13 dekabr 2019 20:16
1082

Dayanıqlı inkişaf hüquqi islahatların davamlılığını şərtləndirir

Aparılan son islahatlar hakimiyyətin bütün qollarının səmərəliliyinin artırılmasını təmin edəcək

1995-ci ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanan və referendum yolu ilə qəbul olunan müstəqil dövlətimizin ilk Konstitusiyası insan hüquqlarının, fikir plüralizminin, söz və məlumat azadlığının, vətəndaş cəmiyyəti institutlarının formalaşdırılması və inkişafına etibarlı zəmin yaratdı. Sənəddə əksini tapan maddələrin üçdə iki hissəsinin insan hüquq və azadlıqlarının qorunmasına xidmət etməsi də bu diqqət və qayğıdan irəli gəlir. Amma zaman-zaman təkmilləşmə, Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi bir daha bu reallığı ortaya qoyur ki, müasirləşmə, yeniləşmə dövlətin siyasətinin əsasını təşkil edir. Ən əsası insan hüquq və azadlıqlarının qorunması, yeni müdafiə mexanizmlərinin müəyyənləşləşdirilməsi prioritet məsələlərdəndir. Təbii ki, bugünümüzün uğurlarını düzgün dəyərləndirmə dünənə bir baxış keçirməyi bir zərurətə çevirir.

Son 16 ildə ulu öndər Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi digər istiqamətlərdə olduğu kimi, demokratik,  hüquqi cəmiyyətin möhkəmləndirilməsi sahəsində də  atılan addımların davamlılığından aydın görünür. Dövlətimizin başçısı İlham Əliyev bildirir: “Biz qanunun aliliyinin təmin olunduğu, yüksək səviyyədə şəffaflıq olan, hər bir insanın sülh və əmin-amanlaq şəraitində yaşadığı və bütün azadlıqlardan istifadə etdiyi cəmiyyət qururuq.” Bu fikir də hər zaman önə çəkilir ki, demokratikləşmə sadəcə bir şüar, niyyət deyil, ölkənin hərtərəfli inkişafının əsasıdır. İqtisadi cəhətdən güclü olan ölkədə demokratiya, şəffaflıq yoxdursa, insan hüquqları yüksək səviyyədə qorunmursa, uğurdan danışmaq qeyri-mümkündür. Bu fonda cənab İlham Əliyev bildirir ki, elə ölkələr var ki, onlarda demokratik inkişafın səviyyəsi yüksəkdir, amma iqtisadi tərəqqidən danışmaq mümkün deyil. Elə ölkələr də var ki, onlarda iqtisadi tərəqqi yüksəkdir, amma demokratik inkişafdan danışmaq mümkünsüzdür. Ölkəmizdə isə iqtisadi və siyasi islahatların vəhdətliyinin qorunması uğurların davamlılığında əsas amillərdən biridir.

Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə 18 iyunun ölkəmizdə İnsan Hüquqları Günü kimi təsis edilməsi insan amilinə verilən yüksək dəyəri bir daha ortaya qoyur. Baxmayaraq ki, Azərbaycana qərəzli mövqeləri ilə diqqət çəkən beynəlxalq hüquq müdafiə təşkilatları daim ölkəmizi demokratik inkişaf baxımından “qeyri-azad” ölkələr sırasında qeyd edir. Qərəzli mövqeləri ilə diqqət çəkən həmin təşkilatlar Azərbaycanda guya insan hüquqlarının kobud şəkildə pozulduğunu, azad mətbuatın boğulduğunu, korrupsiyanın hökm sürdüyünü, neft-qaz gəlirlərinin mənimsənildiyini iddia edərək açıq-aşkar bu kimi əsassız fikirlərin mənbələrinin daxili bədxahlarımız olduğunu qabarıq şəkildə büruzə verirlər. Əvvəldə də qeyd etdiyimiz kimi, qəbul olunan hər hansı qanun, həmçinin Konstitusiyamız dəyişməz kimi qəbul edilmir, mütəmadi olaraq zamanın, dövrün tələblərinə uyğun olaraq təkmilləşdirilir. Son 24 ildə, yəni Konstitusiyanın qəbulundan ötən dövr ərzində 3 dəfə keçirilən ümumxalq səsverməsinə çıxarılan əlavə və dəyişikliklərə diqqət yetirsək görərik ki, onların bir qismi insan hüquq və azadlıqlarının qorunmasına, yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsinə, bir qismi isə idarəçilik sistemində təkmilləşməyə xidmət edir. Lakin istər daxili, istərsə də xarici anti-Azərbaycan qüvvələrin göstərdikləri cəhdlərin əsasında nə yolla olursa-olsun ictimai fikri çaşdırmaq, ölkədə həyata keçirilən konstitusion islahatların bütövlükdə ölkənin hərtərəfli inkişafına, ən əsası insanların sosial müdafiəsinin gücləndirilməsinə xidmət etdiyini bilərəkdən, bunun əksini təbliğ etməkdən ibarətdir. Digər tərəfdən, dövlətimizin korrupsiya ilə mübarizə sahəsində atdığı addımlar və onların uğurlu nəticələri göz önündədir. Neft gəlirlərinin idarə olunmasında şəffaflıq prinsipinin qorunması missiyasını yerinə yetirən Dövlət Neft Fondunun vəsaitləri hesabına həyata keçirilən sosial-iqtisadi layihələr ümumilikdə ölkəmizin davamlı inkişafına yönəlib. Qurum hər zaman şəffaflıq kriteriyaları üzrə nümunəvi dəyərləndirilib. Dövlətimizin başçısı İlham Əliyev İsrafil Məmmədovu yeni vəzifəyə - Dövlət Neft Fondunun icraçı direktoru təyin olunması ilə əlaqədar qəbul edərkən “Şəffaflıq bizim şüurlu seçimimizdir” söyləyərək bu əminliyi ifadə etmişdir ki, müsbət dinamika davam edəcək.

