02 iyun 2020 13:34
780

Deputat Asiya İnkişaf Bankından danışdı

Asiya İnkişaf Bankının Azərbaycandakı islahatları dəyərləndirməsi beynəlxalq qiymət kimi xarakterizə edilməlidir

Dünyanın aparıcı maliyyə qurumlarından biri olan Asiya İnkişaf Bankı (ADB) Azərbaycanın əsas tərəfdaşlarından biridir. Nəzərə alsaq ki, 2015-ci ildən etibarən Azərbaycanla ADB arasındakı münasibətlərin dərinləşməsi müşahidə olunur. ADB Azərbaycanın təşəbbüsü ilə reallaşan bir sıra regional layihələrin maliyyələşdirilməsində iştirak edib. Bank ölkəmizdə infrastruktur layihələrinə birbaşa dəstək verən maliyyə qurumlarındandır. Bu baxımdan Azərbaycan Asiya İnkişaf Bankı ilə münasibətlərə xüsusi önəm verir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

O bildirib ki, Asiya İnkişaf Bankının təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevlə bankın prezidenti Masatsuqu Asakava, vitse-prezidenti Şiksin Çen və bankın rəhbərliyinin digər nümayəndələri arasında keçirilən videokonfransda ölkəmizin həm pandemiya, həm prepandemiya dövründə iqtisadi aktivliyi qoruyub saxlayan ölkələrdən olduğu qeyd edilib. Ölkəmiz pandemiya dövrünə yüksək iqtisadi inkişaf göstəriciləri ilə daxil olub. Bu ilin 4 ayının yekunlarında qeyri-neft sektorunda 16 faiz, bütövlükdə ümumi daxili məhsulda 0,2 faiz artım qeydə alındığını müşahidə etdik. Nəzərə alsaq ki, əksər inkişaf etmiş ölkələrin iqtisadiyyatında azalma qeydə alınmışdı. Bu baxımdan Azərbaycan pandemiya dövründə də iqtisadi artım tempini qoruyub saxlaya bilib.

“Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşan siyasət bir tərəfdən pandemiyanın təsirlərinin minimumlaşdırılması, eləcə də vətəndaşlarımızın sağlamlığının qorunmasına xidmət edir, digər tərəfdən isə imkan verir ki, pandemiya dövründə sahibkarlar, muzdla çalışanlar və işləməyən vətəndaşlarımız dövlət dəstəyindən yararlana bilsinlər. Bu kontekstdən də Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən Azərbaycan pandemiyaya qarşı mübarizədə effektli mübarizə aparan ölkələrdən biri kimi qiymətləndirilib. ADB tərəfindən də ölkəmizdə həyata keçirilən islahatların qiymətləndirilməsi kifayət qədər təqdirəlayiqdir. Asiya İnkişaf Bankı tərəfindən Azərbaycanda, xüsusən də qeyri-neft sektorunun inkişafı ilə bağlı aparılan islahatların dəyərləndirilməsi və ölkəmizin başçısının rəhbərliyi ilə həyata keçirilən siyasətin xüsusi vurğulanması aparılan islahatlara beynəlxalq qiymət kimi xarakterizə edilməlidir. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, növbəti dövrlərdə də islahatların dərinləşməsi, xüsusən də qeyri-neft sektorunun inkişafı ilə bağlı tədbirlər davam etdiriləcək. Bu da imkan verəcək ki, Azərbaycan postpandemiya dövründə əsas iqtisadi artımını qeyri-neft sektorundakı artım hesabına formalaşdıra bilsin. Bu da təbii ki, iqtisadiyyatın inklüzivliyi və dayanıqlılığı baxımından çox vacibdir. Son müzakirədə Azərbaycanda dərinləşmiş islahatların davam etdirilməsi ilə bağlı siyasi iradə bir daha nümayiş olundu. Bu, növbəti dövrlərdə iqtisadiyyatın şaxələnməsi və sahibkarlığın inkişafı ilə bağlı genişləndirilmiş islahatların davam edəcəyindən xəbər verir”, - deyə V.Bayramov qeyd edib.