14 noyabr 2019 14:39
614

Deputat: Dövlət büdcəsinin xərclərinin 38,5 faizi sosial sahəyə ayrılacaq

“Dövlət büdcəsinin xərc hissəsində 38,5 faiz sosial xərclərə ayrılacaq: “Bu kifayət qədər olduqca böyük bir rəqəmdir və ilk dəfə olaraq bu həcmdə sosial xərclərə vəsait ayrılır. Əvvəlki ilin dövlət büdcəsində sosial xərclərin payı 31,5 faiz təşkil edirdi. Nəzərə alsaq ki, Azərbaycanda 2019-cu ildə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən iki mühüm sosial paket hayata keçirilmişdi. Bunların nəticəsində minimum əmək pensiyalarının, minimum əməkhaqqlarının artması bütövlükdə ölkədə əmək ödənişinin orta səviyyəsinin artması həm növbəti ilin büdcəsində daha çox xərclərin bu istiqamətə yönəldilməsinə, həm də bu addımların davam etdirilməsinin maliyyələşdirilməsi məqsədi daşıyır.”

Bu fikirləri dövlət büdcəsi haqqında qanun layihəsini şərh edən Milli Məclisin deputatı Tahir Mirkişili “İki sahil”ə açıqlamasında bildirib.

“Nəzərə alsaq ki, 2020-ci ilin yanvarın 1-dən həm minimum əmək pensiyalarının indekisasiyası, həm də digər əməyin ödənişlərin artırılması planlaşdırılır. Bu cəhətdən həmin maliyyə mənbələrinin indidən nəzərdə tutulması növbəti ildə insanların maddi rifah halının daha da yaxşılaşdırılmasına imkan verəcək.” Deyə T.Mirkişili əlavə edib.  

Milli Məclisin deputatı 2020-ci ilin yanvarın 1-dən ölkədə icbari tibbi sığortanın tətbiqinə başlanacağını mühüm hadisələrdən biri kimi qiymətləndirdi: “Bu məqsədlə də ölkə büdcəsindən 1 milyard manata yaxın vəsait nəzərdə tutulub ki, bu da vətəndaşların tibb və sağlamlıq sahəsində tamamilə yeni bir mərhələnin başlanması deməkdir. Ümumiyyətlə dövlət büdcəsində səhiyyə xərcləri 570 milyon manata qədər, təhsil xərcləri isə 800 milyon manatdan çox artırılıb. Bundan əlavə, sosial xərclərə sosial qayğıya ehtiyacı olan insanların, xüsusilə məcburi köçkünlərin, şəhid ailələrinin, Dağlıq Qarabağ müharibəsi əlillərinin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində əlavə xərclərin ayrılması da nəzərdə tutulub.”

Orxan Vahidoğlu, “İki sahil”