Ölkəmizdə demokratikləşmə prosesinin sürətlənməsi iqtisadi tərəqqini şərtləndirir. Azərbaycanla Avropa Şurası arasında əlaqələrin son 16 ildə uğurla davam etməsi də demokratik islahatların zamanın tələbinə uyğun təkmilləşməsindən irəli gəlir.   Dövlətimizin başçısı daim bu fikri bildirir ki, bu və ya digər beynəlxalq təşkilatlara qəbul olunmaqda məqsəd Azərbaycanın dəyərlərini dünyanın qabaqcıl ölkələrinin meyarlarına uyğunlaşdırmaqdır. Atılan addımlar hansısa təşkilata, dövlətə xoş gəlmək deyil, ölkənin uğurlu gələcəyi üçündür.

Bugünümüzün reallığı budur ki, Azərbaycan davamlı inkişaf yolunda inamla irəliləyir. Bu yeniliklərin hüquq sistemində öz əksini tapması zamanın tələbinə çevrilib. Məlum olduğu kimi, 2009-cu ilin martında keçirilən referendumda Milli Konstitusiyamızın 29 maddəsinə edilən 40-a yaxın  əlavə və dəyişikliklər sırasında “Dövlətin ali məqsədi” maddəsinə edilən əlavə bir daha insan amilinə verilən dəyəri açıqladı. Həmin maddədə bildirilirdi ki, dövlətin məqsədi insan hüquq və azadlıqların qorunması ilə yanaşı, onları yüksək həyat şəraiti ilə təmin etməkdir.

Göründüyü kimi, vətəndaşlarına layiqli həyat səviyyəsini təmin etməyi özünün ali məqsədi kimi bəyan edən Azərbaycan dövləti bu sahədə fundamental islahatların mütəmadi olaraq həyata keçirilməsində maraqlıdır və bu baxımdan konstitusion islahatların aparılmasında insan faktoru, onun hüquq və azadlıqlarının məzmun etibarilə daim inkişaf etdirilməsi, daha səmərəli təminatlarının və müdafiə mexanizmlərinin tətbiqi zərurəti başlıca amil olaraq qalır. Politoloqlar, siyasi ekspertlər, hüquqşünaslar  bildirirlər ki, müstəqil dövlətimizin ilk Konstitusiyası qəbul olunduğu dövrdə ən təkmil konstitusiyalardan biri olmuşdur. Lakin cəmiyyət və dövlət həyatında baş verən fundamental dəyişikliklər, demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində həyata keçirilən uğurlu islahatlar, insanın, onun hüquq və azadlıqlarının ali dəyərlər kimi tanınması, bu sahədə beynəlxalq hüquq normalarının üstünlüyünün qəbul olunması, Azərbaycanın dünyaya sürətli inteqrasiyası, beynəlxalq təşkilatlara bərabərhüquqlu üzv olması, dünya dövlətləri ilə beynəlxalq hüquq prinsipləri çərçivəsində səmərəli əməkdaşlıq göstərməsi, ölkə iqtisadiyyatının surətli inkişafı və onun dünya iqtisadiyyatının ayrılmaz tərkib hissəsinə çevrilməsi, elmi-texniki tərəqqinin nailiyyətlərinin həm cəmiyyətin siyasi idarəçilik mexanizminin, həm də dövlətin iqtisadi inkişafınin təmin olunmasına təsirinin yüksək dəyərləndirilməsi və sair kimi əhəmiyyətli məsələlər ötən dövrdə üç dəfə əlavə və dəyişikliklərin edilməsi məqsədilə ümumxalq səsverməsinin keçirilməsini zəruri etmişdir. 24 avqust 2002-ci ildə Konstitusiyanın 24 maddəsində 32, 18 mart 2009-cu ildə 29 maddəsində 41, 26 sentyabr 2016-cı ildə 23 maddəsində 34 əlavə və dəyişiklərin, həmçinin 6 yeni maddənin əlavə edilməsi həyata keçirilmişdir. 2016-cı ildə keçirilən ümumxalq səsverməsi idarəçilik sistemində təkmilləşməyə xidmət edən vitse-prezidentlik institutunun yaradılması, prezidentlik müddətinin 7 ilə uzadılması, gənclərin potensial imkanlarını ortaya qoymaq, idarəçilik sistemində təmsil olunmalarına şəraitin yaradılması üçün yaş məhdudiyyətlərinin aradan götürülməsi, eyni zamanda, ölkə Prezidentinə Milli Məclisin buraxılması səlahiyyətlərinin verilməsi və sair kimi əlavə və dəyişikliklərin dəstəklənməsi ilə yadda qaldı. Ümumilikdə hər bir əlavə və dəyişiklik ölkənin hərtərəfli inkişafına, insan amilinə dəyərə hədəflənmiş əlavələrdir.

