21 noyabr 2019 20:46
818

Demokratiyadan dəm vuranlar xaricdəki özbaşınalıqları niyə görmürlər?

Məlum olduğu kimi, Azərbaycanda dağıdıcı müxalifət düşərgəsi hər zaman başqa ölkələrdə baş verən siyasi prosesləri dilə gətirir və bundan hakimiyyət əleyhinə istifadə edir. Hər zaman demokratiyadan, sərbəst toplaşmaq azadlığından, insan hüquqlarından dəm vuran bu düşərgə təmsilçiləri keçirdikləri icazəsiz mitinqlərdə polisin qanuni davranışını hüquqdan kənar elan edirlər. Lakin başqa ölkələrdəki polisin müdaxiləsini görməməzlikdən gəlir. Elə müqayisə üçün Gürcüstandakı etiraz aksiyalarına diqqət yetirmək kifayətdir. Təkcə onu qeyd edə bilərik ki, Gürcüstan parlamentinin qarşısına toplaşan müxalifət nümayəndələri qanundan kənara çıxan kimi polislər su şırnaqlarından, gözyaşardıcı qazlardan istifadə edərək onları ərazindən uzaqlaşdırdı.

Siyasi ekspert Azər Həsrət sözügedən məsələ ilə bağlı qəzetimizə açıqlamasında bildirdi ki, radikal müxalifətin bu cür yanaşması birmənalıdır: “Yəni, onlar nə olursa olsun Azərbaycanı tənqid etməyi üstün tuturlar. Bu adamlar dünya dağılsa, yer-yerindən oynasa belə, ən azından bizə qonşu olan dövlətlərdə baş verən hadisələrə demokratiya donu geyindirmək üçün dəridən qabıqdan çıxırlar. Hətta İranda, Gürcüstanda baş verən hadisələri belə demokratiyanın bir təzahüri kimi qiymətləndirməkdədirlər. Halbuki, həmin ölkələrdə baş verən şiddət, vətəndaşlara, dinc etirazçılara qarşı dövlətin atdığı addımlar göz önündədir. Müqayisə üçün Azərbaycanda baş verən hadisələri göstərə bilərik. Bunların icazəsiz, qanunsuz, yaxudda ki, sanksiyalaşdırılmamış küçə aksiyaları zamanı Azərbaycan polisi kifayət qədər nəzakətli, təmkinli davranır. Mümkün qədər gücdən istifadə etməməyə çalışır. Yəni, qanun çərçivəsində tədbirlər görür. Sözsüz ki, bu tədbirlər dünyanın heç bir  inkişaf etmiş ölkələrində bu qədər nəzakətli bir səviyyədə həyata keçirilmir. Amma bizim “radikallar” Azərbaycanda olanları diktatura, vətəndaşa qarşı şiddət, zorakılıq kimi qiymətləndirir. Ancaq digər ölkələrdə şiddəti demokratiyanın təzahüri kimi qiymətləndirirlər. Yəni, bu adamlar ikilistandartalara söykənirlər, onların məqsədi iddia etdikləri kimi, guya Azərbaycanda demokratiya, insan haqlarının olmamasıdır”.

“Dağıdıcı müxalifətin məqsədi Azərbaycanı gözdən salmaq, ölkə hakimiyyətini xalqla qarşı-qarşı qoymaqdır. Amma hər zamankı kimi yenədə yanılırlar. Çünki ölkəmizdə xalq ilə hakimiyyət arasındakı bağlar o qədər möhkəmdir ki, xalq hakimiyyətinə o qədər bağlıdır ki, bu bağlılığı qıra bilməyəcəklər”, deyə ekspert bildirdi.

Mənsumə Babayeva,   “İki sahil”