayı” üzrə 8-ci yerdə, “Hökumətin uzunmüddətli strategiyası” üzrə isə 10-cu yerdə qərarlaşdı.

Bir vaxtlar elektrik enerjisi idxal edən bir ölkə bu gün dünyanın əsas enerji ixracatçısıdır. Avrasiyanın nəqliyyat mərkəzlərindən birinə çevrilən ölkəmiz bu gün Şimaldan Cənuba və Şərqdən Qərbə yüklərin daşınmasında mühüm nəqliyyat qovşağıdır. 2017-ci ilin oktyabr ayından istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu, 2018-ci ilin may ayından fəaliyyətə başlayan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı bu istiqamətdə həyata keçirilən proseslərə böyük töhfə verir.

Ötən 16 il müddətində Azərbaycan enerji layihələrini də uğurla həyata keçirməyə davam edib. Avropaya qaz təchizatının şaxələndirilməsi istiqamətində Avropanın səylərinə dəstək verən Azərbaycan Cənub Qaz Dəhlizi layihəsinin reallaşmasına nail olub. Uzunluğu 3500 kilometr olan bu layihə Xəzər regionundan qaz təchizatını Avropa bazarlarına birləşdirməklə bütün regionun enerji xəritəsini dəyişir. Bu layihə Avropaya qazın nəqlinə alternativ kimi deyil, Avropaya qaz təchizatının şaxələndirilməsi məqsədilə həyata keçirilib. Ümumi kapital qoyuluşu 40 milyard dollar olan bu layihə 4 hissədən ibarətdir - “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP. Bu il layihə tam olaraq fəaliyyətə başlayacaq.

Dövlət başçısı vurğulayıb ki, Dünya İqtisadi Forumu ilə fəal və səmərəli əlaqələri yüksək qiymətləndirən Azərbaycan bu platformada əməkdaşlığın inkişaf etdirilməsi və daha da irəli aparılması üçün göstərilən səyləri dəstəkləməkdə bundan sonra da davam edəcək.

Elçin Zaman, “İki sahil”