08 aprel 2020 19:24
1117

Deputat: Mövcud vəziyyətdən divident qazanmaq üçün istifadə etmək cəhdləri siyasi simasızlıqdır

Koronavirus pandemiyasına qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlər çərçivəsində bir neçə gün əvvəl Prezident İlham Əliyevin Sərəncamı ilə daha 14,8 milyon manat vəsait ayrıldı. İnvestisiya xərcləri hesabına ayrılan vəsait tibb müəssisələrinə və tibbi avadanlığa artan tələbatın qarşılanması, infeksiyaya yoluxmuş xəstələrin müalicəsinin səmərəli təşkilinə, daha dəqiqi və sadə dillə desək, hər birində 200 çarpayı olan modul tipli 6 xəstəxananın quraşdırılmasına yönələcək. Həmçinin iki gün əvvəl Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsinin açılışında xalqa müraciəti zamanı dövlətimizin başçısı koronavirusla mübarizə tədbirləri üçün ayrılmış 1 milyard manatdan əlavə daha 1,5 milyard manat vəsaitin ayıracağını bəyan etdi. Bildirdi ki, məqsəd Azərbaycanda iqtisadi sabitliyin təmin edilməsi, məşğulluqla bağlı problemlərin öz həllini tapması, həmçinin makroiqtisadi və maliyyə vəziyyətimizin sabitliyinin qorunmasıdır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.

O qeyd edib ki, dövlətin fəaliyyəti və nəticələr göz önündədir. Prezident də qeyd etdiyi kimi, koronavirus xəstəliyi ümumilikdə dünya iqtisadiyyatına böyük problem yaradıb və hətta Beynəlxalq Valyuta Fondunun da hesabatında deyildiyi kimi, koronavirusun yaradacağı böhran 2008-2009–cu illərin böhranından daha ağır olacaq. Bir sözlə, dünya, o cümlədən qlobal məkanın ayrılmaz parçası kimi biz də ciddi sınaqla üzləşmişik. Bütün bunların fonunda problemləri siyasiləşdirmək, ölkədə həm daxildən, həm də xaricdən dəstəklənən qruplar və şəxslər tərəfindən pandemiyanın yaratdığı sosial-iqtisadi şəraitdən siyasi ambisiyalar naminə istifadə olunması cəhdləri mövcuddur.

Deputat əlavə edib ki, tənqid fikir azadlığının göstəricisi olmaqla bərabər, həm də sosial-siyasi sağlamlaşmanın rəhnidir və hər bir fəaliyyəti tənqid etmək olar. Lakin tənqid edərkən mövcud tarixi şərait, ictimai-siyasi və sosial mühit nəzərə alınmalıdır, əks halda, tənqid sağlam mahiyyətini itirib qərəzə və xəstə təfəkkür məhsuluna çevrilərək, cəmiyyətə, həmçinin ayrı-ayrı ictimai statusa malik fərdlərə zərər yetirər. “İndiki halda aksiomdur ki, COVID-19 yalnız Azərbaycanın problemi deyil, bu, dünyanı ağuşuna alan bəladır. Ona görə bu məsələdən siyasi məqsədlərlə istifadə olunması, divident qazanmağa cəhd edilməsi siyasi simasızlıqdır”, - deyə B.Məhərrəmov vurğulayıb.

Onun sözlərinə görə, İtaliya, İspaniya, Almaniya, Böyük Britaniya, ABŞ kimi dövlətlərlə müqayisədə verdiyimiz itkilərin hədsiz azlığı və dövlətin çevik tədbirlər gördüyü bir şəraitdə başda Prezident İlham Əliyev olmaqla Azərbaycan hakimiyyətinin fəaliyyəti təqdirəlayiqdir. Bu baxımdan, qısa müddət ərzində bir neçə xəstəxananın açılışı, yaxın günlərdə daha altısının istifadəyə hazır vəziyyətə gətiriləcəyi, habelə 1 ay ərzində tibbi maska və dezinfeksiya məhsulları istehsal edən müəssisələri açmaqla Azərbaycanın bu sahədə digər ölkələrdən asılılığına son qoyulması alqışlanmalıdır.

“Dövlət üzərinə düşəni edir, bundan sonra da edəcəyinə heç kimin şübhəsi olmamalıdır. Ona görə də cəmi iki həftə səbirli olmaq lazımdır. Nizam-intizamı gözləsək, virusun yayılmasının qarşısını alsaq, həyatımız əvvəlki axarına qayıda bilər. Bilirsiniz ki, epidemiya təhlükəsinə qədər heç bir vətəndaşdan evdə oturmaq tələb edilməyib. Belə olan halda, karantin rejimi və dövlətin gördüyü tədbirlər ətrafında manipulyasiya etmək, vəziyyətdən siyasi məqsədlər üçün istifadə olunması və sadə insanları da alətə çevirmək cəhdləri mənəviyyata və əxlaqa sığmır” , - deyə Bəhruz Məhərrəmov bildirib.

O qeyd edib ki, bu gün dövlətimiz, xalqımız, milli genefondumuz təhlükədədir. Hər birimiz səngərdə bir əsgərik, virusun evimizə, ailəmizə yol tapmasına mane olan, imkan verməyən hər bir soydaşımız özlüyündə bir qəhrəmandır. Bu gün birlik, həmrəylik günüdür. Hər şeyə rəğmən, birliyimizi, gücümüzü hifz edək və Prezident İlham Əliyev də dediyi kimi, unutmayaq ki, biz birlikdə güclüyük.