Dövlətimizin başçısı İlham Əliyevin 3 aprel 2019-cu il tarixli “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanında da qeyd olunduğu kimi, ölkəmizin davamlı tərəqqisinin təmin edilməsi üçün bütün sahələrdə həyata keçirilən islahatlar məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanmasını və bu sahədə islahatların dərinləşdirilməsini zəruri edir. Müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirmək məqsədilə məhkəməyə müraciət imkanları daha da genişləndirilməli, məhkəmələrin fəaliyyətində şəffaflıq artırılmalı, məhkəmə icraatının effektivliyi yüksəldilməli, məhkəmə qərarlarının tam və vaxtında icra edilməsi təmin olunmalı, süründürməçiliyin və digər neqativ halların aradan qaldırılması üçün görülən tədbirlər gücləndirilməlidir. Həmçinin ədalət mühakiməsi mexanizmlərinin effektiv fəaliyyətinin təmin edilməsi üçün hakim və məhkəmə aparatı işçilərinin sosial müdafiəsi daha da yaxşılaşdırılmalı, müvafiq infrastrukturun yenilənməsi işləri davam etdirilməli, məhkəmə icraatında müasir informasiya texnologiyalarının tətbiqinin üstünlüklərindən hərtərəfli istifadə edilməli, digər mühüm məsələlər həll olunmalıdır. Ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılması məqsədilə imzalanan bu sənəd demokratik inkişaf, şəffaflığın təminatı istiqamətində atılan mühüm addımların tərkib hissəsi kimi dəyərləndirildi. Fərmanda əksini tapan əsas maddələrdən biri məhkəmə hakimiyyətinin nüfuzunun artırılması və cəmiyyətdə məhkəmələrə etimadın möhkəmlənməsi üçün fəaliyyətlərində ədalət, qanunçuluq, qərəzsizlik, aşkarlıq, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi, Konstitusiya və qanunlarda təsbit edilmiş ədalət mühakiməsinin digər prinsiplərinə dönmədən əməl edilməlidir.

Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi yeni inkişaf konsepsiyası ölkəmizin qarşısında böyük perspektivlər açır. Keyfiyyətcə yeni mərhələdə ölkə Prezidenti vətəndaş cəmiyyətinin yaradılmasını, demokratikləşmə prosesinin möhkəmlənməsini Azərbaycanın hərtərəfli inkişafı üçün başlıca şərt hesab edərək bildirir: “Siyasi və iqtisadi islahatların davam etdirilməsi zamanın tələbidir. Əgər biz doğrudan da müasir, güclü ölkə yaratmaq istəyiriksə, bunu etməliyik. Bu işdə həm dövlətin üzərinə böyük vəzifələr düşür, eyni zamanda, Milli Məclisin üzərinə də böyük məsuliyyət düşür. Biz birlikdə buna nail olmalıyıq.” Siyasi sistemin dünya standartları səviyyəsinə yüksəldilməsi ölkənin iqtisadi qüdrətinin artması və demokratik proseslərin dərinləşməsi məqsədilə yeni qanunların qəbulu və qüvvədə olan aktların təkmilləşdirilməsini zərurətə çevirir ki, buna yeni, müasir parlamentin formalaşması ilə nail olmaq mümkündür. Yeni Azərbaycan Partiyasının  parlamentin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsünün ölkə ictimaiyyəti tərəfindən dəstəklənməsi, həmçinin dövlətimizin başçısı İlham Əliyevin Fərmanı ilə gələn il fevralın 9-na növbədənkənar parlament seçkilərinin təyin edilməsi davamlı inkişafa yönələn addımların əsas tərkib hissələrindəndir.

Müstəqil Azərbaycanın bütün sahələr üzrə qanunvericilik bazası mövcuddur. Qəbul olunmuş Konstitusiya qanunları, məcəllələr, qanunlar, təsdiq edilmiş konvensiyalar, sazişlər cəmiyyət və dövlət həyatında yaranan münasibətləri tənzimləməyə xidmət edir. Qanunvericilik fəaliyyətində bəşəri dəyərlər milli dəyərlərimizlə üzvi surətdə əlaqələndirilir. Yeni, müasir parlamentin formalaşması qarşıdakı dövr üçün müəyyənləşdirilən hədəflərə yüksək səviyyədə nail olmaq üçün təkmil hüquqi əsasların formalaşdırılmasında əhəmiyyətli rol oynayacaq.

Yeganə Əliyeva, “İki sahil”